1 2 3 4 5 6 7 8

Sizə Zəng Edək

E-poçtunuz: Telefon:
Adınız: Soyadınız:

Azərbaycan

Turizm Marşrutları

Bakı və ətrafı

Şimal

Şimal - Qərb

Cənub

Qərb

Naxçıvan

Qarabağ


Bakı və ətrafı




BÖYÜK BAKI

Xəritədə Azərbaycanın təsviri dənizə doğru u&¸an quşa oxşayırsa onun "dimdiyi" - ABŞERON YARIMADASIDIR. Azərbaycanın paytaxtı - qədim və daim cavan olan Bakı şəhəri bu yarımadanın cənub-qərb sahilində yerləşmişdir.

Bakının coğrafi koordinatları belədir: 39 dərəcə 39 dəqiqə - 40 dərəcə 03 dəqiqə şimal en dairəsi, 49 dərəcə 39 dəqiqə - 49 dərəcə 59 dəqiqə şərq uzunluq dairəsi.

Şəhərin əhalisinin sayı təqribən 2 milyon nəfərdir. Bakı inzibati baxımdan Abşeronun qəsəbələrindən (onların sayı 32-dir) ayrılmasına baxmayaraq tarixən bu qəsəbələr paytaxtla istər mədəni və iqtisadi baxımdan, istərsə də məkan etibarı ilə vəhdət təşkil edir. Buna görə də bütün Abşeron yarımadası paytaxtla birlikdə "Böyük Bakı" adlanır.

Abşeronda və Bakıda respublikanın əsas nəqliyyat magistraları - HEYDƏR ƏLİYEV ADINA BEYNƏLXALQ HAVA LİMANI, Bakı buxtasındakı böyük dəniz limanı (yeri gəlmişkən, bu liman bütün Xəzər dənizində ən böyük limandır.), Bakıdakı dəmiryol vağzalı və Respublika paytaxtını regionlarla birləşdirən şosse yolları vardır.

 

Neftin və qazın nəql edilməsi üçün əsas magistral boru kəmərləri də buradan, Abşerondan başlanır. Bakı TRASEKA (Avropa-Qafqaz-Asiya) beynəlxalq nəqliyyat dəhlizinin əsas məntəqəsidir. Bu layihə çərçivəsində Azərbaycan tarixi Böyük İpək Yolu marşrutunun bərpa olunmasında iştirak edir.


İQLİMİ

Abşeron yarımadası dünya okeanı səviyyəsindən 28 metr aşağıda yerləşir. Bakının və Abşeronun iqlimi mülayim- isti, yarımsəhra və çöl iqlimi olub yalnız Abşerona xas olan küləklərlə səciyyəvidir. "XƏZRİ" deyilən şimal küləyi yayda havanı sərinləşdirir, qışda isə hədsiz dərəcədə soyudur. "GİLAVAR" deyilən cənub küləyi yayda isti gətirir, qışda isə soyuğu bir qədər mülayimləşdirir. Ümumiyyətlə müasir Bakının iqlimi bakılıların sevə-sevə becərdikləri bağların və parkların sayəsində xeyli mülayimləşmişdir. XX əsrin əvvəllərində güclü külək və toz əldindən Bakının küçələrinə çıxmaq mümkün deyildi, bu gün isə Bakı ilıq və rahat həyat tərzi ilə seçilən bir şəhərə çevrilmişdir.

FAYDALI QAZINTILAR.

Abşeron yarımadasında neft, qaz, inşaat daşı ("badamdaş" deyilən əhəng daşı), duz, qum və əhəng yataqları vardır. Abşerondakı Masazır, Qala, Böyük Şor, Xoca Həsən duz gölləri çox məşhurdur. Dünyada ən qədim neft quyularının bir qismi Abşeronda yerləşir. Vaxtilə insanlar bu quyulardan nefti verdrələrlə çıxarırdılar. Sənaye üsulu ilə neft çıxarılan ilk quyuların da bir neçəsi buradadır.

TƏBİƏTİN GÖZƏL MÜƏMMASI sayılan PALÇIQ VULKANLARININ sayına və müxtəlifliyinə görə Azərbaycan dünyada birinci yeri tutur. Yer kürəsinin müxtəlif ölkələrində mövcud olan 800 məlum palçıq vulkanından 400-ü cənubi Xəzər neft-qaz hövzəsi hüdurlarında, o cümlədən 300-dən çoxu Azərbaycanın quru ərazisində və Xəzər akvatoriyasında - dənizdə və çoxsaylı adalarda yerləşir.

Dünyada mövcud olan palçıq vulkanlarının bütün müxtəlif növləri Azərbaycanda təmisil edilmişdir. Bu diyarı palçıq vulkanizminin təbii anbarı və laboratoriyası adlandırsaq mübaliğə olmaz. Buna görə də son illərdə vulkanizm, geodinamika və seysmiklik məsələləri üzrə beynəlxalq elmi formlar məhz Bakıda keçirilir.

Palçıq vulkanları ölkəmizə gələn turistlərin də diqqətini get-gedə daha çox cəlb edir. Abşeronun çöllük və qayalıq landşaftı, onun vulkanları planetimizin gənclik dövrünü xatırladır. O vaxt Yer kürəsində nə insan vardı, nə də ay landşaftları. Lakin Azərbaycan vulkanları canlıdır, onlar nəfəs alır…

QOBUSTAN PETROQLİFTLƏRİ - AÇIQ SƏMA ALTINDA MUZEYDİR. Petroqliflər, yəni qayaüstü rəsmlər Yer planetində insanın təkamülünün bədii "arxividir". Bu cür arxivlərin "sənədləri" isə insanın öz mənliyini ətraf aləmə ilk dəfə translyasiya etməsinə bənzəyir. Azərbaycanda açıq səma altında bir neçə bu cür "arxiv" var. Onlardan biri və yəqin ki, ən böyüyü QOBUSTANDA - Bakının yaxınlığındakı BAKI DÖVLƏT TARİXİ-ETNOQRAFİK VƏ BƏDİİ QORUQDA yerləşir. Böyük Qafqaz dağlarının cənub-şərq ətəklərində yerləşən bu qayalı massiv Xəzər dənizinin yaxınlığında, qədim Şirvan yolu boyunca çəkilmiş müasir şosse yolunun üzərindədir. Burada çoxsaylı qayaüstü təsvirlər, qayaların altında yerləşən qədim insan məskənləri və kurqan qəbrləri aşkar edilmişdir. Həyatının 35 ilini Qobustanın öyrənilməsinə həsr etmiş iki arxeoloq - D.Rüstəmov və onun həyat yoldaşı F.Muradova bu fikirdədirlər ki, Qobustan petroqliflərinin ən qədim hissəsi bəşəriyyətin inkişafının ilk dövründə insanın ən nikbin və özünüifadə formasının sadəliyinə baxmayaraq olduqca informativ həyat mənzərəsidir. Onlar təqribən 20 qaya altı məskəni tədqiq etmiş, 40 yaxın kurqanda qazıntı aparmış, üzərində təsvirlər olan 300 yeni qaya və daş aşkar etmişlər. Lakin Qobustan qayaları təkcə insan həyatının ən qədim dövrünün şahidləri deyil. Bu qayalarda regionun 15 min illik həyat tarixi - yuxarı paleolit dövründən orta əsrlərə qədər böyük bir zaman kəsiyi əks olunmuşdur.

Qobustanın ilk tədqiqatçısı arxeoloq İshaq Cəfərzadə 1939-cu ildə bu unikal yerlər barədə ilk dəfə dünya elminə məlumat vermişdir.

Bu gün Qobustanda 4000-dən çox petroqlif (daş üzərində oyma texnikası əsasında çəkilmiş qayaüstü rəsmlər) aşkar edilmişdir. Bu rəsmlərdə heyvan və balıq ovu, məişət səhnələri, kollektiv rəqslər, müxtəlif, o cümlədən solyar rəmzlər (svastika, spirallar, xaç), bürclər, kişilər və qadınlar (maraqlıdır ki, o vaxtlar qadınlar kişilərlə birlikdə ova gedirmiş), ceyran, dağ keçisi, şir, keçi kimi heyvanların təsvirləri, qamışdan düzəldilmiş qayıq, iki təkərli araba və insan izlərinin rəsmləri vardır. Qobustanda qeyri-adi "qablar" - daş üzərində çapılmış və hətta naxışlarla bəzədilmiş oyuqlar salamat qalmışdır. Burada qeyri adi "çalğı alətləri" - güclü səslər verən daşlar da var. Hər daşın öz tembiri olduğuna görə onlara "QAVAL DAŞ" deyilir.

Qobustan qayalarında bizim eranın I əsrində Roma legionerlərinin burada olmasını təsdiq edən əlamətlər də qalmışdır. İşğal edilmək üçün cəlbedici olan bu region romalıların diqqətindən yayılmamışdır. Buradakı qayalardan birinin üzərində 11-ci şimşək legionun romalı senturionları tərəfindən latın dilində bir mətn yazılmışdır. Həmin yazıda göstərilir ki, o dövrdə Romada imperator Domitsian Sezar Avqust Germanik hakimiyyətdə olmuşdur. İndi Qobustan YUNESKO-nun "Dünya irsi" siyahısına daxil olunmaq üçün nominasiya edilmişdir.

ABŞERONUN TARİXİ. Abşeronun coğrafi iqlim və geoloji amilləri sayəsində bütün Abşeron yarımadası və Bakı ərazisi 20.000 il bundan əvvəl məskunlaşmışdır. (Yeni Suraxanı qəsəbəsinin yaxınlığında qədim insan məskənləri aşkar edilmişdir.). Ümumiyyətlə bütün yarımadada qədim insan məskənləri tunc dövrünə və erkən dəmir dövrünə aid kurqanların sayı hesabı yoxdur. Burada həmçinin daşdan yonulmuş, üzərində sujetli rəsmlər çəkilmiş antropomorf fiqurlu qədim qəbristan kompleksləri aşkar edilmişdir (Dübəndi, Türkan, Xaşaxuna, Mərdəkan, Şüvəlan qəsəbələri). Azərbaycanın və Qafqazın heç bir başqa regionunda bu cür komplekslərə rast gəlmək mümkün deyil. Pirallahı adasında, Zığ gölündə, Binəqədidə və Əmircanda qədim insan məskənləri aşkar edilmişdir (e.ə.III-I minilliklər). Bütün bunlar onu göstərir ki, bütövlükdə Abşeron yarımadası hələ qədim vaxtlardan insanların dinc yaşaması üçün onları cəlb edirmiş. Lakin bu yarımadanın geostrateji mövqeyi müxtəlif işğalçıları da buraya cəlb edirdi.

Abşeronda ən böyük qəsəbə MAŞTAĞA kəndidir. Burada tunc dövrünə və dəmir dövrünə aid insan məskənlərinin qalıqlarından əlavə nisbətən sonrakı dövrə aid abidələr də qalmışdır: BİRƏ ARBUTAY məscidi (1414-cü il), XOCA AYDƏMİR məscidi, QAZIXANA, XOCA KƏRBƏLAYI HÜSEYN məscidi (XVIII əsr), XIII-XIV əsrlərdə tikilmiş və sonradan 40 m hündürlüyündə minarə əlavə edilmiş məscid, XVII əsrə aid HAMAM, OVDAN (sututar, XIX əsr); AQİL BABA, XOCA ASLAN, HƏSƏNBƏY, XOCA AYDƏMİR türbələri (XVIII əsr).

Abşeronun QALA kəndində yerləşən "QALA" Bakı Dövlət Tarix-Etnoqrafiya qoruğunda qədim məscidlər, yollar, ovdanlar, qədim qəbristan (XV əsr), hamamlar, tunc dövrünə aid insan məskənləri qorunub saxlanır. Abşeronda çox özünəməxsusluğu ilə seçilən Qala qəsəbəsini bəzən Abşeronun "İçəri şəhəri" adlandırırlar.

Bakıdakı ATƏŞPƏRƏSTLƏR MƏBƏDİ - ATƏŞGAH (Od evi) paytaxt qonaqlarının böyük marağına səbəb olur. SURAXANI qəsəbəsində yerləşən Atəşgah (XVII əsr) qaya üzərində yerləşir. Burada minilliklər boyu yerdən təbii şəkildə çıxan qaz yanmışdır. MƏMMƏDLİ kəndinin yaxınlığında çox maraqlı bir təbii hadisəni müşahidə etmək olar: burada qayanın ətəklərində yerdən çıxan təbii qazlar fasiləsiz yanır. Buna görə də həmin yer "YANARDAĞ" adlanır. Qədim dövrlərdə Abşeronda bu cür yerlər çox olmuşdur.

Abşeronda çox qədim "LEYlər" də aşkar edilmişdir. Malta adasındakı əsrarəngiz "yolların" tam analoqu olan bu LEYlərin çoxu birbaşa dənizin içərisinə uzanıb orada itir…

BAKI. Bu şəhər ən qədim dövrlərdən Xəzər sahilində salınmış ilk dəniz limanlarından biri olmuşdur. Qədim dəniz yollarından biri - Volqa boyunca Həştərxana, oradan da dənizlə Bakıya gələn yoldan istifadə edərək işğalçıların qayıqları və Rusiyadan eləcədə Avropa ölkələrindən dinc ticarət karvanları Bakıya gəlirdi. Tacirlər və səyyahlar buradan yollarına davam edərək cənub-qərbə, Gürcüstan ərazisindən keçməklə Qara dəniz sahilindəki ölkələrə, Şərqə, İrana, Çinə, Hindistana gedirdilər. Azərbaycan Avropa ilə Asiyanın şərti sərhəddində yerləşən bir ölkədirsə, Bakı və Abşeron bu ölkənin əsas darvazalarından biri sayıla bilər. Avropa ölkələrinin sakinləri Asiya ilə daha yaxından tanış olmaq üçün bu darvazadan keçməli olurdular. Avropaya can atan Asiya və uzaq Şərq ölkələrinin sakinləri isə Bakıdan da yan keçmirdilər. Böyük İpək Yolunun bir şaxəsi buradan keçirdi.

Bəzi yazılı mənbələrdə qədim Qafqaz Albaniyasında BARUKA adlı bil şəhər barədə məlumat verilir. Alimlərin fikrincə, bu ad Bakıya aiddir. Qədim dövrün müxtəlif yazılı mənbələrində Bakı şəhərinin Baqavan, Atəşi Baqavan, Bakux, Bakuya, Bad-Kubə, Bakı və Baka kimi qədim adlarına rast gəlmək olar.

Şirvanşahlar dövlətinin yarandığı dövrdə Bakının əhəmiyyəti daha da artdı. XII əsrdə baş vermiş güclü zəlzələ nəticəsində Şamaxı ciddi zərər çəkdi və bundan sonra arvadı və uşaqları həlak olmuş Şirvanşah I Axisitan Şirvan dövlətinin paytaxtını Bakıya köçürdü. Beləliklə Bakı Şirvanın əsas şəhərlərindən birinə çevrildi. Şirvanşah öz yeni paytaxtında İçəri şəhərin qala divarlarını ucaltdı, bu divarların dövrəsində xəndək qazdırdı. Şəhərin əhalisi sənətkarlıqla məşğul olur - xalça, mis və tunc qab-qacaq, silah hazırlayardı. Bu xalq sənəti nümunələrinin çoxu indi dünyanın müxtəlif ölkələrinin muzeylərində saxlanılır. Bakı Xəzər dənizində strateji limana çevrildi, bu isə onun daha da tərəqqi etməsi üçün əlverişli şərait yaratdı.

Şirvanşahlar Xəzərdə güclü donamma yartmışdırlar. Şirvanşah I XƏLİLULLAHIN hakimiyyəti dövründə (1417-1462) Bakıda çox böyük tikinti işləri aparılır, iqtisadiyyat və mədəniyyət möhkəmlənirdi. 1501-ci ildə ŞAH İSMAYIL SƏFƏVİ Bakını fəth etdi. ŞAH TƏHMASİBİN dövründə (1538-ci il) Şirvanşahlar dövləti SƏFƏVİLƏR dövlətinin tərkibinə daxil oldu. XVIII əsrdə bu dövlət parçalanandan sonra burada müstəqil BAKI XANLIĞI yarandı.

Həmin dövrdə Rusiya imperyasının Qafqaza geopolitik marağı çox güclənmişdi. Bu baxımdan, Bakı xüsusi əhəmiyyət kəsb edirdi. Rusiya çarı I PYOTR Xəzərə yürüş etdi. 1723-cü ildə o, Xəzərə ekspedisiya göndərdi və həmin ildə Pyotrun qoşunları Bakı, Şamaxı, Şirvan, Dərbənd və İranın Xəzəryanı şəhərləri də daxil olmaqla bütün Xəzəryanı bölgəni tutdular. Rusiya ilə İran arasında gedən müharibələr 1813-cü ildə GÜLÜSTAN SÜLH MÜQAVİLƏSİNİN bağlanması ilə başa çatdı. Həmin müqaviləyə əsasən Azərbaycan iki hissəyə parçalandı: şimal hissə Rusiyanın, cənub hissə isə İranın əlinə keçdi.

BAKININ ABİDƏLƏRİ. Bakıdakı tarixi abidələr arasında ən çox maraq doğuran - üç tərəfdən böyük qala divarı ilə əhatə olunmuş qədim İÇƏRİŞƏHƏRDİR. ŞİRVANŞAHLAR SARAYI və ona aid müxtəlif tikililər kompleksi (məqbərə, saray məscidi, divanxana, saray hamamı, saray alimi Seyid Yəhya Bakuvinin məqbərəsi (Dərviş turbəsi)) burada yerdəşir. Şirvanşahlar sarayı Şirvanşah I Xəlilullah (1417-1462-ci ildər) və onun oğlu Fərrux Yasər (1962-1501) tərəfindən tikilmişdir. İÇƏRİŞƏHƏRDƏKİ qədim abidələrdən CÜMƏ MƏSCİDİ də maraq doğurur. Bu məscidin binasında SULTAN OLCAYTUNUN (XIII əsr) yazdığı bir mətn qalmışdır. İÇƏRİŞƏHƏRİN küçələri çox darısqaldır. Bəzən evlər arasındakı keçid o qədər ensizdir ki, insan əllərini yanlara açanda bütün küçəni tutmuş olur. Buradakı çoxsaylı balaca dükanlarda xalq sənətkarlarının əl işi olan qədim və müasir məmulatlar xalçalar, keramika məhsulları, mis qablar və s. əşyalar almaq mümkündür. İçəri şəhərdəki qədim Karvansara binasındakı restoranlarda Azərbaycan milli mətbəxti ilə tanış ola bilərsiniz.

Şəhərə onun yuxarı hissəsindən - dağüstü parkdan və ya dəniz tərəfidən baxanda Bakı qayalı təpələrin yamaclarında yerləşən amfiteatra oxşayır. O, dəniz sahilindəki piyaləni xatırladır. İçəri şəhərin kənarında böyük BAKI BULVARININ yanında ölkəmizin ən əhəmiyyətli tarix-memarlıq abidələrindən biri Bakının rəmzinə çevrilmiş QIZ QALASI ucalır.

QIZ QALASI XII əsrə aid edilir. Alimlərin fikrincə, bu qala hərbi və müdafiə təyinatlı olmuşdur və Azərbaycanın şimal sərhədlərindən - Dərbənd qalasından başlanan bütöv bir hərb - müdafiə tikililəri kompleksinin bir hissəsindir. Gilgilçay müdafiə istehkamları kompleksi dənizdən başlanırdı. Çıraqala dağlarındakı böyük qüllə ilə başa çatan bu sədd boyunca çoxlu qalalar ucaldılmışdır.

Lakin alimlər hələ QIZ QALASININ bütün sirlərini aça bilməmişlər. Məsələn, bu qalanın daha əvvəl tikilməsi barədə faktlar vardır. Bakılıların çoxu ölkəmizin tarix və memarlığının unikal nümunəsi olan QIZ QALASINI təkcə dini, müdafiə və elmi (astronimik) baxımdan deyil həm də ezoterik baxımdan çox əhəmiyyətli hesab edirlər. Buna görə də şəhər folklorunda həm QIZ QALASININ özü, həm də onun adı haqqında çoxlu rəvayətlər var.

Həmçinin belə hesab edirlər ki, bir vaxtlar Bakının yaxınlığında dənizin içində Qız qalasına oxşayan daha bir qüllə olmuşdur. Dəqiq məlum olan isə budur ki, 1235-ci ildə Şirvanşah III Fariyburz Bayıl buxtasının qayalı adılarının birində (müasir Bakının ucqar guşəsi olan Bayıl buxtası Bakıda ən qədim neftçıxarma rayonudur) istehkam ucaltmışdır. Burada uzunluğu 180, eni 40 m olan qeyri-düzgün formalı düzbucaqlı şəkilndə bir qəsr vardır. Qəsrin dövrəsinə qalınlığı 1,5-2 m olan qala divarı çəkilmiş, divarda 15 keşikçi qülləsi düzəldilmişdir. Qalanın yuxarı hissəsi boyunca 400 m uzunluğunda mətn yazılmışdır. Bu mətndə Şirvanşahlar sülaləsinin genealogiyası təsvir edilmişdir. Qalanın salamat qalmış daşlarının birinin üzərində yazılmış "Bəndər-i Bakı" ("BAKI LİMANI") sözləri vardır. Bu, şəhərin girəcəyində ucaldılmış dəniz qalası idi. Çünki hələ XII əsrin axırlarında Şirvanşahların güclü donanması vardı. XIII əsrdə monqolar uzun müddət bu qalanı mühasirədə saxlamış, toplardan atəş açaraq qalanı xeyli dağıtmış, lakin onu tuta bilməmişdilər. Bu qəsrli qala sahildən 350 m aralıda yerləşir. 1306-cı ildə baş vermiş zəlzəldən və onun ardınca Xəzərdə suyun səviyyəsi qalxandan sonra həmin ada və oradakı qala suyun altında qalmışdır. Arxeoloji kəşfiyyat zamanı dənizin dibindən üstü yazılı 700-ə yaxın daş, gil qabların fraqmentləri və bütöv qablar, Şirvanşah Kerşasbın (XIII əsr) zərb etdirdiyi mis sikkələr, saxsı boru parçaları tapılıb üzə çıxarılmışdır. İndi həmin daşların bir neçəsi şirvanşahlar sarayının həyətində qoyulmuşdur. Suyun altında qalmış qalanın özü isə "ŞƏHRİ SƏBA", "Səbail qəsri" və ya "Bayıl daşları" adı ilə məşhurdur.

Bugünkü Bakı - Şərqin bənzərsiz gözəllikləri və müasir meqapolisə xas olan cizgilərə malik müasir şəhərdir. Azərbaycanın paytaxtı olan Bakıda bir neçə muzey vardır: Azərbaycan tarixi muzeyi, Ədəbiyyat muzeyi, Musiqi mədəniyyəti muzeyi, Xalça muzeyi, Teatr muzeyi, burada həmçinin müasir Azərbaycan musiqisinin banisi ÜZEYİR HACIBƏYOVUN, məşhur Azərbaycan bəstəkarı NİYAZİNİN, bəstəkar və caz ifaçısı VAQİF MUSTAFAZADƏNİN, Bakıda anadan olmuş dünya şöhrətli musiqiçi MSTİSLAV ROSTROPOVİÇİN, yazıçı və dramaturqlardan HÜSEYN CAVİDİN, CƏFƏR CABBARLININ, MƏMMƏD SƏİD ORDUBADİNİN və başqalarının xatirə muzeyləri, unikal mineatür kitab muzeyi fəaliyyət göstərir.

Paytaxtda çoxsaylı sərgi və konsert salonları, sənət qalereyaları, teatrlar, idman kompleksləri, stadionlar, üzgüçülük hovuzları, otellər və restoranlar vardır.

Bakının dövrəsində Abşeron yarımadasının bütün perimetri boyunca çoxlu çimərliklər var. İlin 5 ayında Abşeron çimərliklərində günəşdən qaralmaq və çimmək mümkündür. Burada günəşli və qızmar günlər çox olur. Yayda havanın istisi azalanda, günəş batandan sonra çimərliklərdə diskotekalar və gecə klubları işləməyə başlayır. Burada Xəzərin sahilindəki çoxsaylı otellər, istirahət evləri və sanatoriyalar turistlərə və dincələnlərə öz xidmətlərini təklif edir.


Şimal

XIZI

XIZI RAYONU Azərbaycanın Quba-Xaçmaz adlanan regionunda yerləşir. Respublikanın dağlıq relyefə malik olan inzibati rayonları arasında Bakıya ən yaxını Xızıdır: Bakı ilə Xızı arasında məsafə cəmi 70 km-dir. Bu bölgədə iqlim mülayim-isti olub yağıntılar az düşür. Rayonun şərq hissəsi Xəzər sahilləridir.

Xızıya gedən yolda, BAKI-ROSTOV şosesindən 10 km aralıda çox maraqlı bir təbii hadisə müşahidə etmək olar: müxtəlif geoloji süxur layları təpəliklərin səthində çox özünə məxsus rəngi ilə seçilən landşaft yaradır. Mütəxəssislər bildirirlər ki, buna oxşar geoloji hadisəyə yer kürəsində buradakından başqa yalnız bir yerdə rast gəlmək olar- ABŞ-dakı Ölüm vadisində.

Respublikanın ən gözəl qoruqlarından biri olan "ALTIAĞAC" qoruğu Xızı rayonunda yerləşir. Onun ərazisinin 90 %-i meşələrdən ibarətdir. Bu qoruq Böyük Qafqazın cənub-şərq yamaclarındakı nadir heyvan və bitki növlərini qoruyub saxlamaq və burada baş verən eroziya proseslərinin qarşısını almaq üçün yaradılmışdır. Şirvanşahların hakimiyyəti dövründə salınmış karvan düşərgələrindən biri burada yerləşirdi. "Altıağac" adının mənası isə "6 ağac" sözləri ilə bağldır: iş burasındadır ki, "Ağac" sözu qədim uzunluq vahidi olub təxminən 7 kilometrə bərabərdir.

Altıağacdan ŞAMAXI şəhərinə qədər məsafə 42 km, yəni "6 ağac" olduğu üçün bu yer belə adlandırılmışdır. Vaxtilə Şamaxını Dərbəndlə birləşdirən qədim karvan yolu buradan keçmişdir. Piyada turizm həvəskarları hələ də buradan MƏRƏZƏYƏ və ŞAMAXIYA turist səfərləri edirlər. YAŞMA yasaqlığı da Xızı rayonunun ərazisində (Sumqayıt şəhərinin yaxınlığında) yerləşir. Sahəsi 4 hektara bərabər olan bu yasaqlığda su quşları ovlamaq və balıq tutmaq üçün əlverişli şərait var.

Rayonun inzibati mərkəzi XIZI ŞƏHƏRİDİR. Onun əhalisinin sayı 13.500 nəfər, Bakıdan məsafəsi 104 km-dir. Xızı Azərbaycanın məşhur yazıçısı və dramaturqu, milli kino sənətinin inkişafı üçün böyük işlər görmüş Cəfər Cabbarlının vətənidir. Hazırda Azərbaycan Dövlət Kinostudiyası onun adını daşıyır. Azərbaycanın tanınmış mədəniyyət xadimləri Mikayıl Müşfiq və Cabir Novruz da əslən Xızıdandır. Buraya gələn səyyahlar, turistlər və sadəcə istirahət edənlər üçün şəhərin yaxınlığında "CƏNNƏT BAĞI" adlı gözəl istirahət zonası yaradılmışdır. Bu zona dağ meşəsində, ATAÇAY çayının sahilində, ALTIAĞAC qoruğunun lap yaxınlığında yerləşir. Xızıdan 8 km aralıda isə "QIZILQAZMA" adlı daha bir istirahət zonası var.

SİYƏZƏN

SİYƏZƏN RAYONU Azərbaycan paytaxtından şimalda, Xəzər dənizinin sahilləri boyünca yerləşmişdir. İqlimi quru yarımsəhra iqlimi, landşaftı seyrək meşələrdən və kolluqlardan ibarətdir. Heyvanat aləmində canavar, çöl pişiyi, çaqqal, dovşan və digər növlər çoxluq təşkil edir. Sahilyanı zonada su quşlarının bir neçə növünə rast gəlmək olar. GİLGİLÇAY və ATAÇAY çayları bu rayonun ərazisindən axır.

İlkin orta əsrlər dövründə Xəzəryanı müdafiə istehkamlarının ikinci xətti buradan keçirdi (həmin istehkamların birinci xətti Dərbənddədir). Bu xətt Azərbaycanın dövlət tərəfindən mühafizə olunan tarix-mədəniyyət abidələri siyahısına daxil edilmişdir. GİLGİLÇAY MÜDAFİƏ İSTEHKAMI həm də YUNESKO tərəfindən "XƏZƏRYANI MÜDAFİƏ İSTEHKAMLARI" kompleksində Ümumdünya mədəni abidələr irsinin siyahısına daxil edilmək üçün tövsiyə olunmuşdur. Arxeoloqlar müəyyən etmişlər ki, Gilgilçay müdafiə istehkamının tikintisi lap çoxdan, hələ eramızdan əvvəl başlanmış, sonrakı dövrdə bu istehkamda daim əlavə tikinti işləri aparılmış və istehkam daha da möhkəmlədilmişdir.

İstehkam divarları bilavasitə dənizin içində başlanır (uzun illər boyu Xəzərdə suyun səviyyəsi vaxtaşırı dəyişikliklərə məruz qalmışdır). Bir neçə kilometr uzanan qala divarları möhtəşəm ÇIRAQQALA KEŞİKÇİ QÜLLƏSİNDƏ (V əsr) başa çatır. Bu qülləyə qalxmağa dəyər: onun tarixi əhəmiyyəti öz yerində, dağın zirvəsindən baxanda dənizə və ətrafdakı dağlara çox gözəl bir mənzərə açılır.

Burada, dənizlə Qafqaz dağlarının ətəkləri arasında Azərbaycandan şimaldakı digər ölkələrə gediş-gəliş üçün rahat bir keçid var. Ta qədim dövrlərdən Xəzər keçidi adlanan bu ərazidən həm qonşu dövlətlərdən, həm də uzaq ellərdən gəlmiş işğalçılar ölkəmizin ərazisinə soxulurdular. Onlar Azərbaycana basqınlar edir, Bakı limanında qarətlər törədir, bəzən ölkənin lap içəri hissəsindəki rayonlara da gedib çıxırdılar. Buna görə də həmin istehkam tikilisi müdafiə xarakterli olub Abşerona (Bakıya) və daha sonra qədim Azərbaycanın butun sərhədyanı regionlarına siqnal çatdırmaq üçün istifadə edilirdi. İstehkam divarlarının ölçüləri və müdafiə təyinatlı olması (o, böyük ipək yoluna keçidləri də qoruyurdu) onu Böyük Çin Səddi ilə müqayisə etməyə imkan verir, lakin bu obyekt hələ də bərpa edilməmişdir.

Çıraqqala qülləsindən bir qədər aralıda yerləşən QALAALTI kurort şəhərciyində Çıraqqala sanatoriyası diqqəti cəlb edir. Onun ərazisində müalicəvi əhəmiyyətə malik olan kükürdlü mineral su bulağı var. Bu su sidik kisəsində və öd kisəsində daş olan xəstələr üçün xüsusilə faydalıdır. Sanatoriyaya gedən yol boyunca çoxsaylı kababxana, kafe və kiçik kempinqlər yerləşir. Onların əksəriyyəti yalnız yay vaxtı işləyir.

ZARAT kəndinin yaxınlığında Beşbarmaq adlı digər müdafiə istehkamının fraqmentləri salamat qalmışdır. Xalq arasında bu qalıqlar Xızırzində baba adlanır. Sedan kəndinin yaxınlığında isə Dindar qalasının qalıqları diqqəti cəlb edir.

Bu regionda xalçaçılıq, ağac üzərində naxışlı oyma, xalq çalğı alətlərinin hazırlanması kimi sənətkarlıq növləri geniş inkişaf etmişdir. Rayonun mərkəzi Siyəzən şəhəri Bakıdan 103 km məsafədədir. Onun əhalisinin sayı 34.500 min nəfərdir.

Siyəzəndə mehmanxana yoxdur. Ona görə də buraya gələnlər xüsusi evlərdə, ya da şəhərdən bir qədər aralıda yerləşən Çıraqqala sanatoriyasında qala bilərlər. Siyəzəndə nahar etmək istəsəniz "GÖRÜŞ", "ZƏFƏRAN" və ya "ÇIRAQQALA" restoranlarının xidmətlərindən istifadə edə bilərsiniz. Şəhər xəzər dənizinin yaxınlığında yerləşdiyi üçün bu restoranlarda ət və tərəvəz xorəklərində əlavə geniş çeşiddə balıq xorəkləri də təklif edilir.

DƏVƏÇİ

Bakıdan şimal tərəfdə yerləşən DƏVƏÇİ RAYONUNUN şərq sərhəddi Xəzərin sahilləri boyunca uzanır. Rayonun bu cür adlanması çox ehtimal ki, burada dəvə karvanı yollarının çox olması ilə əlaqədardır. Vaxtilə bu regionun sakinləri dəvə saxlayır, qonşu regionlardan buraya yerli bazarlara gələnlər isə təkcə dəvə deyil, həmçinin quş, heyvan, yağ və süd məhsulları, bal, yun (dəvə və qoyun yunu), xalça da alıb satırdılar. Bundan əlavə karvana qoşulmaq və ya özləri üçün dəvə və sarvan kirayə etmək üçün gələnlər də olundu.

Dəvəçi rayonunun ərazisində dəniz sahilindən 12 km məsafədə Ağzıbir adlanan ovçuluq təsərrüfatı yaradılmışdır. Sahəsi 1180 hektar olan bu təsərrüfatda su quşları və balığ ovlamaq olar. Ağzıbirdə yerləşən qarşılıqlı əlaqəli üç gölün dənizə çıxışı var. Burada ovçuları qəbul etmək üçün balaca evlər və qayıqlar da var. Rayonda meşələr çoxdur (21.500 hektar) bu meşələrdə ayı, tülkü, canavar, çaqqal, qaban və ceyran yaşayır. Quşlardan, o cümlədən su quşlarından turac, kəklik, qaz, ördək, durna, qarabatdaq, qaşqaldaq və digər növlərə rast gəlmək olar. Ərazinin relyefi çox müxtəlifdir. Burada düzənlik, dağətəyi bölgələrlə yanaşı qayalar və dağlar da var. Keçiqaya adlanan yer həm turistlər, həm də yerli sakinlər arasında çox populyardır. Burada qayaların arasından çay axır, tərkibində çoxlu kükürd olan mineral bulaqlar diqqəti cəlb edir. Rayondakı tarix arxeoloqiya abidələrindən ən məşhuru Şahnəzərli kəndinin yaxınlığında yerləşən Şabran şəhər yeridir (5-18 əsrlər). Şabran orta əsrlərdə Azərbaycanın ən iri ticarət və sənətkarlıq mərkəzlərindən biri olmuşdur. Burada ipək istehsalı, dulusçuluq və şüşəüfürmə sənəti xüsusilə yüksək dərəcədə inkişaf etmişdir. 20-ci əsrin 80-cı illərində bu ərazidə aparılmış arxeoloji qazıntılar nəticəsində həm yerli, həm də başqa ölkələrdən gətirilmiş olan çoxlu keramika məhsullarının aşkar edilməsi onu göstərir ki, Şabran şərqin bir sıra ölkələri ilç ticarət əlaqələrinə malik olmuşdur. Aorxeoloji qazıntılar zamanı 14-cü əsrdə tikilmiş su kəmərinin fraqmentləri də aşkar edilmişdir. Bu kəmər şəhərdən 10 km-dən çox məsafədə yerləşən bulaqdan içməli su ilə şəhəri təchiz edirmiş.

Gəndob kəndində Gülüstani İrəm şəhər yeri (18-19-cu əsrlər) yerləşir. Dəvəçi rayonunda bizim eradan əvvəl 3-2-ci minilliklərə aid edilən çoxsaylı arxeoloji obyektlər tapılmışdır. Qazıntılar zamanı aşkar edilmiş materiallarla Dəvəçi şəhərindəki tarix-diyarşünaslıq müzeyində tanış olmaq mümkündür.

Rayonun inzibati mərkəzi olan Dəvəçi şəhəri Bakıdan 122 km məsafədə yerləşir. Əhalisinin sayı 47.200 nəfərdir. Yerli "PİRƏBƏDİL" və "HERAT PİRƏBƏDİL" xalçaları mütəxəssislərin təsnifatına görə Quba xalça məktəbinə aiddir. Orijinal və bənzərsiz olması ilə seçilən bu xalçalar əl ilə toxunmuş xalça məmulatları həvəskarları arasında məşhurdur.

QUBA

QUBA RAYONU Azərbaycanın ən çox inkişaf etmiş kənd təsərrüfatı rayonlarından biridir. Burada yetişdirilən meyvə və tərəvəz məhsulları paytaxt bazarlarına aparılır, yerli konserv sənayesi müəssisələrində emal edilir, həmçinin başqa ölkələrə ixrac olunur. Quba rayonunda yetişdirilən meyvə və tərəvəz növlərinin çox olmasına baxmayaraq hər bir azərbaycanlı "Quba" dedikdə onun alma bağları yada düşür. Bakı bazarlarında alma satan adamlar öz mallarını tərifləyərkən hökmən onun Quba alması olduğunu vurğulayırlar. Zəngin floraya malik olan Quba rayonu həm də dərman bitkilərinin geniş spektri ilə təmsil olunmuşdur. Burada yemşan, ardıc, pişikotu, andız, dəvədabanı, effedra və bir sıra başqa dərman bitkiləri yetişdirilir.

Qubanın ətrafında mənzərəli güşələr çoxdur. Qəçrəş, Balbulaq, həmçinin dərinliyi 400 metirdən 600 metirə qədər olan Təngəaltı yarğanı xüsusilə populyar olub turistlərdə daha çox maraq doğurur.

Vəlvəliçay üzərindəki məşhur AFURCA ŞƏLALƏSİ Azərbaycanın təbii abidələrinin siyahısına daxil edilmişdir və dövlət tərəfindən mühafizə olunur. Burada öz qeyri-adiliyi və bənzərsizliyi ilə turistlərin və səyahətçilərin diqqətini cəlb edən başqa şəlalələr də var. Bu mənzərəli yerləri turist cığırları ilə gəzib dolaşmağın özgə ləzzəti var. Dağlara tərəf qalxdıqca hündür ağaclar kollarla əvəz olunur, daha yuxarında-Xaşiçay çayının sahilində isə dağ dərəsindəki qayalardan termal sular süzülür. Haçansa lap qədim vaxtlarda bacarıqlı sənətkarlar burada bir başa qaya süxurunda üç ədəd oyuq açaraq özünəməzsus vannalar düzəltmiş və onların kənarını daşla hörmüşlər. Buraya gələnlər həmin vannalarda kükürd-hedrogen tərkibli şəfalı isti suda çimə bilərlər. Səriştəli adamların dediyinə görə bu təbii daşdan hazırlanmış vanna suyun şəfalı təsirini daha da artırır.

Vaxtilə məşhur fransız yazıçısı Aleksandr Düma Azərbaycana səyahətə gələrkən bu yerlərdə də olmuşdur. ¸O, yolun yaxınlığında düşərgə salarkən bir qədər dincəlmək və qəlyanaltı etmək məqsədilə yaxınlıqda düşərgə salmış qubalılar onu öz tonqallarının yanına dəvət edirlər. Qubalıların qoyunu necə məharətlə kəsib təmizləmələri və Dumanı kababa qonaq etmələri ona çox güclü təsir bağışlayır. Zəmanəmizin ən böyük səyyahı sayılan norveç alimi Tur Xeyyerdal da Azərbaycana gələrkən Qubaya da getmişdir. O, belə hesab edirdi ki, "Edda" eposunda adları çəkilən "aslar" azərbaycanlıların qədim əcdadları olmuş və xalqların böyük köçürülməsi dövründə Avropanın şimalına gedib çıxmışdılar. Quba rayonunda Qubadan 65 km məsafədə uca dağlar qoynunda (dəniz səviyyəsindən 2500 metr yüksəkliydə) yerləşən Xınalıq kəndinin əhalisi ayrıca unikal etnik qrupdur. Xınalıqlıların qədim dili dünyadakı müasir dillərin heç birinə oxşamır. Xınalıqlılar Azərbaycan dilində də danışırlar, lakin öz dillərini qoruyub saxlamışlar. Xınalıq fenomeni təkcə Azərbaycan tarixində deyil, ümumiyyətlə bəşər tarixində ən maraqlı etnoqrafik müəmmalardan biridir.

Xınalığın yaxınlığında müqəddəs ziyarətkah yerləşir. 9-cu əsrə aid olan bu ziyarətkahda yerin altından təbii od çıxır. Buna görə də xalq arasında bu yeri Atəşkaş adlandırırlar. Buduq kəndində də bənzərsiz bir etnik qrup yaşayır. Bu insanlarında çox nadir bir dili var. Daxma adlanan qədim tikili salamat qalmışdır. Zərdüştilik dövrünə aid olan və xalq arasında "Sükut qülləsi" deyilən bu qüllələr zərdüştilərin dəfn mərasiminin icrası üçün nəzərdə tutulmuşdur.

Quba şəhəri Qudyalçay çayının sahilində və Böyük Qafqaz silsiləsinə daxil olan Şah dağın şimal-şərq yamaclarında yerləşir. Quba rayonunun inzibati mərkəzi olan Quba şəhərinin əhalisinin sayı 140.000 nəfər, Bakıdan məsafəsi 168 km, dəniz səviyyəsindən yüksəkliyi 600 metrdir. Quba şəhərinin və Quba xanlığının tarixi, bu diyarı məşhurlaşdırmış insanlar barədə yerli tarix müzeyində ətraflı məlumat almaq olar. Azərbaycanın məşhur ictimai xadimi, yazıçı və maarifçi Abbasqulu ağa Bakıxanovun ev-muzeyi də buradadır. Bakıxanovun kitablarından biri - "Gülüstani-irəm" əsəri Azərbaycanın tarixinə həsr edilmişdir. Mahiyyət etibarilə bu kitab Azərbaycan tarixinə aid ilk elmi əsərdir. Qubada xalçaçılıq mərkəzi də var.

Bu zonada toxunan "ÇİÇİ", "SIRT ÇİÇİ", "QIMIL", "CİMİ", "YERFİ" xalçaları dünyanın bir sıra müzeylərinin və şəxsi kolleksiyaların bəzəyidir.

Şəhərdə SƏKİNƏ XANIM MƏSÇİDİ, CÜMƏ MƏSÇİDİ, 16-cı əsrə aid məqbərə, qədim şərq hamamları kimi tarixi abidələr qorunub saxlanılmışdır. 18-ci əsrin birinci yarısında indiki Quba, Dəvəçi, Qusar, Xaçmaz, Xızı və Siyəxzən rayonlarının ərazisin Quba xanlığı şəklində birləşdirilmişdir. Əvvəlcə bu xanlığın mərkəzi Xudat şəhəri idi, lakin az sonra Quba xanı Hüseynəli Qubanı öz xanlığının mərkəzinə çevirdi və öz iqamətgahını Qubaya köçürdü. Quba xanlığının hökmdarlarından ən məhşuru olmuş FƏTƏLİ XAN çalışırdı ki, Azərbaycanın pərakəndə xanlıqlarını özünün rəhbərliyi altında birləşdirsin. O, Dərbənddən Lənkarana qədər bütün şimal-şərqi Azərbaycanı özünə tabe etmişdir. Həmin dövrdə yəhudilər Qubaya, Qudyalçayın sol sahilində məskunlaşmağa dəvət edilmişdir. Əvvəlr Yəhudi Slobodası adlanan bu yaşayış məntəqəsi 1926-cı ildən Qırmızı Qəsəbə adlanır.

Dağıstan xanları Quba xanlığı üçün həmişə şimal tərəfdən təhlükə mənbəyi olmuşdur. Rusiya da Qafqaza və Zaqafqaziyaya geosiyasi maraq göstərməyə başlayanda burada öz-üsul idarəsini bərqərar etmək qərarına gələndə Quba xanlığının sərhədlərini qorumaq xeyli çətinləşdi. Və 19-cu əsrin əvvələrində (1813-cü ildə) Quba xanlığı Rusiya imperiyasının tərkibinə daxil oldu.

Quba kiçik şəhərdir, lakin Böyük Qafqazın şimal-şərq yamaclarında yerləşən indiki Quba rayonunun ərazisi son dərəcədə mənzərəlidir və şəhərdən kanara çıxan kimi bu gözəlliklər aləminə qərq olacaqsınız. İstər azərbaycanlı istərsə də əcnəbi turistlər bu regionu heç vaxt diqqətdən kanarda saxlamırlar. Bakılılar isə, xüsusən Qubada istirahət etmək üçün oraya öz maşınlarında gələnlər çox vaxt Qubadan Yalama dəniz sahilində, Qubadan çox da uzaqda olmayan istirahət zonasına baş çəkirlər. Yalamada (Nabran) istirahət edənlər də öz nöbəsində Xəzər sahilində istirahətin zövqünü Qubanın dağətəyi meşələrinin ləzzəti, çoxsaylı bulaqların və təbii mənzərələrin seyr edilməsi fürsətini əldən vermirlər. Quba rayonu ölkəmizin ən gözəl güşələrdən biridir. Onun paytaxta yaxın, meşə zonasının Xəzər sahilləri ilə qonşuluqda yerləşməsini, burada çoxsaylı turist bazaları və istirahət zonaları olduğunu da nəzərə alsaq bu rayon ölkənin rekreativ zonası kimi çox böyük əhəmiyyət kəsb edir.

Qubaya gələnlər buradakı "ŞAHDAĞ" mehmanxanasında, eləcədə yaxın vaxtlarda tikilmiş Olimpiya Kompleksinin kotteclərində və mehmanxanasında qala bilərlər. "Olimpiya" kompleksində örtülü üzgüçülük hovuzu (uzunluğu 50 m), açıq səma altında stadion, komanda idman növləri üçün nəzərdə tutulan örtülü stadion, trenajor zalı, tennis və mini futbol meydançaları vardır.

XAÇMAZ

Samur-Dəvəçi ovalığının bir hissəsinin tutan XAÇMAZ RAYONU Azərbaycanın şimal-şərqində yerləşib şimal tərəfdən Rusiya ilə həmsərhəddir.

Magistral şosse yolu və Bakı-Moskva dəmir yolu bu rayonun ərazisində keçir. Rayonun iqlimi mülayim isti, yarımsəhra və quru çöl iqlimidir. Lakin rayon ərazisində 20 hekdardan artıq sahə başdan-başa meşələrlə örtülmüşdür. Burada bir neçə çay, 3 süni göl, çoxsaylı, o cümlədən termal və mineral bulaqlar var.

Dağıstanla sərhəddə əvvələr bir yol olmuşdur. İşğalçı skif, alan və hunn tayfaları bu yol ilə gedib gəlirmiş. İndiki Xaçmaz rayonun ərazisinə gedib çatan xəzəryanı müdafiə istehkamı məhz bu məqsədlə tikilmişdir. 18-ci əsrin əvvələrində qədim şəhər-qalalardan biri - Xudat (bu sözün mənası "Allah vergisi" deməkdir). Quba xanlığının paytaxtına çevrilmişdir. Xudat şəhəri yaxınlığında yeraltı su ehtiyyatları xüsusilə çoxdur. 1914-cü ildə buradakı Şollar kəndindən Bakıya içməli su kəməri çəkilmişdir.

Rayonun bütün ərazisində neolit və tunc dövrünə aid insan məskənlərinin izləri aşkar edilmişdir. Alimlərin fikrincə, "XAÇMAZ" toponimi gəlmə Hunn tayfalarından olan Xaçmatak və ya Xaçmat tayfalarının adı ilə bağlıdır. Sonradan onlar yerli əhali ilə qaynayıb qarışmışdır. Maraqlıdır ki, bu qəbilələrdən biri Xaçmaz rayonunun ərazisindən indiki Oğuz rayonuna köçmüş və orada eyni adlı Xaçmaz kəndi, daha sonra Xaçmaz qalası yaratmışlar.

Bu regionda təqribən 60 yaxın tarix və mədəniyyət abidəsi salamat qalmışdır. Lakin arxeoloqların fikrincə bu cür abidələrin sayı qat-qat çox olmalıdır, çünki lap qədim vaxtlardan bu regionda əhali sıx məskunlaşmışdır. Molla Bürhan, Hülövlu, Qaracıq, Həsənqala kəndlərinin yaxınlığında tunc dövrünə aid insan məskənləri və Kurqanlar, canaxır və Bostançı kəndlərinin yaxınlığında orta əsrlərə aid insan məkənləri aşkar edilmişdir. Şıxlar kəndindəki Şeyx Yusif məsçidi (15-ci əsr) memarlıq-məqbərə komplekslərinin yarandığı ilk dövrlərə aiddir. Sonradan- 16-17-ci əsrlərdə bu cür komplekslər daha geniş yayılmışdır. Moruqoba, Tağaroba, Uzunoba kəndlərində 19-cu əsrə aid məsçidlər, Qaraqortlu kəndində 15-ci əsrə aid məsçid və mədrəsə salamat qalmışdır.

Xaçmaz rayonunun inzibati mərkəzi Xaçmaz şəhəridir. Onun Bakıdan məsafəsi 157 km, əhalisinin sayı 148.400 nəfərdir. Burada ənənəvi xalq sənəti növlərindən xalçaçılıq daha geniş inkişaf etdiyi üçün yerli litseydə məxsusi fakültə açılmışdır. Gənc ustaların incə barmaqları ilə hecazkar xalça naxışlarını necə toxumalarına tamaşa etmək üçün buraya tez-tez qonaqlar gəlir. Bu xalçaların naxışları əsrlər boyu nəsildən-nəsilə ötürülərək hələdə qorunub saxlanılmışdır.

Xaçmaza gələnlər buradakı "Xaçmaz" mehmanxanasında qala bilərlər (telefon 3-40-40). Xaçmaz rayonunun ərazisində ölçülərinə və abadlığına görə respublikada ikinci yeri tutan istirahət zonası yerləşir. Xəzərin sahilləri boyunca Muxtadır qəsəbəsindən Nabran qəsəbəsinə və bir qədərdə uzağa doğru ərazini tutan bu itsirahət zonasında çoxlu turist bazaları və pansionatlar yerləşir.

NABRAN

Nabran - Xaçmaz rayonunda Xəzər dənizi sahillərində yerləşən kreativ təyinatlı ən böyük regiondur. Bu zonanın maraqlı cəhəti ondan ibarətdir ki, kiçik bir ərazidə yerləşən qumsal çimərlikdən dərhal sonra meşə başlanır. Müxtəlif turist bazaları düşərgələr, pansionatlar, istirahət evləri həmin meşədə yerləşir. Onların şəraiti çox müxtəlifdir-"Lüks" tipli rahat mehmanxanalardan, bir neçə nəfən üçün nəzərdə tutulan abad kotteclərdən başlamış çadır şəhərciklərinə qədər geniş seçim imkanı var.

QUSAR

Rayonun əhalisinin sayı 183.500 nəfər, rayon mərkəzi - Qusar şəhəri, onun əhalisinin sayı 15.800 nəfərdir. Dağıstanla həmsərhədd olan Qusar rayonu Azərbaycanın şimal-şərqində Xudat dəmir yolu stansiyasından 35 km məsafədə yerləşir. Rayonun adı "Qusar" sözü vaxtilə bu ərazidə yaşamış, sonradan tarixi etnogenez nəticəsində yox olmuş "Xisar" qəbiləsinin adından yaranmışdır. İndi bu rayonda əsasən ləzgi millətinin nümayəndələri yaşayır.

Bu diyarın landşaftı meşələrlə örtülü dağların və dərələrin bir-birini əvəz etməsi ilə əlamətdardır. Burada enliyataqlı ağaclar-vələs, palıd, qayın ağacları daha çox yayılmışdır. Çay yataqlarındakı Tuqay meşələrində əsgil, sumax, yemşan, itburnu, yabanı meyvə ağacları, yabanı üzüm, müxtəlif növ dərman bitkiləri yetişir. Burada "ALISTAN BABA MEŞƏSİ" deyilən qayın meşəsi (sahəsi 7 hektar) dövlət tərəfindən mühafizə olunur. Qusar rayonunun faunası da zəngindir. Burada canavar, ayı, qaban, dağ keçisi, qartal, bayquş və digər quşlar və heyvanlar yaşayır. Faunanın ov və ov sənaye növlərinin qorunub saxlanması və onların baş sayının bərpa edilməsi məqsədi ilə "Qusar" yasaqlığı yaradılmışdır (sahəsi 15 min hektar).

Dağ dərələrində gözəl şəlalələr var. Onların ən çox populyar olanları Laza və Şahnabaz şəlalələri turistləri və qafqazın yabanı təbiətinin həvəskarlarını buraya çox cəlb edir. Qusar rayonunun dağları və zirvələri alpinistləri cəlb edir. Yerli şəlalələr isə son illərdə qış fəslində buzlu dağlara dırmaşmağı xoşlayan idmançıların yarış yerinə çevrilmişdir. Laza kəndindən Quba rayonunun Xınalıq kəndinə piyada getmək olar. Son vaxtlar piyada turizm həvəskarları məhz bu marşruta üstünlük verirlər.

Ekoloji turizm marşrutu üzrə Qusar şəhərindən Laza şəlaləsi istiqamətində piyada gedənlər Ənik kəndində düşərgə sala bilərlər. Bu kəndin yaxınlığında 13-cü əsrə aid qala divarlarının qalıqları, qədim məsçid binası yaxşı vəziyyətdə qalmışdır. Laza kəndinin yaxınlığında isə "SUVAR" istirahət bazasında qalmaq olar.

Qusardan SUDUQ kəndi istiqamətində marşrutun uzunluğu 75 km-dir. Şah dağın yamaclarında Həzrə kəndində Azərbaycan SƏFƏVİLƏR dövlətinin banisi ŞAH İSMAİL XƏTAİNİN babası ŞEYX CUNEYDANIN (16-cı əsr) məqbərəsinə tamaşa etmək olar.

Bütün Azərbaycan torpağı kimi Qusar torpağında da bu xalqın qədim mədəniyyətinin və həyat tərzinin sübutlarını görmək olar. Həzrə, Hil, Balaqusar, Ənik, Yasab, Köhnə Xudat, Gündüz qala kəndlərində qədim məqbərələr, məsçidlər, qədim insan məskənlərinin və qalaların qalıqları qorunb saxlanmışdır.

Qusar rayonunun inzibati mərkəsi Qusar şəhəri Bakıdan 183 km məsafədə yerləşir. Böyük rus şairi Lermontov vaxtilə bu şəhərdə olmuşdur. İndi burada onun adını daşıyan muzey yaradılmışdır.

Qusarda xalq sənəti növlərinin ən geniş yayılanı xalçaçılıqdır. Həm ev şəraitində həm də şəhərin mərkəzində təşkil elimiş sexdə toxunan xovsuz SUMAX xalçaları daha çox məşhurdur. Respublikada ən böyük xalça dəzgahı bu sexdə quraşdırılmışdır. Həmin dəzgahda 10 nəfərə qədər xalçaçı eyni vaxta işləyə bilər.

Qusara gələnlər QAYBULAQ, SUVAR istirahət zonalarında həm gecələmək, həm də yaxşıca nahar etmək imkanı əldə edəcəklər.


Şimal - Qərb



MƏRƏZƏ

QOBUSTAN RAYONU ölkəmizin Şirvan adlanan tarixi vilayətinin inzibati rayonlarından biridir. Şirvan ərazisində 8-16-cı əsrlərdə Azərbaycanın ən mühüm dövlət qurumlarından biri- paytaxtı Şamaxı şəhərində yerləşən Şirvanşvhlar dövləti mövcud olmuşdur. Orta əsrlərin Şərq tarixində bu ən uzun müddət mövcud olmuş dövlət idi.

İndiki Qobustan rayonu Şamaxıdan şərq tərəfdə, Bakıdan 101 km aralıda yerləşir. Burada ərazinin relyefi-dərələr, yarğanlar, qayalar, toponimik şəkildə öz əksini tapmışdır. Bu yerlərin baharı çox gözəl olur-lalələr, çobanyastığı, qaymaqçiçəyi gül açır.

Rayonun İQLİMİ əsas etibarı ilə yarımsəhra iqlimidir. Burada ən maraqlı və turistlər üçün cəlbedici obyekt şəhərin yaxınlığındakı dərədə, SÖYÜNLÜ kəndində yerləşən MAĞARA LABİRİNTLƏRİDİR (kürələr). Burada xalq arasında "AĞLAYAN QAYA" deyilən çox orijinal bir təbii hadisəni müşahidə etmək mümkündür. Rəvayətə g&¨rə Bu qayadan axan "gözyaşları" əsgər oğlanları həlak olmuş ananın gözyaşlarıdır. Mağaralar orta əsrlərdə Azərbaycanda tayfa müharibələri və yadelli işğalçıların basqınları biş verərkən süni yolla genişləndirilmiş və yaşayış üçün uyğunlaşdırılmış təbii qalereyalar sistemidir.

Qobustan rayonunun inzibati mərkəzi olan MƏRƏZƏ ŞƏHƏRİ rayonun əsas magistral yolunun yaxınlığında, Mərəzə yaylasında yerləşir. Bir rəvayətə görə bu şəhərin adı ("mərəz") nüfuzlu şəxslərdən birinin sevimli arvadı burada məskənləşərək sağaldığına görə bu hadisədən sonra belə adlandırılmışdır. Bu rəvayətin həqiqət olub olmadığını heç kəs bilmir, lakin Mərəzə yaxınlığında bir MİNERAL SU BULAĞI var. Onun suyu şor və acı olmasına baxmayaraq müəyyən mədə bağırsaq xəstəlikləirini sağaldır.

Məşhur ŞIX DÜZÜ kurqanları, b.e.ə. 1-8-ci əsrlərə aid olan, indiki DAĞ KOLANI kəndinin qədim ticarət yollarında yerləşmiş qədim insan məskənlərinin qalıqları, şəhərin ətrafındakı DİRİ BABA türbəsi (15-ci əsr); şəhərin lap mərkəzində yerləşən ŞAH ABBAS Karvansarasının qalıqları göstərir ki, bu yerlərdə ən qədim dövürlərdə insan məskənləri olmuşdur.

Burada lap qədimdən xalça toxumaqla məşğul olurdular. Yerli "MƏRƏZƏ", "ÇUXANLI", "ÇEMCEMLİ" xalçalarının naxışları butun dünyada məşhurdur. "NƏBUR" xalçalarını isə eyni adlı kənddə hələ də əl ilə toxuyurlar.

Mərəzə kiçik şəhərdir. Burada mehmanxana yoxdur. Ona görə də burada yaşamaq üçün otaq və ya xüsusi ev kirayələmək olar. Sizin arzunuzdan aslı olaraq ev sahibləri xörək bişirmək qayğılarını da öz üzərlərinə götürə bilərlər.

ŞAMAXI

ŞAMAXI RAYONU - Azərbaycanının tarixi vilayəti, keçmiş Şirvanşahlar dövlətinin yerləşdiyi qədim ŞİRVANIN mərkəzidir. O, Böyük Qafqazın cənub-şərq yamaclarında yerləşir. Rayonun əsas hissəsinin iqlimi mülayim isti, yayda quru iqlimdir. Landşaft dəyişkəndir. Burada çölləri dağətəyi çəmənlə, daha sonra meşələr əvəz edir. Dəniz səviyyəsindən yuxanı qalxdıqca payız daha sərin olur, qışda qar bir o qədər çox qalır. Lakin bütövlükdə rayonun iqlimi mülayim, torpaqları münbit, flora və faunası zəngindir. Burada cüyür, qaban, çöl pişiyi, tülkü, canavar, ayı, çoxlu quş növləri yaşayır. Vələs, qayın, palıd kimi enliyarpaq ağaclar bitən meşələr, baharda al qırmızı lalələrə bürünən göy çəmənlər göz oxşayır. Rayonun ərazisində 50 növdən çox dərman bitkisi yetişir.

Şamaxı rayonu Azərbaycanın ən iri üzümçülük mərkəzidir. Şamaxı şərabları təkcə yerli bazarda populyar olmayıb, lap çoxdan beynəlxalq sərgilərdə medal və diplomlara layiq görülmüşdür.

Bu region Azərbaycan paytaxtının sakinlərinin və idman turizmi həvəskarlarının populyar istirahət yeridir. Piyada səfərə çıxmağı xoşlayanlar buradan QUBA və İSMAYILLI şəhərlərinə ekskursiyaya gedirlər. Ekoloji turistlər və adi səyahət həvəskarları CƏNGİ MEŞƏSİNƏ getməyə çalışırlar. Burada yabanı alma, armud, alça ağacları bitir, meşənin kənarında, dərənin yaxınlığında isə yerdən kükürdlü su bulaqları çıxır. Dağ kəndlərində məşhur "ŞİRVAN", "ŞAMAXI", "İSRAFİL" və "ƏRCİMAN" xalçaları toxunur.

Şamaxı rayonunda görməli yerlər çoxdur. PİRSAATÇAY çayının sağ sahilində yerləşən ÇUXURYURD qəsəbəsində əslən Rusiyadan olan molokanlar yaşayır. Onların hazırladığı dadlı günəbaxan yağı, turşuya qoyulmuş tərəvəz, Respublika paytaxtına satmağa apardıqları dağ balı, tərəvəz və meyvələr çox məşhurdur. QIRXBULAQ adlanan ərazidə çoxlu içməli su bulaqları vardır. MƏLHƏM kəndinin yaxınlığında özünün şəfalı xassələri ilə ad çıxarmış məşhur mağara yerləşir. Şərqdə çox məşhur olan şair ƏFZƏLƏDDİN XAQANİ XII əsrdə bu kənddə anadan olmuşdur. Ümumiyyətlə bu diyar özünün şairləri, filosoflar, memarları ilə məşhurlaşmışdır. SEYİD ƏZİM ŞİRVANİ, İMADƏDDİN NƏSİMİ, MİRZƏ ƏLƏKBƏR SABİR, HACI ZEYNALABDİN ŞİRVANİ, MƏHƏMMƏD ŞİRVANİ, ƏZİM ƏZİMZADƏ, ABBAS SƏHHƏT, HƏMƏDİ ŞİRVANİ, FƏLƏKİ ŞİRVANİ - bu diyarın övladlarıdır (onların adlarında "Şirvanı" sözünün tez-tez təkrarlanması Şərqdə qədimdən mövcud olmuş bir ənənə ilə bağlıdır. Adətən, insan məşhurlaşandan sonra qəbul etdiyi soy adında onun anadan olduğu yerin adı əks etdirilir).

PİRQULU qəsəbəsinin yaxınlığında yerləşən Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) dəniz səthindən 1400 metr yüksəklikdədir. Keçmiş SSRİ-də ən böyük teleskoplardan biri məhz burada quraşdırılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının ilk prezidentlərindən biri - Azərbaycanda neft kimyasının əsasını qoymuş akademik Yusif Məmmədəliyev vaxtıilə bu rəsədxananın təşkil edilməsi üçün çox iş görmüşdür. ŞAR ərazisində indi çalışan alimlərin təşəbbüsü ilə, Y.Məmmədəliyevin minnətdarlıq əlaməti olaraq burada onun heykəli ucaldılmışdır. Bakı məktəbliləri isə Tusi adına ŞAR-a gedib oradakı böyük teleskopa baxmaq üçün haçan ekskursiyaya gedəcəklərini həmişə səbirsizliklə gözləyirlər. Qışda adətən qar yağmayan Bakı sakinləri buraya gəlməyə daha çox can atırlar: axı Pirquluda qar yerdə uzun müddət qalır, deməli buraya gələndə qartopu oynamaq da olar. Yayda isə yerli sakinlər qonaqların arzusu ilə onları at belində gəzintiyə çıxarırlar.

Rayonun tarixi abidələri: CÜMƏ MƏSCİDİ (VIII-X əsrlər); PİRMƏRDƏKAN türbəsi (XIII-XIV əsrlər); ŞAHXƏNDAN türbəsi (XVII əsr); 7 türbədən ibarət olan YEDDİ GÜMBƏZ KOMPLEKSİ (XVIII əsr); Əfsanəvi QALAYİ-BUQURT qalasının qalıqları (XII-XVI əsrlər); eyni adlı dağ kəndinin yaxınlığında yerləşən bu qala sanki sal qayaya yapışmışdır. GÜLÜSTAN qalasında (VIII-XV əsrlər) Şirvanşah Şahrux İran qoşunlarının hücumunu mərdliklə dəf etmişdir. Qalanın içində Şirvanşahın sarayı və unikal su təchizatı sistemi salamat qalmışdır. Buradakı gizli su kəməri müdafiə istehkamlarını su ilə təchiz edirmiş. Suyu saxlamaq üçün nəzərdə tutulan daş çarhovuzlar və su qulləsi də salamat qalmışdır. Rayonun ərazisində yerləşən Pirqulu qoruğu 1968-ci ildə yaradılmışdır. Üç hissədən ibarət olub ümumi sahəsi 1521 hektar olan bu qoruğun ərazisinin 1362 hektarı dəniz səviyyəsindən 800-2000 metr yüksəklikdə yerləşən meşələrdir. Qoruğun florasına 45 növ nadir və endemik bitki daxildir, onların çoxunun adı Qırmızı kitaba daxil edilmişdir.

Rayonun inzibati mərkəzi ŞAMAXI ŞƏHƏRİDİR. Şamaxının əhalisinin sayı 83 min nəfər, Bakıdan məsafəsi 120 km-dir.

Qədim dövrlərdə "Şarvan", "Əşşəmax", "Şirvan", "Şax-max" adlanmış indiki Şamaxı şəhəri vaxtı ilə Şirvanın-Şirvanşahlar dövlətinin paytaxtı olmuşdur. VIII əsrdə Abbasılər sülaləsi zəifləyəndən sonra yaranmış bir neçə kiçik dövlətdən biri də Şirvanşahlar dövləti idi. Bu şəhərin şanlı lakin faciəli taleyi var-o, dəfələrlə dağıdılmışdır. Bu dağıntılar təkcə işğalçıların basqınları ilə deyil həm də zəlzələlərlə bağlı olmuşdur, çünki bura yüksək sesmik ərazidir. 1191-ci ildə Atabəy ELDƏGƏZLƏR sulaləsindən olan Qızıl Arslan bu şəhəri ələ keçirib onu viran edəndə Şirvanşah I Axsitan öz paytaxtını müvəqqəti olaraq Bakıya köçürmüşdür. 1501-ci ildə isə Şah İsmayıl Səfəvi həm Şamaxını, həm də Bakını tutdu. 37 ildən sonra Şirvanşahlar dövlətinin mövcudluğuna son qoyuldu və Təhmasib Səfəvi Səfəvilər dövlətini yaratdı. Sonrakı dövrlərdə Səfəvilərlə Osmanlı türkləri arasında gedən müharibələrdə Şamaxı dəfələrlə dağıdılmışdır. Belə vaxtlarda İnsanların həlak olması ilə yanaşı memarlıq abidələri və kitablar da məhv edilirdi...

Lakin şamaxılılar həmişə özlərində qüvvə tapıb şəhəri bərpa etmiş, öz güzəranlarını qaydaya salmışlar. Vaxtilə Azərbaycana səyahətə gəlmiş Aleksandr Duma Şamaxı barədə yazmışdır ki, bu şəhərin sakinləri sabaha sağ çıxıb-çıxmayacaqlarını heç vaxt bilmirlər. Hazırda Şamaxının ətrafında çoxlu qədim abidələr qalmışdır.

Şamaxının mərkəzində "sovet tipli" köhnə mehmanxana qonaqlara öz xidmətlərini təklif edir. Burada "MAGIC WORLD" adlı abad və cəlbedici istirahət zonası da var.

İSMAYILLI.

Azərbaycanda mövcud olan 8 iqlim zonasından üçünə İSMAYILLI RAYONUNUN ərazisində rast gəlirik. Buranın qış fəsli quru, mülayim keçir, düzənliklərdə havalar isti, yağıntılar müntəzəm olur, dağlarda isə qış soyuq və rütubətli keçir. Rayonun əsas relyefi dağlardan ibarətdir. Buranın çox gözəl təbiəti var. Meşəli dağlar, qayalar, çaylar (GİRDMAN, AX-OX, GÖYÇAY), şəlalələr (QALACIQ - hündürlüyü 50 metr, ÇAYQOVUŞAN - hündürlüyü 30 metr, İSTİSU - hündürlüyü 25 metr, MƏDRƏSƏ - hündürlüyü 25 metr). BABADAĞIN yamaclarında dəniz səviyyəsindən 3500 metr yüksəklikdə 3 təbii göl, KÜRDMAŞİ və AŞIQBAYRAMLI kəndlərinin yaxınlığında düzəldilmiş üç süni göl çox mənzərəli olmaqla bərabər, həm də balıq ovu üçün münasib yerlərdir.

Rayonun ərazisində yerləşən "İSMAYILLI" qoruğu 1981-ci ildə yaradılmışdır. Sahəsi 5778 hektar olan bu qoruq iki hissədən ibarətdir - Topçu və Qalacıq. Onların bir-birindən məsafəsi 1 km-dir. Qoruğun meşələri 5021 hektar, subalp çəmənlikləri 227 hektar yer tutur. Burada 40 növdən çox oduncaq və kol bitğkisi, 170 növ onurğalı heyvana rast gəlmək olar - maral, dağ keçisi, qaban, ayı, canavar, tülkü, dovşan və s.

Bu rayonun adı rus ədəbiyyatının tarixinə düşmüşdür: M.Y. Lermontov İsmayıllının Tircan kəndində olarkən orada Aşıq Qərib haqqında aşıq (xalq müğənnisi) Orucdan və aşıq Ləzgi Əhməddən eşitdiyi dastan əsasında özünün "Aşıq Qərib" poemasını yazmışdır.

Ta qədim dövrlərdən başlayaraq, bu rayonun ərazisində azərbaycanlılarla yanaşı başqa xalqların və etnik qrupların nümayəndələri - ləzgilər, yəhudilər, ruslar (İvanovka kəndində yaşayan molokanlar), lahıclar (iran dilli tayfa), hapıtlar (qədim albanların varisləri) da məskunlaşmışdır.

İsmayıllı rayonunda qədim xəlq sənətlərinin və tətbiqi sənətin ənənələri qorunub saxlanılmışdır. Burada xalçaçılıq (QALACIQ və TƏZƏKƏND kəndləri), misdən hazırlanmış üzərində döymə naxışlar açılan qab və silah, dabbaqlıq, dəmirçilik, ağac və metal üzərində oyma (bu peşələr LAHIC kəndində daha geniş yayılmışdır, bu kəndin mərkəzi küçəsində çoxlu dükan və emalatxanalar), BASQAL kəndində qadınlar üçün "KƏLAĞAYI" adlanan milli baş örtükləri hazırlanır. İpək parçadan hazırlanan kəlağayının naxışları basma üsulu ilə həkk edilir.

LAHIC və BASQAL kəndlərində tarix-mədəniyyət qoruqldarı yaradılmışdır. Buradakı abidələrin çoxu dövlət tərəfindən mühafizə olunur. BƏDOY ZEVERO məscidi (1791-ci il), AĞALI məscidi, ZEVERO bulağı, MƏSCİD və HAMAM (XVIII əsr).

Digər abidələr: XANƏGAH kəndindəki QIZ QALASI (XVII əsr), SULUT kəndindəki FİTDAĞ qülləsi (XVIII əsr) və bir sıra digər arxeoloji obyektlər. Maraqlıdır ki, yerli sakinlər Fitdağ qülləsini Makedonyalı İsgəndər haqqında bir rəvayətlə bağlayırlar. Deyilənə görə, Makedonyalı İsgəndər özü burada düşərgə salmış, onun carçıları isə dağın zirvəsinə qalxıb oradan qızıl şeypurlarla bir-birinə xəbər çatdırmışlar. Ona görə də həmin qülləyə Fitdağ qülləsi deyilir.

Qafqaz Albaniyasının hökmdarlarından biri olmuş Cavanşir (VII əsr) isə, rəvayətə görə, GİRDİMAN çayının sol sahilindəki başqa bir dağın zirvəsində TALISTAN kəndinin yaxınlığındakı qalada yaşamışdır. Sulut kəndində QIRXOTAQ qalası, HARAM qülləsi, XİRƏKİ müdafiə səddi və CÜMƏ MƏSCİDİ də salamat qalmışdır.

İsmayıllı rayonunun inzibati mərkəzi İSMAYILLI ŞƏHƏRİDİR. Şəhərin əhalisinin sayı 74.100 nəfər, Bakıdan məsafəsi 185 km-dir. Buraya gələnlər "TALISTAN" motelində yaxud "QIZ QALASI" istirahət zonasında qala bilərsiniz. Nahar etmək üçün "GÜLÜSTAN" və "BƏDO" restoranlarına, eləcə də əsas nəqliyyat magistralı boyunca yerləşən çoxsaylı kafe və kababxanalara getmək olar.

QƏBƏLƏ

QƏBƏLƏ RAYONU Azərbaycanın şimal-qərb hissəsində, Şəki-Zaqatala zonasının ərazisində, Dağıstan və Gürcüstan sərhəddində yerləşir. Bu region çox qədim tarixə malikdir. Hələ neolit dövründə burada insanlar yaşamışdır. Qəbələ bir müddət QAFQAZ ALBANİYASININ mərkəzi olmuş, sonra isə ŞİRVANŞAHLAR dövlətinin və ŞƏKİ xanlığının tərkibinə daxil olmuşdur. Rayonun ərazisindən DƏMİRAPARAN ÇAYI, VƏNDAM ÇAYI, BUM ÇAYI, TİKANLI ÇAYI və başqa çaylar axır.

Qəbələ rayonu qoz-fındıq və şabalıd bağları ilə ad çıxarmışdır. Dağ yamaclarında, dəniz səviyyəsindən 1000 m yüksəklikdə məşhur şabalıd meşəsi yerləşir. Baharda şabalıd ağaclarının çiçək açması ecazkar mənzərə yaradır. Bu meşədəki ağaclar çox qədimdir. Onların hər birinin orta yaşı 500 ildən çoxdur. Bu ağaclardan bəziləri dövlət tərəfindən mühafizə olunan təbii abidələr siyahısına daxil edilmişdir. Burada ceyran, cüyür, ayı, canavar, dovşan və yerli faunanı təmsil edən digər heyvanları ovlamaq olar. Respublikanın ən uca zirvəsinə BAZARDÜZÜ dağına (dəniz səviyyəindən 4466 m yüksəklikdə) gedən alpinist marşrutlarından biri bu rayondan keçir.

Rayonun ərazisində tarix, mədəniyyət və memarlıq abidələri çoxdur. Bum kəndindəki məscid (XIX əsr), ƏMİLİ kəndindəki Alban məbədi (IV əsr), BAYRAMKOXA kəndindəki USTACAN qülləsi (IX əsr), NİC kəndindəki HACI QƏRİB məscidi və ÇOTARİ alban kilsəsi, HƏZRƏ kəndindəki ŞEYX BƏDRƏDDİN və ŞEYX MƏNSUR türbələri (XV əsr), ŞƏFİLİ kəndindəki məqbərə (XVII əsr), eləcə də HƏMZƏLLİ kəndindəki ŞIXBABA piri (XVI əsr) və KOMRAD dağının zirvəsindəki KOMRAD piri (sağlığında müqəddəs və əməlisaleh hesab edilmiş insanların dəfn edildiyi yerə pir deyilir).

Nİc kəndinin yaxınlığındakı YALOVLU dağında arxeoloqlar qədim insan məskəninin qalıqlarını aşkar etmişlər. Burada tapılmış arxeoloji mədəniyyət nümunələri Azərbaycanın şimal rayonları üçün səciyyəvidir və elmdə "Yalovlu təpə mədəniyyəti" adı ilə tanınmışdır. Burada dəmirdən və tuncdan hazırlanmış silahlar, qızıl əşyalar, dəyirman daşları və başqa nümunələr tapılmışdır. Xalq sənəti növlərindən ağac emalı (VƏNDAM kəndi), dulusçuluq (QƏMƏRVAN kəndi), xalçaçılıq (LAZA və BUM kəndləri) geniş inkişaf etmişdir. Bum kəndində yaradılmış ZOP-ZOPA folklor ansamblı xarici ölkələrdə keçirilən müxtəlif festifallarda uğurla çıxış etmişdir. Qəbələ rayonunun NİC kəndində udinlər yığcam halda yaşayırlar. Qədim albanların sələfləri hesab edilən bu etnik qrup öz əcdadlarının ənənələrini, dilini, maddi və mənəvi mədəniyyətini bu günədək qoruyub saxlaya bilmişdir.

Rayonun inzibati mərkəzi olan QƏBƏLƏ ŞƏHƏRİ Şahdağın ətəklərində yerləşir. Eramızın I əsrinə aid Yunan və Roma yazılı mənbələrində (Pliniy) adı çəkilən qədim KABALA şəhəri təqribən 2000 il bundan əvvəl salınmış və 600 ildən çox bir müddətdə Qafqaz Albaniyasının paytaxtı olmuşdur. Qədim Qəbələ şəhərinin xarabaları müasir Qəbələnin yaxınlığında (ondan 15 km məsafədə) QARAÇAY və COVURLUÇAY çaylarının arasındakı ərazidə yerləşir. Qəbələ şəhərinin özündə İMAM BABA türbəsi (XVIII əsr) və CÜMƏ MƏSCİDİ kimi abidələr qalmışdır. Şəhərdə kiçik bir tarix-diyarşünaslıq muzeyi də var. Bu muzeydə rayon ərazisində aşkar edilmiş çoxsaylı arxeoloji tapıntılar toplanmışdır.

OĞUZ

OĞUZ RAYONU ölkəmizin Şəki-Zaqatala zonasında Böyük Qafqazın cənub yamaclarında yerləşir. Şimaldan Rusiya ilə həmsərhəd olan bu rayon o qədər gözəldir ki, onu haqlı olaraq, "Azərbaycanın İsveçrəsi" adlandırırlar. Rayon ərazisinin yarısından bir qədər azı meşələrlə örtülüdür. Burada çoxlu şəlalə, kükürdlü və termal su bulaqları var. Rayonun faunası dovşan, ayı, dağ keçisi, qaban, qırqovul, kəklik, qaz, həmçinin som və forel balıqları ilə təmsil olunmuşdur. Rayon ərazisində müxtəlif meyvələr və giləmeyvələr - qoz, fındıq, alma, armud, zoğal, yemişan, gilas, alça, qarağat və moruq yetişir.

Ənənəvi xalq sənətlərindən xalçaçılıq (Filfilli kəndi), metal və ağac üzərində oyma (BAŞ, DAŞ, AĞIL kəndi) davam etdirilir. Buradakı insanlar hələ neolit dövründə oturaq həyat tərzi keçirirdilər. Bizim eranın əvvəllərində bu ərazi Qafqaz Albaniyasının tərkibinə, XVIII əsrdə isə Şəki xanlığının tərkibinə daxil olmuşdur. Arxeoloqlar KƏRİMLİ və QARABALDIR kəndlərinin yaxınlığında qədim insan məskənləri aşkar etmişlər. Burada nizələr üçün ucluqlar, tunc silah, daşdan hazırlanmış qadın heykəlləri və əsalar tapılmışdır.

Rayon ərazisində qədim tarix və memarlıq abidələri çoxdur. XAÇMAZ kə¨ndi yaxınlığındakı SARISU çayının üstündəki DAŞÜZ körpüsü (XIX əsr), SİNCAN kəndindəki MƏSCİD (XVIII əsr), KƏRİMLİ kəndindəki MƏQBƏRƏ (XV əsr), MUXAS kəndindəki üçmərtəbəli qüllə (XIV əsr), XAÇMAZ kəndində QALADAĞ dağının zirvəsində yerləşən müdafiə təyinatlı QABUR qülləsi (VII-XIV əsrlər) yenə də QALADAĞ zirvəsinin yaxınlığında yerləşən, lakin içməli su ilə təchiz olunan GAVURQALA qülləsi (VII əsr), FİLFİLLİ çayının yaxınlığında, QALAÇAY çayının sahilində yerləşən, çay daşından tkilmiş SURXAYXAN qülləsi (XVIII əsr) və s.

Rayonun inzibati mərkəzi OĞUZ ŞƏHƏRİDİR. Oğuz şəhərinin ərazisində qədim SİNAQOQALI (1849-cu il) YƏHUDİ QƏSƏBƏSİ, hazırda yerli diyarşünaslıq muzeyinin yerləşdiyi ALBAN MƏBƏDİ, Azərbaycan ərazisində hazırda fəaliyyətdə olan ən qədim məktəblərdən biri - XIX əsrdə tikilmiş məktəbdir (PADAR və XAÇMAZ kəndlərində də bu cür məktəblər var).

Burada şəhərdən 15-20 km aralıda balıq və heyvan ovu üçün münasib yerlər çoxdur. Şəhərdə və kəndlərdə sizi müşayiət etmək üçün yerli sakinlərdən bələdçilər tuta bilərsiniz. Oğuza gəlsəniz, ən yaxşısı - yerli sakinlərin şəxsi evlərində qalmaqdır. Nahar və qəlyanaltı etmək üçün "Soyuq bulaq", "Qaynana", "Şahdağ", "Qobur", "Kərimli" restoranlarına gedə bilərsiniz.

ŞƏKİ

ŞƏKİ RAYONU Böyük Qafqaz dağlarının mənzərəli cənub yamaclarında yerləşir. Şəkinin həndəvərində erkən orta əsrlər memarlığının çoxsaylı abidələri - qalalar, müşahidə qüllələri, kilsələr, Qafqaz Albaniyası dövrünə aid məbədlərin xarabalıqları qalmışdır. BİDEYİZ, BAŞ KÜNCÜT, ORTA ZƏYZİT kəndlərindəki abidələr, KİŞ kəndində müqəddəsi Yelisey tərəfindən ucaldılmış kilsə daha çox maraq doğurur. Bu kilsə Müstəqil Dövlətlər Birliyinin ərazisində ən qədim xristian tikilisi hesab edilir. Hazırda həmin kilsə bərpa edilmiş və muzeyə çevrilmişdir.

ŞƏKİ ŞƏHƏRİ Şəki-Zaqatala rayonunun əsas şəhəridir. Azərbaycanın ən qədim və ən gözəl şəhərlərindən biri olan Şəkinin bizim eradan əvvəl birinci minillikdə salınması güman edilir. Ərəb, türk, gürcü, rus və avropa yazılı mənbələrində bu şəhərin adı çəkilir.

Alimlər belə hesab edirlər ki, bu şəhərin adı bir vaxtlar burada yaşamış Sak tayfalarının adından alınmışdır. Şəki Böyük İpək Yolu marşrutu üzərində yerləşir. Ptolemey Şəki barədə qeydlərində onun adını Niqa kimi yazır. Müasir alimlər bu adda şəhəri qədim Nuxa şəhəri ilə eyniləşdirirlər. Yaşlı sakinlər Şəkini hələ də Nuxa adlandırırlar. 1772-ci ildə Şəkini sel basanda şəhər sakinləri yaxınlıqdakı salamat qalmış Nuxa kəndinə köçmüşdülər. Xristianlığın geniş yayıldığı dövrdə Şəki Qafqaz Albaniyasının dini mərkəzlərindən biri idi. Ərəb-Xəzər müharibələri dövründə (VII-XIX əsrlər) bu şəhər hərbi münaqişə və toqquşmalar meydanına çevrilmişdir. Ərəb Xilafəti zəyifləyəndə burada yaradılmış knyazlıq Şirvanşahlar dövlətinin tərkibinə daxil idi.

Elxanilər sülaləsinin hakimiyyəti dövründə Şəkidə tərəqqi mərhələsi başlandı və şəhər yerli hökmdar Sidi Əlinin (Seyid Əlinin) hakimiyyəti altında müstəqil bir ərazinin mərkəzinə çevrildi. Teymurun hücumları zamanı Sidi Əli işğalçılara ciddi müqavimət göstərmiş sonra isə özü başda olmaqla qoşun götürüb o vaxt (1397-1398 illər) ƏLİNCƏ QALASINI qəhrəmancasına müdafiə edən Naxçıvanın köməyinə getmişdir.

Məşhür Şəki bazarlarında qızğın alver gedir, burada taxıl, üstündə döymə üsulu ilə naxış çəkilmiş qab-qacaq, zərgərlərin hazırladığı bəzək əşyaları satılırdı. Şəki ipəyinin müxtəlif növləri olur - yumşaq və qeyri-şəffav, nazik və şəffav, tünd rəngli və ya güləbətin sapla tikilmiş… Bu şəhərin sənətkarları Böyük İpək Yolu boyünca ticarətin inkişafına çox böyük töhfələr vermişlər. Şəki bütün Qafqazın ipəkçilik mərkəzi olmuşdur. 1862-ci ildə Nuxa (Şəki) quberniyasında 62 min 239 pud ipək istehsal edilmişdir. 1861-ci ildə burada ilk ipək əyrici fabrik tikildi. Bu, dünyada ən böyük fabriklərdən biri idi. Artıq 1862-ci ildə Londonda keçirilən beynəlxalq sərgidə Şəki ipəyi qızıl medala layiq görülmüşdü.

Məşhur filosof, yazıçı və maarifçi MİRZƏ FƏTƏLİ AXUNDOV Şəkinin fəxridir. Bu şəhərdə M.F. AXUNDOVUN və SABİT RƏHMANIN ev-muzeyləri yaradılmışdır. ŞƏKİ XAN SARAYI xalq memarlığı ilə (ağac və gəc üzərində oyma) şərqin saray memarlığı ənənələrinin (lakla çəkilmiş divar rəsmləri) əlaqələndirilməsinə aid nadir nümünədir.

XVIII əsrdə tikilmiş AŞAĞI KARVANSARANIN və YUXARI KARVANSARANIN ölçüləri onu göstərir ki, orta əsrlərdə burada ticarət çox geniş inkişaf etmişdir.

Şəkinin yaxınlığında, Kiş çayının qərb sahilində qədim "GƏLƏRSƏN-GÖRƏRSƏN" qalasının xarabalıqları qalmışdır. Bu qalanın adından məlum olur ki, onun müdafiəçiləri düşməni bu qalaya buraxmamaq əzmində olmuş və qalanın məğlub edilməzliyinə əmin olmuşlar. Lev Tolstoyun "Hacı Murad" povestinin qəhrəmanlarının başına gələn hadisələr bu qalada cərəyan edir. Aleksandr Düma, Kempfer və N.Rayevski Şəkidə olmuşlar. N.Rayevski öz məktublarında yazırdı: "Bizim düşərgəmiz yulğun, nar, çinar və başqa ağaclar bitən meşədə yerləşir... Nuxa çox gözəl yerdir". 1805-ci ildə Şəki xanlığı Rusiyanın tərkibinə daxil oldu və bir xanlıq kimi onun mövcudluğuna son qoyuldu. Artıq 1819-cu ildə Rusiya çarının fərmanı ilə Nuxa quberniyası yaradılmışdı və Şəki çarın komendantı tərəfindən idarə edilirdi.

Bu şəhərdə cəlbedici mədəniyyət obyektləri çoxdur: Sabit Rəhman adına Dram teatrı, Dekorativ və Tətbiqi Sənət Muzeyi, Rəsm Qalereyası bu cür obyektlərdir.

Şəkinin sakinləri öz bənzərsiz ənənələrini və qədim sənət biliklərini bu gün də qoruyub saxlamışlar. "KƏLAĞAYI" deyilən ipək baş örtükləri hətta Orta Asiya ölkələrinə də ixrac edilir və orada yerli sənətkarlar tərəfindən ipək üzərində naxış salmaq məqsədilə istifadə edilir. Burada üzərində Şəkiyə xas olan xüsusi naxışlar çəkilmiş taxta sandıqlar da hazırlanır. Yerli zərgərlər tərəfindən hazırlanan bəzək əşyalarının forması isə qədim dövrlərdən bəri az dəyişmişdir. Şəkidə TƏKƏLDUZ deyilən tikmə sənəti yüksək dərəcədə inkişaf etmişdir. Əvvəllər bu işlə əsasən kişilər məşğul olurdu. Bundan əlavə, Şəkidə papaqçılıq, musiqi alətlərinin hazırlanması və ŞƏBƏKƏ sənəti davam etdirilir. Naxışlı taxta şəbəkədən hazırlanan və rəngli şuşə salınan bu cür çərçivələr adətən qapı və pəncərə yerlərində istifadə edilir. Azərbaycanda analoqu olmayan orijinal Şəki mətbəxi də Şəkinin bənzərsiz mədəniyyətinə daxildir. Şəkililərin bişirdiyi qeyri-adi şirniyyat (Şəki halvası) düyü unundan yoğrulmuş xəmırdən nazik yuxa yayılması və onun doğranıb naxışlı şəkildə hörulməsi yolu ilə alınır.

QAX

Respublikanın şimal-qərbində yerləşən QAX rayonu Gürcüstanla həmsərhəddir. Rayonun cənubunda quru, mərkəzdə mülayim isti və subtropik rütübətli iqlim, dağlarda soyuq, yağıntıların müntəzəm paylanması ilə səciyyəvi olan iqlim şəraitinə malikdir. Gördüyümüz kimi, burada nisbətən kiçik bir ərazidə dörd iqlim zonası vardır. Qaxda temperaturun dəyişmə həddi çox böyükdür, dağların zirvəsində mənfi 40 dərəcədən ACINOHUR gölunun yaxınlığında müsbət 40 dərəcəyə qədər temperatur müşahidə olunur.

Rayonun ərazisində "İLİSU" Dövlət Qoruğu yerləşir (sahəsi 9,2 min hektardır). Burada mühafizə olunan əsas obyektlər orta dağlıq qurşaqdakı meşələrdir (qoruğun ərazisinin 90%). Burada təqribən 300 növ bitki, o cümlədən 90 növ oduncaq və kol bitkisi, bir sıra endemik və məhv olmaq həddində olan bitki növlərinə rast gəlmək mümkündür. Dağ meşələrində ayı, dağ keçisi, canavar, qaban, vəhşi pişik və çaqqal yaşayır. QANIQ-ƏYRİÇAY vadisi rayonunda heyvan və balıq ovu üçün münasib yerlər vardır.

Qax rayonunun ərazisində tarixi abidələr çoxdur. Arxeoloqların burada aşkar etdiyi kurqanlar hələ tunc dövründə bu regionun məskunlaşmış olduğunu sübut edir. XVIII əsrdə tikilmiş ULU KÖRPÜ, SUMUQ QALASI və onun mərkəzində yerləşən məscid əvvəllər İlisu sultanlığının paytaxtı olmuşdur. Sumuq xalqın yaddaşında Şeyx Şamilin məsləkdaşı, yerli sultanların sonuncusu olmuş DANİYAL BƏYİN arxasında dayanan qüvvələrdən biri kimi qalmışdır. Bu yerlərdə insanlar çox qədim dövrlərdən məskünlaşmışdır. Arxeoloqlar burada bizim eradan əvvəl I əsrə aid küp qəbirləri aşkar etmişlər. İlisuda hündürlüyü 10 metrə bərabər olan kvadrat şəkilli KEŞİKÇİ QÜLLƏSİ də salamat qalmışdır (XV əsr). Bu kəndin ətrafında çoxsaylı kükürdlü termal bulaqlar vardır.

TİRMƏÇİ kəndinin yaxınlığında, qocaman palıd ağacları bitən meşədə ŞEYX ŞAMİLİN naibi (sərkərdəsi) HACI MURADIN qəbri var. Onun məzarı üzərində qoyulmuş baş daşında ərəb dilində bu sözlər yazılmışdır: "Burada böyük cəfakeş, milliyətcə avar olan Hacı Murad Xunzaxski dəfn edilmişdir".

Qum kəndinin yaxınlığında Qafqaz Albaniyası dövrünə aid abidələr - SIRTQALA istehkamı (XVIII əsr), QUM BAZİLİKASININ xarabaları (V əsr), DƏYİRMİ MƏBƏD (VII əsr), LƏKİT kəndində isə MƏBƏD KOMPLEKSİ (XII əsr) salamat qalmışdır.

SARIBAŞ və CƏLAİR kəndlərində yerli sənətkar qadınlar orijinal naxışlı xalçalar və yun corablar toxuyurlar. QAXBAŞ kəndində isə yerli sakinlər ev şəraitində şərab istehsal edirlər.

Qax rayonunun inzibati mərkəzi - QAX ŞƏHƏRİ dəniz səviyyəsindən 500 metr yüksəklikdə yerləşir. QURMUXÇAY adlı dağ çayının sahilində, Böyük Qafqaz dağlarının ətəklərində yerləşən bu şəhərin adının mənası "Qala" deməkdir.

ZAQATALA

ZAQATALA RAOYNU Böyuk Qafqazın yamaclarında, respublikamızın şimal-qərb bölgəsində yerləşir. Rayon şimal-şərq tərəfdən Rusiya ilə həmsərhəddir. Rayonun relğyefi dağlıq və düzənlik, iqlimi - dağlarda soyuq və düzənliklərdə istidir. Rayonda meşə çoxdur, lakin onlar əsasən dağlarda və dağ ətəyi bölgədə yerləşir. Zaqatala rayonun florası müxtəlif qiymətli ağac növləri ilə zəngindir - şabalıd, qoz, fındıq, palıd, vələs, qarağac və s. Fauna - maral, dağ keçisi, qaban, ayı, canavar, dovşan, hamçinin çoxlu quş növləri ilə təmsil olunmuşdur - qıqovul, kəklik, dağ şahini, çalağan, turac, dolaşa və bülbül.

1929-cu ildə burada, Baş Qafqaz dağlarının cənub yamaclarında "ZAQATALA" Dövlət qoruğu yaradılmışdır. İndi sahəsi 23.843 hektar olan bu qoruq dəniz səviyyəsindən 650-3646 metr yüksəklikdə yerləşir və həm Zaqatala, həm də Balakən rayonlarının ərazisini əhatə edir. Qoruğun ərazisində turistlərin istirahət etməsi və gecələməsi üçün münasib yerlər var. QAS kəndini yaxınlığında qışda bol qar yağır.

Zaqatala rayonunda azərbaycanlılarla yaqaşı başqa millətlərin etnik qrupların nümayəndələri də yaşayır - ruslar, avarlar, ləzgilər, tsaxuolar, tatarlar, ingiloylar - burada təqribən 20-yə yaxın xalq dinc yanaşı yaşayır.

Rayonun tarixi abidələri ən qədim vaxtlarda indiyə qədər salamat qalmış kəndlərdə yerləşir. GÖZBARAX və HALAL kəndlərində 18-ci əsrə aid məsçidlər, KEBELOBA kəndində 14-cü əsrə aid iki qüllə, MAZIX kəndində 12-ci əsrə aid qüllə, YUXARI ÇARDAXLAR kəndində 5-ci əsrə aid pəri qalası, CAR kəndində 14-ü əsrə aid CİNGƏZ qülləsi və rayon Tarix-diyarşünaslıq muzeyi, PAŞAN kəndində Alban qülləsi (13 əsr) və AXAXDƏRƏ kəndindəki Alban qülləsi (12 əsr), rayonun müxtəlif kəndlərində ƏLİABAD və MOSUL kəndlərində 19 əsrdə tikilmiş məsçidlər salamat qalmışdır.

Turistlər Zaqatala şəhərindən 6 km şimal-qərbdə yerləşən CAR kəndinə getməyi çox xoşlayrlar. Bu kənd yerli təbiətin gözəl güşəsi olmaqdan əlavə, orada məhz bu regiona xas olan orijinal memarlaq-inşaat və məişət ənənələri qorunub saxlanmışdır.

Zaqatala rayonunun inzibati mərkəzi olan ZAQATALA ŞƏHƏRİ dəniz səviyyəsindən 535 metr yüksəklikdə TALAÇAY çayının sahilində yerləşir. Şəhərin əhalisinin sayı 109.300 nəfər, Bakıdan məsafəsi 372 km-dir.

Bu şəhər özünün iqlim xarakteristikalarına və gözəl təbiətinə görə əsl kurort adlandırılmağa layiqdir. Burada 15 hektar sahədə mədəniyyət və istirahət parkı salınmışdır, çox maraqlı bir təbii abidə - 800 yaşlı çinar ağacı da burada yerləşir.

Şəhərdəki qədim QALA (1830-cu il) təkçə qədimliyinə görə deyil, həm də ona görə maraqlıdır ki, vaxtilə "POTYOMKİN" zirehli qəmisində qiyam qaldırmış matrosları buradakı həbsxanaya salmışdırlar. Gəmidə təşkil edilmiş qiyamın iştirakçılarından S.Demaşkoya yerli parkda abidə qoyulmuşdur. Pambıqyığan maşının sükanı arxasına keçmiş ilk azərbaycanlı mexanizator qadın Sevil Qazıyevanın abidəsi də maraqlıdır.

Zaqatala şəhərindəki Tarix-diyarşunaslıq muzeyində orta əsrlərə aid əlyazmaların zəngin kolleksiyasının toplanmışdır. Zaqatalaya yay vaxtı gələnlər CAR kəndinin yaxınlığında meşədə yerləşən "LƏZZƏT" istirahət zonasının kotteclərində, AŞAĞI TALA kəndindəki "TALA" otelində və "TURQUT" motelində qala bilərlər.

Şəhərdə nahar etmək üçün "LƏZZƏT", "MURAD", "GÖRÜŞ", "TURAN" və "TALA" restoranlarının xidmətlərindən istifadə edə bilərsiniz.

BALAKƏN

Azərbaycanın şimal-şərqində yerləşən BALAKƏN RAYONU cənubdan və qərbdən Gürcüstanla, şimaldan və şərqdən Rusiya ilə həmsərhəddir.

Rayonun relyefi təzadlı olması ilə seçilir: burada dağlar və düzənliklər bir-birini əvəz edirlər. Düzənlik bölgələrdə mülayim isti, qışda quru, dağətəyi sahələrdə isə yağıntıların mümtəzəm paylanması ilə seçilən mülayim isti, dağlarda isə soyuq rütübətli qış müşahidə olunur (orta illik rütübət səviyyəsi 40% çoxdur).

Burada çoxsaylı dağ çayları, KATEX dağının yaxınlığında gözəl bir göl var, rayonun şimalında isə ərazi başdan-başa meşələrlə örtülmüşdür. Zaqatala qoruğunun ərazisinin yarıdan çox hissəsi Balakən rayonunda yerləşir. 1929-cu ildə burada, Baş Qafqaz dağlarının cənub yamaclarında "ZAQATALA" Dövlət qoruğu yaradılmışdır. İndi sahəsi 23.843 hektar olan bu qoruq dəniz səviyyəsindən 650-3646 metr yüksəklikdə yerləşir. Bu qoruq özünün bitki örtüyünün xarakterinə görə dağlıq-meşəlik (67,4%) və dağlıq-çəmənlik hissələrə bölünə bilər. Qoruğun vlorasına mindən çox, o cümlədən nadir bitki növləri daxildir (vələs, qızılağac, palıd, qoz, şabalıd, akasiya, 30 növdən çox dərman bitkisi). Bu regionun faunası da zəngindir. Qara rəngli qafqaz meşə xoruzunun burada geniş yayılması xüsusi qeyd edilməlidir.

Rayonun ərazisində tarixi və memarlıq abidələri çoxdur. Arxeoloqlar burada erkən dəmir dövrünə aid çoxlu qədim insan məskənləri aşkar etmişlər. Məsələn, MAHAMALLAR kəndindən 2 km aralıda GÖBƏK qayasının yaxınlığındakı NOXO mağarasında erkən dəmir dövrünə aid insan məskənlərinin izləri qalmışdır. Yenə orada, MAHAMALLAR kəndinin yaxınlığında küp qəbirləri (bizim eradan əvvəl II-I əsrlər), pir və yaşayış tikililərinin qalıqları (V-VIII əsrlər), məsçid (XVIII əsr), qüllə (XIX əsr), qala divarları salamat qalmışdır.

QULLAR kəndində XVIII əsrə aid YERALTI SU ANBARI və MƏSÇİD, TÜLÜ kəndində XIV əsrə aid MƏQBƏRƏ, HƏNİFƏ kəndində XIV əsrə aid MƏBƏD, XALATALA kəndində XVI əsrə aid MƏSÇİD, HƏNİFƏ və MAZIMÇAY kəndlərində ALBAN MƏBƏDLƏRİ, QULLAR kəndində, GÜMBƏZ çayının sahilində XII əsrə aid PƏRİ QÜLLƏSİ, MƏKLƏKAN dağında erkən orta əsirlər dövrünə aid ŞƏHƏR YERİ qalmışdır.

Balakən rayonunun inzibati mərkəzi BALAKƏN ŞƏHƏRİDİR. Onun əhalisinin sayı 85.300 nəfər, Bakıdan məsafəsi 394 km-dir. Şəhərdə XVII-XIX əsrlərə aid, minarəsinin qeyri-adi dərəcədə hündür olması ilə maraq doğuran məsçid binası salamat qalmışdır.

Rayonun diyarşunaslıq muzeyində bu region üçün ənənəvi sənət məmulatları, buranın hələ neolit dövründə məskunlaşmış olmasının təsdin edən arxeoloji tapıntılar, diyarın tarixi ilə bağlı hadisələri izləməyə imkan verən digər eksponatlar toplanılmışdır. Balakəndə misgərlik, şəbəkə (qapı və pəncərələr üçün naxışlı ağac çərçivələr hazırlanması), ağac üzərində oyma və dulusçuluq peşələri yaxşı inkişaf etmişdir. Azərbaycanda nadir hallarda rast gəlinən TƏKƏLDUZ tikmə növü də burada qorunub saxlanmışdır (Təkəlduz - tünd fonda ipək sapla əlvan fantastik naxışlar tikmək sənətinə deyilir).

Balakəndə sahəsi 7,5 hektar olan böyük şəhər parkı var. Şəhərdə gəzintidən sonra bu parkda dincəlmək mümkündür.

Buraya gələnlər moteldə və mehmanxanada qala bilərlər, lakin mehmanxana və motel qızdırılmadığı üçün orada yalnız yay vaxtı qalmaq məsləhətdir.

Nahar etmək üçün "KATEX", "ŞABALIDLIQ", restoranlarına və açıq səma altında yerləşən çoxsaylı kababxanalara gedə bilərsiniz.


Cənub




SALYAN

Rayonun əhalisinin sayı 115.600 nəfər, rayon mərkəzi - SALYAN ŞƏHƏRİ, onun əhalisinin sayı 36.100 nəfərdir. SALYAN RAYONU Azərbaycanın cənub-şərqində, bənzərsiz mədəni-tarixi ənənələri, unikal bitki aləmi ilə seçilən, uzun ömürlü sakinləri, balıq xörəklərinin üstünlük təşkil etdiyi özünəməxsus mətbəxti ilə ad çıxarmış ən qədim dövrlərdən məskunlaşmış LƏNKƏRAN-ASTARA regionunda yerləşir.

Salyan rayonu müəyyən mənada bu regionun qapısıdır - respublikanın nəqliyyat arteryaları, Azərbaycanı onun cənub regionları ilə, eləcə də Yaxın Şərq ölkələri ilə əlaqələndirən şosse və dəmir yolları bu ərazidə yerləşir.
Çox qədim vaxtlarda burada müxtəlif tayfalar məskən salmış, tarixin keşməşeşlərində onlar bir-birini əvəz etmiş və Azərbaycan xalqının etnogenezinin komponentlərindən birinə çevrilmişlər. Bu qəbilələrdən biri "sal" adlanırdı. Salyan şəhəri də öz adını bu sözdən almışdır.

Respublikanın əsas çaylarından biri - KÜR çayı Salyan rayonunun ərazisindən axır. Rayonun şərq hissəsi isə Xəzər dənizinin sahillərinə qovuşur. Dənizə və çaya yaxın yerləşməsi bu ərazinin sakinlərinin milli mətbəxtinin xüsusiyyətlərini şərtləndirmişdir.

"ŞİRVAN" MİLLİ DÖVLƏT PARKI burada yerləşir (2003-cü ildə eyni adlı qoruq yenidən təşkil edilərək milli parka çevrilmişdir). Qoruq özü 1969-cu ildə Şirvan ovalığının (yarımsəhra və sulu-bataqlıq ekosistemi ilə seçilən ərazinin) səciyyəvi bitki kompleksinin qorunub saxlanması və çoxaldılması məqsədilə təşkil edilmişdir. Burada yerləşən "BƏNDOVAN" yasaqlığı 1961-ci ildə salınmışdır. 30 min hektar sahəyə malik olan bu yasaqlıq iki inzibati rayonun - Salyan və Qaradağ rayonlarının ərazilərinin bir hissəsini tutur. Yasaqlıq ceyranların və su quşlarının mühafizəsi və baş sayının bərpa edilməsi məqsədilə təşkil edilmişdir.

Bu diyar arxeologiya və salamat qalmış tarix-memarlıq abidələri baxımından da maraq doğurur. XX əsrin 70-80-ci illərində burada orta əsrlər dövrünə aid edilən bir sıra obyektlər aşkar olunmuşdur.

Vaxtilə buradakı şəhər yerləri inkişaf etmiş ticarət və sənətkarlıq mərkəzləri olmuşdur. Buradan çoxsaylı keramika, şüşə və daş məmulatlarının tapılması bu fikri təsdiq edir. sonradan Xəzər dənizində suyun səviyyəsinin artması ilə əlaqədar həmin məskənlər su altında qalmışdır. "Xəzər Atlantidası" deyilən bu ərazinin elmi cəhətdən öyrənilməsi üçün V.Kvaçidzenen rəhbərliyi ilə stasionar sualtı arxeologiya ekspedisiyası yaradılmışdır. Həmin ekspedisiyanın əldə etdiyi tapıntılarla indi Bakıdakı Azərbaycan Tarixi Muzeyində tanış olmaq mümkündür.
Bu rayonda tunc dövründən başlamış erkən orta əsrlərədək zaman kəsiyini əhatə edən bir sıra arxeoloji obyektlər də var. Onların arasında MARIMLI nekropolu, KÜRSƏNGİ kəndində küp qəbrləri nekropolu, indiki NOXUDLU və MAHMUDABAD kəndlərində qədim insan məskənlərinin xarabalıqları xüsusi qeyd edilməlidir.
Rayon mərkəzindən 5 km məsafədə Azərbaycanın çoxsaylı palçıq vulkanlarından biri BABAZANAN vulkanı yerləşir. Bu vulkandan püskürən palçığın müalicəvi xassəsi yerli sakinləri hələ də cəlb edir.

Salyana çatmağa az qalmış DAŞGİL adlanan ərazidə dəniz sahilinin yaxınlığında daha bir palçıq vulkanı nəzərə çarpır. Daşgil yasaqlığı da burada yerləşir. O, su quşları ovlamaq, kütüm, sazan və Xəzər dənizəndə yaşayan digər balıq növlərini ovlamaq üçün münasib yerdir.

Salyan rayonunun inzibati mərkəzi olan SALYAN ŞƏHƏRİNİN Bakıdan məsafəsi 126 km-dir. Budara XIX əsrə aid edilən qədim məscid dövlət tərəfindən mühafizə edilən memarlıq abidəsidir. Hazırda buraya gələn səyahətçilər və turistlər müasir KARVANSARANIN xidmətlərindən istifadə edə bilərlər. Burada yerli qədim Azərbaycan mətbəxtinin xörəklərini dadmaq mümkündür.

Salyan rayonuna gələnlər Bakı-Salyan yolunun üstündə, Salyana çatmağa az qalmış, dəniz sahilinin yaxınlığında yerləşən "KALİFORNİYA" motelində də qala bilərlər.

Salyanın özündə nahar etmək üçün "TƏNDİRXANA" restoranına və ya açıq havada fəaliyyət göstərən çoxsaylı kafelərdən birinə gedə bilərsiniz.

BİLƏSUVAR

Rayonun əhalisinin sayı 78.900 nəfər, rayon mərkəzi - Biləsuvar şəhəri, onun əhalisinin sayı 18.000 nəfərdir. BİLƏSUVAR rayonu qərbdən İranla həmsərhəddir. Buranın iqlimi yarımsəhra və quru səhra iqlimi olub yayı quraqlıq keçir. İqlim şəraitinin xüsusiyyətləri burada pambıqçılığın, taxılçılığın və heyvandarlığın inkişaf yaratmışdır. Bir fərziyyəyə görə bu rayonun adı su axtarışı ilə bağlıdır - "Biləsuvar" sözünün mənası "burada su var" deməkdir. Başqa bir versiya isə ondan ibarətdir ki, bu ad səhrada su tapmağı bacaran insanların olması ilə bağlıdır. Bu versiyaya görə "Biləsuvar" - suyun harada olmasını bilən insan deməkdir.

Azərbaycanın bütün ərazisində olduğu kimi Biləsuvar rayonunun ərazisi də ən qədim vaxtlardan insan məskəni olmuşur. Bunu rayon ərazisində aşkar edilmiş çoxsaylı arxeoloji tapıntılar və memarlıq abidələrinin qalıqları da təsdiq edir. ÇÖL AĞDAM, İÇƏRİ AĞDAM, TORAĞAYLI kimi şəhər yerləri antik dövrə və erkən orta əsrlərə aiddir. Təəssüf ki, bu arxeoloji obyektlərin əksəriyyəti hələ tədqiq edilməmişdir.

BİLƏSUVAR kiçik şəhərdir. O, Bakıdan 182 km məsafədə yerləşdir. Buraya gələnlər mehmaxanada və ya qonaq evində qala bilərlər. Nahar etmək üçün kababxanalardan birinə və ya "ZİRVƏ" klubuna müraciət edə bilərsiniz.

CƏLİLABAD

Rayonun əhalisinin sayı 177.700 nəfər, rayon mərkəzi Cəlilabad şəhəri, onun əhalisinin sayı 35.700 nəfərdir. CƏLİLABAD RAYONU Kür-Araz ovalığının sərhəddində yerləşdir. Burada iqlim zonaları yağıntıların demək olar ki, müntəzəm paylandığı mülayim isti iqlimdən başlamış, yayın quraqlıq keçməsi ilə səciyyəvi olan yarımsəhra və quru çöl iqliminə qədər dəyişir. İNCƏÇAY, BULQARÇAY, MİŞARÇAY, GÖYTƏPƏÇAY çayları bu rayonun ərazisindən axır. Bu bölgədə üzümçülüyün intensiv inkişaf etmiş rayonun iqlim və relyef xüsusiyyətləri ilə bağlıdır. Əvvəllər bu vilayət bütövlükdə keçmiş SSRİ üçün müxtəlif növ dənli bitkilərin əsas tədarükçüsü idi. İndi həmin ənənələrin dirçəldilməsi istiqamətində fəal iş aparılır.
Cəlilabad rayonunun ərazisi ov üçün əla yerdir. Təqribən 14,7 min hektar sahə meşələrlə örtülüdür. "ZƏVVAR" ovçuluq təsərrüfatında su quşları ovlamaq olar. Rayonun faunası canavar, dovşan, porsuq, qaban, tülkü, vəhşi ördək, qaz, qartal, turac və digər canlılarla təmsil edilmişdir.

Cəlilabad rayonunun inzibati mərkəzi - CƏLİLABAD ŞƏHƏRİ Bakıdan 208 km məsafədə yerləşir. Arxeoloqlar bu şəhərin kənarında HƏMŞƏHRƏTƏPƏ adlı qədim şəhər yeri aşkar etmiş və orada qazıntı işləri aparmışlar. Qazıntı nəticəsində eneolit dövrünə aid maddi mədəniyyət predmetləri tapılmışdır. Alimlərin fikrincə erkən zərdüştilik dövründə ari tayfalarından biri - məşhur maqlar tayfası məhz burada yaşamışdır. MAQLAR qəbiləsinin nümayəndələri ənənəyə görə bu qədim dinin kahinlərinə çevrilir və onun ali kahinlər kastasının sıralarına qoşulurdular. Onlar təbabətin və zərdüştilik astrologiyasının sirlərini mənimsəmişdilər. Bu insanlar o qədər bacarıqlı idilər ki, zaman keçdikcə həmin qəbilənin adı xüsusi isimə çevrilərək "Magiya" şəklinə düşmüşdür. HƏMŞƏHRƏTƏPƏ şəhər yerinin kiçik təpəliklərində məişət əşyaları və zərdüştilik dininə görə müqədəs içki sayılan XAOMA hazırlamaq üçün vasitələr tapılmışdır.

Rayon ərazisində çoxsaylı kurqanlar, şəhər yerləri, insan məskənləri və nekropollar tapılmışdır. Onların yaradılma dövrü tunc dövründən başlamış erkən orta əsrlər dövrünə qədər zaman kəsiyini əhatə edir.

Şəhər lap əvvəldə XASILI adlanırdı. Sonradan onun adı dəyişdirilərək ASTRAXANBAZAR kimi işlədilməyə başladı. Şəhərin indiki adı Şərqdə ilk satirik jurnal olan "MOLLA NƏSRƏDDİN" jurnalının banisi və əvəzsiz baş redaktoru CƏLİL MƏMMƏDQULUZADƏNİN şərəfinə verilmişdir.

Cəlilabadda kiçik bir diyarşünaslıq muzeyi, park, mehmanxana və motel vardır. Şəhərdə nahar etmək istəyənlər çoxsaylı kiçik restoran-kababxanalara, yaxud "YURD" restoranına gedə bilərlər.

MASALLI

Rayonun əhalisinin sayı 180.300 nəfər, rayon mərkəzi - MASALLI ŞƏHƏRİ, onun əhalisinin sayı 9.400 nəfərdir. MASALLI RAYONU bu regionun əsas nəqliyyat arteriyası - Azərbaycan paytaxtından cənuba, İrana doğru gedən magistral yolun üzərində yerləşir. Rayonun sərhədlərindən biri Xəzər dənizi sahilləri digəri Talış dağlarıdır. Ərazinin relyefinin müxtəlifliyi - dağlar və düzənliklər (Lənkəran ovalığı), burada iqlimin də xeyli dəyişkən olmasını şərtləndirir. Beləki rayonun iqlimi yayda quraqlıq, mülayim isti havalarla, həmçinin subtropik iqlimə xas olan cizgilərlə əlamətdardır. Rayon ərazisindən axan VİLƏŞ, ALVADIÇAY və TATYAN çayları Xəzər dənizinə tökülür.
Masallı rayonu mineral su bulaqları ilə zəngindir. Onların arasında termal sulu olanlar da var, buz kimi soyuq suyu ilə seçilənlər də. Bəzi bulaqların suyunun tərkibində çoxlu kükürd və digər mikroelementlər vardır. Rayonun mənzərəli dağlıq guşələrinin birində İSTİSU mineral bulağı yerləşir. Bu bulağın suyu müalicəvi xassələrə malikdir. Buraya müalicə olunmağa gələnlər də var, elə-belə istirahat etməyə gələnlər də. Termal su şəlaləsi və asma körpü bu yerlərə xüsusi gözəllik verir. Çox porulyar müalicəvi mineral su olan İstisu qablaşdırılaraq ölkənin apteklərində satılır.

Masallı rayonunun inzibati mərkəzi olan MASALLI ŞƏHƏRİ Bakıdan 230 km aralıda yerləşir. Vaxtilə bu yerlərdə "masal" adlı bir qəbilə yaşayırmış. Xalqın yaddaşında həkk olmuş bu ad şəhərin müasir adını şərtləndirmişdir. Masallının həndəvərində meşədə kiçik mənzərəli bir göl var. Bura həm yerli sakinlərin həm də şəhərin qonaqlarının sevimli istirahət yeridir.

Masallı şəhərinin ərazisində mövcud tarix-memarlıq abidələri XIX əsrdə tikilmiş məscid, qədim hamam, ƏRKİVAN qülləsi və Diyarşünaslıq muzeyinin binası ilə təmsil edilir. DİGAH və BORADİGAH kəndlərindəki XVI əsrə aid məscidlər, SEYİD SADIQ məqbərəsi də maraqlı abidələrdir. Ənənəvi xalq sənəti məmulatları (həsir, baş yaylıqları, duluzçuluq və ağac məmulatları, xalçalar, corablar) MUSAKÜÇƏ, TÜRKOBA, QƏRİBLƏR, KOLATAN, SIĞDAŞ və başqa kəndlərdə hazırlanır.

Masallıdan Lənkərana gedən yol boyunca, Xəzər dənizinin cənub-qərb sahillərində (QIZILAĞAC körfəzi) QIZILAĞAC qoruğu yerləşir. Bu qoruğun ərazisi körfəzin bütün akvatoriyasını, eləcədə yaxınlıqdakı quru sahələrini əhatə edir. Qoruq 1929-cu ildə su-bataqlıq və çöl quşlarının mühafizə edilməsi və çoxaldılması, köçəri quşların qışlama yeri olan su və yarımsəhra təbii komplekslərinin mühafizəsi məqsədilə yaradılmışdır. Burada yaşayan 248 növ quş və 54 növ balıq arasında Qırmızı kitaba daxil edilmiş növlər də var.

LƏNKƏRAN

Lənkəran rayonunun ərazisi Xəzər dənizinin şərq sahillərini və Talış dağlarına qədər olan hissədə bütün Lənkəran ovalığını əhatə edir. Xəzər dənizinin buradakı sahillərində çoxlu rahat qumlu çimərliklər salınmışdır. Rütubətli subtorpik iqlim, qışın sərt keçməməsi, quru və qızmar yay günləri, yağışlı payız fəsli bu regionun zəngin flora və faunasını şərtləndirmişdir. LƏNKƏRANÇAY, VERAPVUL, QUMBAŞI, BOLADI çayları yazda və payızda əsasən yağış suları hesabına daşır, yayda isə sakitləşir və nəzərə çarpacaq dərəcədə dayazlaşırlar. Buna görə də bu ərazidə kənd təsərrüfatı bitkilərinin suvarılması məqsədilə Xanbulançay su anbarı yaradılmışdır.
Lənkəran rayonu Azərbaycanın daha bir mühüm kənd təsərrüfatı regionudur. Onun özünəməxsus iqlim şəraiti burada çay naringi, xurma, feyxoa və bir neçə limon növü ilə təmsil olunan subtorpik bitkilər becərilməsini şərtləndirmişdir. Lənkəranın məşhur çayı öz keyfiyyətinə və ətrinə görə klassik Hindistan çayından heç də geri qalmır.

Təsadüfi deyildir ki, burada mahir oyma işi ustaları yetişir. Axı bu diyar nadir və endemik növlər də daxil olmaqla unikal ağac növləri ilə zəngindir. Məşhur dəmirağac, propka ağacı, məxməri qayın ağacı, hirkan şəmşidi, ipək akasiya, palıd, evkalipt, bir də Talış dağlarının əsas meşə ağacı sayılan enliyarpaq palıd bu meşələrin bir növ rəmzidir. Bundan əlavə Lənkəran meşələrində çoxlu yabanı meyvə ağacları, dərman otları və kollar bitir. Buna görə də təəccüblü deyildir ki, Lənkəran rayonunun ərazisində iki qoruq və bir yasaqlıq yaradılmışdır.
"QIZILAĞAC" Qoruğu Xəzər dənizinin cənub-qərb sahillərində Qızılağac körfəzi rayonunda yerləşir. Bu qoruğun ərazisi böyük Qızılağac körfəzinin bütün akvatoriyasını, kiçik Qızılağac körfəzinin şimal hissəsini, eləcədə sahilyanı zonanın yaxınlıqdakı hissələrini əhatə edir. qorub 1929-cu ildə qışlayan və köçəri su, bataqlıq və çöl quşlarının mühafizə edilməsi və çoxaldılması məqsədilə yaradılmışdır. Burada 248 növ quş və 54 növ balıq vardır.
Ərazisinin sahəsi 21.435 hektar olan HİRKAN QORUĞU da bu rayonda yerləşir. 2004-cü ildə həmin qoruq HİRKAN MİLLİ PARKINA çevrilmişdir. Milli park Astara və Lənkəran rayonlarının ərazisinin bir hissəsini tutur. Kiçik Qızılağac yasaqlığı (sahəsi 10,7 min hektar) 1978-ci ildə kiçik Qızılağac körfəzində qışlayan, köçəri su, bataqlıq və suətrafı sahədə yaşayan, o cümlədən nadir və məhv olmaq həddində olan quşların mühafizə edilməsi və onların baş sayının bərpa olunması məqsədilə yaradılmışdır. Bu yasaqlıq bilavasitə Qızılağac qoruğu ilə həmsərhəddir.

Lənkəran rayonunun inzibati mərkəzi Lənkəran şəhəridir. Əhalinin sayı 193.700 nəfər, Bakıdan məsafsi 268 km-dir. Şəhərin əlverişli coğrafi mövqeyi münbit torpağı təbii ehtiyatları həmişə adamları buraya cəlb etmişdir. Lənkəran ölkənin cənub-şərqində, Lənkərançay çayının sahilində yerləşir. Belə hesab edirlər ki, şəhər təxminən 300 il bundan əvvəl elə burada, dənizin yaxınlığında salınmışdır. Əvvəlcə keşikçi qüllələri ilə təchiz olunmuş qala tikilmiş, mayak qurulmuşdur. Şəhərin ilkin adı "LƏNGƏRKÜNAN" olmuşdur. Bu sözün mənası lövbərli dayanacaq, yəni liman deməkdir.

Lənkərandakı tarixi memarlıq abidələrindən indiyədək salamat qalanlar orijinal fasad naxışları ilə diqqəti cəlb edən Xan evi, Kiçik qala məscidi, Güldəstə minarəsi və qədim Hacı Mirzə hamamıdır. Şəhərdəki tarix muzeyinə baş çəksəniz bu diyarın tarixi ilə tanış ola bilərsiniz. Muzeyin özünün binası da memarlıq baxımından çox maraqlıdır. Şəhərdə dekorativ-tətbiqi sənət emalatxanaları çoxdur. Orada çılışanlar ağac, daş və metal üzərində oyma sənəti ilə məşğul olur. Lənkəranda fəaliyyət göstərən teatrın ilk tamaşası 1850-ci ildə olmuş, həmin tamaşadan əldə edilən gəlir isə tam həcmdə yerli yoxsullara paylanmışdır. Şanlı sərkərdə - general Həzi Aslanov da bu şəhərdə doğulmuş və yaşamışdır. İndi onun doğulduğu evdə muzey ekspozisiyası açılmışdır.

Lənkəranın ətrafındakı Boladi, Vilvan və Veravul kəndlərində ənənəvi xalq sənəti növləri - zərgərlik, xalçaçılıq, həsir toxuma sənətləri geniş inkişaf etmişdir. Bəzi mənbələrə görə vaxtilə bütün Lənkəran şəhəri qamış basmış bataqlıq ərazidə salınmışdır. Lənkəranın ətrafındakı memarlıq və tarix abidələrindən bir qismi zəmanəmizə qədər salamat qalmışdır: Yuxarı Nüvədi kəndindəki Əbirlər qülləsi, Şıxakaran kəndindəki Şeyx Zahid qülləsi, Lənkərandan bir qədər qərb tərəfdə isə qədim Balabur qalasının xarabaları qalmışdır. Bu qalanın tikintisində inşaat materiallarının çox maraqlı bir qarışığından - bişmiş qırmızı kərpicdən və çay daşından istifadə edilmişdir. Xalq arasında Boz qala deyilən bu qalada keramikadan hazırlanmış su kəməri boruları hələ də salamat qalmışdır. XVIII əsrdə Qara xanın hakimiyyət dövründə Lənkəran Talış xanlığının mərkəzinə çevrilir. Bu vaxtdan etibarən onun mədəni və iqtisadi inkişaf dövrü başlanır, sənətkarlıq, xüsusən metal üzərində iş tərəqqi edir. Dəmirçilik və zərgərlik, misdən qab-qacaq hazırlanması ilə məşğul olan sənətkarlar çoxalır. Lənkəran mühüm ticarət mərkəzinə çevrilir. İrandan, Mərkəzi Asiyadan, Hindistandan və Rusiyadan gələn mallar buradan keçirdi. Şəhərdə geniş infrostruktura malik olan 9 böyük bazar vardır. Bu şəhər özünün əlverilşi geosiyasi vəziyyətinə və sərvətlərinə görə qonşu xanlıqların və daha iri dövlətlərin işğalçılıq iştahalarını həmişə qıcıqlandırırdı. 1795-ci ildə İran şahı Ağaməhəmməd Qacarın qoşunları Lənkəranı qarət etdi. 1813-cü ildə isə Rusiya bütün Lənkəran xanlığını tutdu və sonralar Türkmənçay müqaviləsi bu işğalı bir növ qanuniləşdirdi.

LERİK

Rayonun əhalisinin sayı 67.400 nəfər, rayon mərkəzi - Lerik şəhəri, onun əhalisinin sayı 6.900 nəfərdir. Azərbaycanın ən gözəl guşələrindən biri olan Lerik rayou Talış dağlarının qoynunda yerləşir. Buranın gözəl təbiəti meşənin ətri duyulan dağ havası, bulaqlar, çaylar, münbit torpaq bu diyarın sakinlərinin uzunömürlü olmasını şərtləndirir. Lerikdə yay fəslində havanın temperaturu çox nadir hallarda + 25 dərəcəni keçir. Lakin yazda yağışların çox yağması bəzən yollarda gediş-gəlişi çətinləşdirir, bəzi kəndlərə gedib gəlmək tamamilə namümkün olur. Lerik meşələrinin əlçatmaz guşələrində yaşayan bəbir bu gün xüsusi proqramla qorunur.
Burada qaban, tülkü, dovşan, quş (ördək, kəklik) ovlamaq üçün hər cür şərait var. Talış dağlarının ən yüksək nöqtələri KÖMÜRGÖY (2492 m) və QIZYURDU (2433 m) zirvələridir.

 Bu diyarın çox özünəməxsus tarixi var və bu tarix bütün Azərbaycanın mürəkkəb tarixinin ən maraqlı məqamlarını özündə əks etdirir. Lerik rayonunun ərazisində bu diyarın hələ neolit dövründə məskunlaşmış olmasını sübut edən çoxsaylı mədəniyyət və tarix abidələri qalmışdır. Məsələn, daş dövründən qalmış mağara şəklində düşərgə yeri, MİSTAN dağ kəndinin yaxınlığında dəniz səviyyəsindən təqribən 2430 m yüksəklikdə yerləşən qədim Qızyurdu məskəni bu qəbildəndir.

Conu kəndinin yaxınlığındakı Baba Həsən məqbərəsi, Mondigah kəndindəki Baba İsa məqbərəsi, Xanəgah kəndindəki Xoca Seyid məqbərəsi (XIV əsr), Kekonu kəndinin yaxınlığındakı Pir Yusif məqbərəsi, Cəngəmiran kəndinə gedən yolun kənarındakı Cabir məqbərəsi (XII-XIV əsrlər) və Xəlifə Zəkəriyyə məqbərəsi yerli sakinlər tərəfindən mühafizə olunur, həmin məqbərələrin ərazisindəki qədim və adi yaşlı ağaclara səcdə edilir. Vaxtilə Aleksandır Düma Cəngəmiran kəndində olmuş, sonradan öz əsərlərinin birində bu kənddə yaşayan qadınlardan birinin qəhrəmanlıqlarla dolu taleyini poetik şəkildə təsvir etmişdir.

Lüləkəran kəndində XIX əsrdə inşa edilmiş orijinal məscid salamat qalmışdır. Rayonun bir sıra kəndlərində daşdan düzəldilmiş qoç fiqurlarının saxlanması da diqqətəlayiq faktdır.

Yuxarıda qeyd edildiyi kimi, Lerik rayonu uzunömürlülər diyarı kimi məşhurdur. Məsələn bu rayonun sakini ŞİRƏLİ MÜSLÜMOV (1812-1975) 163 il fəal həyat tərzi keçirmiş, uzunömürlülük üzrə dünya rekordu müəyyən etmişdir. Rayonun digər sakini MAHMUD EYVAZOV (1808-1958) 150 il yaşamışdır. Lerikdə bu gün də yaşı bir əsri keçmiş, lakin əmək qabiliyyətini itirməmiş onlarca sakin yaşayır.

Rayonda xalq sənəti növlərindən xalçaçılıq, ağacdan müxtəlif məişət əşyalarının hazırlanması, eləcə də dulusçuluq sənəti daha çox inkişaf etmişdir. Buradakı xalça toxuculuğunun məxsusi cəhəti ondan ibarətdir ki, bu xalçalar ənənəvi şaquli dəzgahlarda deyil, birbaşa döşəmə üzərində yerləşən üfiqi dəzgahda toxunur.
Rayonun inzibati mərərkəzi Lerik şəhəridir. Bakıdan məsafəsi 325 km olan Lerik şəhəri Talış dağlarının ətəyində, məhsuldar düzənlik sahədə yerləşir. Burada tarix-diyarşünaslıq muzeyinə getmək, Qarabağ münaqişəsinin qurbanlarının xatirəsinə ucaldılmış memoriala baxmaq mümkündür.

Lerikə gələnlər yerli sakinlərin mənzillərində eləcədə Lənkəran-Lerik yolu boyunca yerləşən çoxsaylı istirahət zonalarında qala bilərlər. Onların ən porulyarları "Şəlalə" və "Meşəçi" istirahət zonalarıdır.

ASTARA

Rayonun əhalisinin sayı 88.500 nəfər, rayon mərkəzi - Astara şəhəri, onun əhalisinin sayı 14.800 nəfərdir. Astara rayonu Azərbaycanın cənub-şərqində İranla sərhəddə yerləşir. Rayonu ərazisinin bir hissəsini Talış dağları qalan hissəsini ovalıq sahə tutur. Bu regionun özünəməxsus iqlim şəraiti də bununla bağlıdır.

Meşələrin sahəsi 37. 000 hektardır. Mənbəyini Talış dağlarının zirvələrindən götürən Astaraçay və Təngərüd çayları Xəzər dənizinə tökülür. Astaranın bitki aləmi zəngin və rəngarəngdir. Burada yabanı heyva, əzgil, yemşan, böyürktək, ipək akasiya, həmişayaşıl iynəyarpaq bitkilər, həmçinin linanalar fəsiləsinin nümayəndələri bitir. Çox ağır olduğuna görə suda baxan məhşur dəmirağac da burada bitir. Ta qədim zamalardan yerli sakinlər bu ağacdan toxucu dəzgahları, müasir dövrdə isə toxuculuq sənayesində istifadə edilən dəzgahlar üçün müəyyən detallar hazırlayırlar.

Rayonun florası kimi faunası da rəngarəngdir. Astara meşələrində cüyür, canavar, çöl pişiyi, maral və digər vəhşi heyvanlar sərbəst şəraitdə yaşayırlar. Xəzər dənizinin sahillərində isə təmiz, şəffat sulu çoxlu çimərliklər salınmışdır.

Hirkan Milli parkının bir hissəsi bu rayonun ərazisində yerləşir. Bu fakt ekoloji turizm həvəskarlarını Astaraya cəlb edir. Rayonun İran sərhədinin yaxınlığında İstisu adlanan sahədə müalicəvi mineral su bulaqları çoxdur. Bu rayonda çayçılıq və tərəvəzçilik geniş inkişaf etmişdir. Sitrus bitkiləri yetişdirilir.

Rayonun ərazisində çoxsaylı (təqribən 400) tarix və memarlıq abidəsi vardır. Demək olar ki, hər bir kənddə bu diyarda ta qədim dövrdən insan yaşamasını sübut edən izlərə rast gəlmək olar. Məsələn, Şindan kəndində bir qüllə var. Onu xalq arasında Babək qalası adlandırırlar. Nudis kəndindəki qüllə, Pensər kəndindəki Məşədi Abutalıb hamamı, Hacı Teymur məscidi və Hacı Cahanbaxış məscidi, Şahağac kəndindəki məqbərə, Ərçivan kəndindəki Kərbəlayı Həmid Abdulla hamamı bu qəbildəndir. Həmin kəndə məhşur kükürdlü bulaq da var. Bu bulağın suyuna yanmış kibriti yaxınlaşdıranda su alışıb yanır. Qapıçı məhəllə kəndində qala qalıqları, VII əsrə aid məqbərə, karvansara, daş dövrünə və tunc dövrünə aid daş heykəllər, Sınıyapert, Lomin və Piləkən kəndlərində XIII əsrə aid körpülərin qalırları hələ də qalmaqdadır.

Astara rayonunun inzibati mərkəzi Astara şəhəri Bakıdan 322 km məsafədə yerləşir. Bakı-Tehran magistralında mühüm tranzit məntəqə olan Astara bir tərəfdən dənizlə digər tərəfdən Talış dağları ilə hüdudlanan kiçik sərhədyanı şəhərdir. Şəhərin ətrafında çəltik zəmiləri diqqəti cəlb edir. Burada balıqçılıq da geniş inkişaf etmişdir - heç bir hadisə yerli milli mətbəxtin xüsusiyyətlərini dəyişə bilməmişdir.
Astaradakı diyarşünaslıq muzeyinin ekspozisiyası kifayət qədər zəngindir. Bu

muzeydə müxtəlif dövrlərdə zərb edilmiş və qədim vaxtlarda bu bölgədə ticarətin təşəkkül tapmasını təsdiqləyən qədim sikkələrlə yanaşı, daşdan yonulmuş insan heykəli də saxlanılır. Bu heykəlin yaşı 2000 ildən çoxdur. Astaraya gələnlər yerli sakinlərin mənzillərində qala bilərlər.


Qərb



HACIQABUL

HACIQABUL RAYONUNUN əhalisi 60 min nəfər, rayon mərkəzi - Hacıqabul şəhəri, onun əhalisinin sayı 22 min nəfərdir. Hacıqabul rayonu Kür-Araz ovalığındakı bərəkətli qədim Muğan diyarının bir hissəsini tutur. İqlimi yarımsəhra, quru və isti, qışı mülayim keçir. Qışda havanın temperaturu müsbət 6 dərəcədən aşağı olmur. Burada yağış az yağır, laikn Kür çayının axarı boyunca tuqay meşələri və kolluqlar vardır.

Müəyyən geoloji dövrdə Xəzər dənizinin təbii çəkilməsi nəticəsində yaranmış HACIQABUL GÖLÜ bu rayonun ərazisindədir. Yaz vaxtı Kür çayının daşması nəticəsində gölün sututar sahəsi genişlənmişdir. İndi Əli Baryamlı Dövlət Rayon Elektrik Stansiyasının (DRES) işlənmiş isti suları da bu gölə daxil olur. Dərinliyi 5 metri aşmayan bu göl qışda donmur. O, köçəri quşların qışlaması, su-bataqlıq quşlarının yuva qurması üçün münasib yer kimi böyük əhəmiyyətə malikdir. Həmin quşların çoxu nadir və məhv olmaq həddinə çatmış növlərə aiddir.
Burada xalçaçılıq hələ qədim dövrlərdən geniş inkişaf etmişdir. Şirvan məktəbinin "Sarı xalça" deyilən əl xalçaları toxumaq ənənəsi hələ də davam edir.

Rayonun inzibati mərkəzi HACIQABUL şəhəri Bakıdan 113 km məsafədə yerləşir. Onun adının mənası "Allah sənin Həcc ziyarətini qəbul etsin" deməkdir. Müsəlmanların müqəddəs Məkkə və Mədinə şəhərlərinə ziyarəti "Həcc" adlanır. Həcc ziyarəti etmiş şəxsə fəxri "Hacı" rütbəsi verilir və bu söz onun adının əvvəlinə əlavə edilir. Mahiyyət etibarilə həcc ziyarəti ruhani anlayışlar kompleksi olub Allahdan rəhm diləmək, müxtəlif tövbələr etmək kimi xahişləri də əhatə edir. Buna görə də Hacıqabul şəhərinin adından məlum olur ki, bura təkcə ticarət karvanları üçün deyil, həm də həcc ziyarəti edənlər üçün düşərgə yeri olmuşdur. Bəzən zəvvarlar karvanlarla gedir, bəzi zəvvarlar isə həcc ziyarətinə piyada getməyi əhd edirdilər. Burada həm zəvvarları, həm də İran körfəzi regionuna səyahətə çıxan tacirləri qəbul etmək üçün karvansaralar olmuşdur.

XVII əsrdə Şah Abbas Hacıqabul gölünün yaxınlığında böyük bir karvansara tiktidirmiş, Səfəvilər sülaləsinin hakimiyyəti dövründə isə şəhər salınmış və o vaxt bu şəhər Mahmudabad adlandırılmışdır. Sonradan bu ad unudulmuş və şəhər yenidən Hacıqabul adlanmağa başlamışdır. Lakin bu ərazidə hələ 5 min il bundan əvvəl insanlar yaşayırmış - arxeoloqlar şəhərin şimal-qərbində HARAMI dağında tsiklopik tikililərin qalıqlarını aşkar etmişlər. Bu tikililərin divarlarında petroqliflər diqqəti cəlb edir. Onun yaxınlınğındakı daşların üzərində də insanları və qeyri-adi, fantastik heyvanların təsvirləri aşkar edilmişdir. Alimlər bu obyektin eneolit dövründə yaranması güman edirlər. Hacıqabul yaxınlığında digər tarix-arxitektura abidələri də qalmışdır. Qubalı Baloğlan kəndində Pir Hüseyn xanəgahına qədim minarəli məscid, qala divarları, karvansara, yaşayış binaları (XIII-XIV əsrlər), XI əsrdə yaşamış Şeyx Hüseynin məqbərəsi (Şeyxin şərəfinə tikilmiş bu məqbərə onun ölümündən iki əsr sonra ucaldılmışdır), eləcə də qədim körpü (XVII-XIX əsrlər) daxildir. Xanəgahın üzərinə şir (rəng) çəkilmiş kaşısı haqlı olaraq bütün müsəlman Şərqində ən yaxşı kaşılardan hesab edilir. Hazırda bu kaşıların bir qismi Sankt-Peterburqdakı Dövlət Ermitajında və Bakıdakı Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyində saxlanılır. Udulu kəndində erkən orta əsrlər dövrünə aid Güngörməz müdafiə qülləsi salamat qalmışdır. Bu qüllənin adından görünür ki, orada müdafiə olunan insanlar son nəfəsə qədər düşmənlərə güzəşt etməmək əzmində olmuşlar.

KÜRDƏMİR

Rayonun əhalisinin sayı 96.400 nəfər, rayon mərkəzi Kürdəmir şəhəri, onun əhalisinin sayı 17.800 nəfərdir. KÜRDƏMİR RAYONU Azərbaycanın tarixi vilayəti olan Şirvanda, Bakıdan şimal-qərb istiqamətində yerləşir. Bu bərəkətli, gözəl diyar turizm və iistirahət üçün çox cəlbedicidir. Bəzən onu Gülüstan adlandırırlar.
Kürdəmirdə yay isti və quraqlıq keçir. İqlimi çöl iqlimi sayılır. Rayonun heyvanat aləmi rəngarəgdir - burada qaban, canavar, tülkü, caqqal, qırqovul, turac, vəhşi ördək və qaz yaşayır. Bu diyarın üzüm bağları çox məşhurdur. Ən məşhur üzüm növü isə "Şirvanşahlı" adlanır. Kürdəmir rayonu özünün xalaçaçılıq ənənələri ilə də ad çıxarmışdır. Dünya bazarında yerli xalçaların ən məşhur növü "Şilyan" xalçasıdır. Bu xalça Kürdəmirin yaxınlığında yerləşən eyni adlı kənddə toxunur.

Kürdəmir rayonunun inzibati mərkəzi KÜRDƏMİR ŞƏHƏRİ Kür çayının sol sahilində, BAKIDAN 189 km məsafədə yerləşir.

Burada Bakı-Gəncə magistralı boyunca yerləşən çoxsaylı kafe və restoranlarda nahar etmək olar. Onlardan ən populyarı - rayon mərkəzindən 5 km qərbdə yerləşən "Qarabağ" restoranıdır.

YEVLAX

Rayonun əhalisinin sayı 110.700 nəfər, rayon mərkəzi Yevlax şəhəri, onun əhalisinin sayı 52.900 nəfərdir. Yevlax rayonu Kür çayının sağ sahilində yerləşir və el arasında GƏNCƏBASAR (keçmiş Gəncə xanlığının ərazisi olduğu üçün belə adlanır) deyilən regionun iri şəhərlərindən biridir. Gəncəbasar bölgəsi Azərbaycanın bir neçə rayonunu əhatə edir. Bu rayonları birləşdirən onların müştərək tarixi və oxşar coğrafi-iqlim şəraitidir.
Yevlax rayonunun inzibati mərkəzi olan YEVLAX ŞƏHƏRİ Bakıdan 280 km məsafədə yerləşir. Yevlax çoxsaylı yolların kəsişdiyi ərazidə yerləşir. Buradan Mingəçevir, Şəki, Balakən, Gəncə və Xankəndi şəhərlərinə birbaşa yollar gedir. Təsadüfi deyildir ki, XII əsrə aid yazılı mənbələrdə Yevlax "Qarabağın qapısı" adlandırılmışdır. Bu "qapılardan" həm karvanlar və səyyahlar keçib gedir, həm də qoyun sürülərini alp çəmənliklərində yerləşən yay otlaqlarına - yaylaqlara aparırdılar. Yevlaxın Qaraməmmədli, Qaranmanlı və Xaldan kəndlərində tunc dövrünə və erkən orta əsrlərə aid bir sıra arxeoloji obyektlər aşkar edilmişdir.

TƏRTƏR


Rayonun əhalisinin sayı 94.200 nəfər, rayon mərkəzi - Tərtər şəhəri, onun əhalisinin sayı 17.900 nəfərdir.
Bərəkətli Qarabağ diyarı Azərbaycanın ən qədim regionlarından biridir. Vaxtilə mərkəzi şuşa şəhəri olan məşhur Qarabağ xanlığı burada yerləşmişdir. Bu diyarda çoxlu tarix-memarlıq abidələri, zəngin fauna və flora vardır. Azərbaycan xalçalarının əlvan növlərindən biri olan Qarabağ xalçası burada yaranmış, məşhur Qarabağ cıdır atları cinsi burada yetişdirilmişdir. Belə zəngin bir təbii şəraitə malik olan bu diyarın Azərbaycan torpağına çoxsaylı istedadlı şairlər, yazıçılar və musiqiçilər bəxş etmişdir. Ən məşhur xanəndələr - muğam ifaçıları (muğam - Azərbaycanın milli musiqi janrıdır) Qarabağdan çıxmışdır. Müğam melodiyaları isə Azərbaycanın milli opera sənətinin əsasını təşkil edir. Təəssüf ki, bu gün Qarabağ ermənilər tərəfindən işğal edilmişdir.

TƏRTƏR RAYONU Tərtərçayın aşağı axarında yerləşir, şimal tərəfdən İncəçayı ilə hüdudlanır, burada qış fəslində temperatur müsbət iki dərəcədən aşağı enmir, yayda isə çox nadir hallarda 25 dərəcəni aşır. Rayon ərazisində iqlim müxtəlifdir - burada bəzi bölgələrdə mülafim iqlim, bəzi yerlərdə isə yarımsəhra iqlimi müşahidə olunur. Məhz bu cür dəyişkən iqlim şəraitinə görə burada qoyunçuluq geniş inkişaf etmişdir. Xaçınçay da bu rayonun ərazisindən keçir. Vaxtilə bu ərazi Azərbaycanın erkən dövlət qurumlarından (Manna, Midiya, Atropaten, Qafqaz Albaniyası) biri olan Albaniya dövlətinin tərkib hissəsi olmuşdur. Digər azərbaycanlılar kimi albanlar da qədim dövrlərdə zərdüştilik dininə sitayiş etmiş, sonradan isə xristianlığı qəbul etmişlər.

TƏRTƏR ŞƏHƏRİ Tərtər rayonunun inzibati mərkəzidir. Şəhər Tərtərçayının hər iki sahilində, Bakıdan 332 km məsafədə yerləşir. Burada heyvandarlıq və kənd təsərrüfatı ilə yanaşı, qədim xalq sənətləri olan xalçaçılıq, toxuculuq və tikmə sənəti ilə də məşğul olurlar. Qədim karvan yolu üzərində yerləşən Tərtər şəhəri vaxtilə Çaparxana adlanmışdır. Rayonun Tərtər, Kəngərli, Qaradağlı, Qaynaq, Azad Qaraqoyunlu kəndlərində bir sıra memarlıq obyektləri vardır.

NAFTALAN

Goranboy rayonunun mərkəzi Goranboy şəhərinin yaxınlığında yerləşən kiçik NAFTALAN ŞƏHƏRİNİN əhalisinin sayı 6.500 nəfərdir. Bu kurort şəhərindəki sanatoriya və pansionatlara gələn xəstələr Naftalan nefti və onun əsasında hazırlanan məlhəmlərlə müalicə alırlar. Naftalan nefti yaraların, dəri, sinir, uroloji və ginekoloji xəstəliklərin, həmçinin qaraciyər, oynaqların və oynaq ətarfındakı yumşaq toxumaların, dayaq-hərəkət aparatının müaliəcsi üçün çox səmərəli vasitədir. Naftalan şəhəri eyniadlı kiçik kəndin yerində salınmışdır. Bu adın əsasını təşkil edən "nafta" sözü isə Azərbaycan ərazisindəki qədim dövlət qurumlarından biri olmuş Midiya dilində "axan, süzülən" deməkdir.

Azərbaycanda hələ bir neçə min il bundan əvvəl müxtəlif məqsədlər üçün neftlə bərabər, naftalandan da istifadə etməyi bacarırdılar. Naftalan neftindən yaraların müalicəsi üçün istifadə edən təkcə yerli sakinlər olmamışdır, vaxtilə Azərbaycana hücum etmiş Makedoniyalı İsgəndərin əsgərləri, Roma legionerləri və vikinqlər, şhmçinin alanlar, xəzərlər və digər qəbilələrin nümayəndələri Naftalan neftindən yaraların müalicəsi məqsədilə istifadə etmişlər. Naftalan həm də ixrac məhsulu olmuşdur. Onu karvan yolları ilə başqa ölkələrə - Kiyev Rus dövlətinə, Mərkəzi Asiyaya, Əfqanistana, Hindistana, İran körfəzi ölkələrinə daşıyırdılar. Orta əsrlərin məşhur səyyahı Marko Polo Naftalan neftini "dəri xəstəliklərinin çarəsi olan sehrli məlhəm" kimi təsvir etmişdir.

XIX əsrdə Bakıda neft sənayesi sürətlə inkişaf etməyə başlayanda Azərbaycanda Avropadan gəlmiş mühəndislərin, sənayeçilərin və bankirlərin sayı xeyli artmışdır. 1874-cü ildə alman mühəndisi Yager yerli sakinlərin naftalan nefti barədə söylədikləri ilə maraqlanmış və Almaniyada "Naftalan" mazının istehsalını tənzimləmişdi. O, həmin məlhəmi dünyanın müxtəlif ölkələrinə ixrac edirdi. Aydındır ki, Azərbaycan Naftalanı əsasında məlhəmlər istehsal edən almanlar yaxşı menecerlər olmuşdur, çünki bu məlhəmdən təkcə Avropa ölkələrində istifadə etmirdilər. 1904-cü ildə Rus-Yapon m&uumpl;haribəsi zamanı yapon əsgərlərinin aptek dəstinə içərisində naftalan mazı olan bankalar da daxil idi. Bu maz ilk tibbi yardım vasitəsi kimi istifadə edilirdi. Həmin bankaların üzərinə belə yazılmışdı: "Kimin əlində bu məlhəm varsa, o heç bir yaradan qorxmasın".
Buraya gələnlər "Çinar" sanatoriyasında qala bilərlər.

GƏNCƏ

GƏNCƏ ŞƏHƏRİ - Gəncə-Qazax ovalığında Gəncəçay çayının sahillərində yerləşir. Çay şəhəri iki hissəyə bölür. Burada iki iqlim zonasını - mülayim-isti yarımsəhra və quru çöl iqliminin, həmçinin mülayim isti iqlim zonasının bir növ sərhədidir. Şəhərin əhalisinin sayı 302.000 nəfər, Bakıdan məsafəsi 375 kmdir.

Gəncə Azərbaycanın ikinci ən böyük şəhəridir. Burada Gəncə Dövlət Universiteti, Kənd Təsərrüfatı Akademiyası, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Filialı, Elmi-tədqiqat Pambıqçılıq İnstitutu, Eksperimental Kənd Təsərrüfatı Stansiyası vardır. Şəhərdə müasir Olimpiya İdman Kompleksi tikilmişdir.
Gəncə dünya şöhrətli şair NİZAMİ GƏNCƏVİNİN, şairə MƏHSƏTİ XANIMIN, MİRZƏ ŞƏFİ VAZEHİN vətənidir. Burada çoxlu tarixi abidələr var: CÜMƏ MƏSCİDİ və onun mədrəsəsi, ŞEYX İBRAHİM türbəsi, QIZIL HACILI, OZAN, BALA BAĞBANLI, ŞƏRƏFXANLI və ŞAHSEVƏN məscidləri, Gəncəçay çayı üzərindən salınmış Böyük Körpü və Kiçik Körpü (XII əsr), karvansara və tikililər kompleksi, göy kaşı gümbəzli İMAMZADƏ, son dərəcədə gözəl qədim Şəhər hamamları vardır (hamamlar indi işləyir). Buraya gələnlərə tövsiyə olunur ki, şəhərin girəcəyində yerləşən Nizami Gəncəvi məqbərəsini hökmən ziyarət etsinlər.

Gəncə - müxtəlif dövrlərdə ölkəmizin tarixində mühüm rol oynamış ən qədim şəhərlərdən biridir.
Ərəblər bu şəhəri Canza adlandırırdılar. Gəncədə aparılan qazıntılar zamanı arxeoloqlar bizim eradan əvvəl II əsrə aid edilən qədim insan məskənləri, Gəncənin ətrafında isə tunc dövrünə aid çoxlu arxeoloji obyektlər aşkar etmişlər.

Gəncənin tarixi - onun işğalçılar tərəfindən az qala yerlə yeksan edilməsi və sonradan tərəqqi etməsi tarixidir. Xəzər-ərəb müharibələrində yadelli döyüşçülər, alan tayfaları, monqollar, gürcü knyazları, osmanlılar Gəncəni viran etmişlər. XI əsrdə albanların xristian başçısının Bərdədəki iqamətgahı viran ediləndən sonra onun iqamətgahı Gəncəyə köçürülmüşdür. Xristian və islam dinlərinə etiqad bəsləyən insanlar Gəncədə dinc yanaşı yaşayır, Şərq ölkələrindən Qara dəniz sahillərinə aparılan mallar bu şəhərdən keçən karvan yolları ilə daşınırdı.
XII əsrdə Gəncə feodal hakimlərinin paytaxtı və iqamətgahı olmuşdur. Lakin elə həmin dövrdə şəhər iki dəfə çox güclü zəlzələyə məruz qalmışdır. 1139-cu ildə baş vermiş zəlzələ nəticəsində Gəncə viran olmuş, şəhərin sakinlərindən təqribən 250 min nəfəri həlak olmuşdur. Kəpəz dağının zirvələrindən biri uçaraq Ağsu çayının qabağını kəsmiş və beləliklə, Göygöl yaranmışdır.

XVII əsrdə şəhər əvvəlki yerindən 6 km şərqdə yenidən tikilmişdir. XVIII əsrin əvvəllərində Gəncə yenidən işğalçıların hücumuna məruz qalmış, həmin əsrin ortalarında isə Gəncə xanlığının mərkəzinə çevrilmişdir. Gəncə xanlığı Rusiya tərəfindən işğal edilənə qədər mövcud olmuşdur. 1804-cü ildə rus ordusunun sayca üstün qüvvələri Gəncəyə hücum edərkən Cavadxanın dəstəsi Gəncəni qəhrəmanlıqla müdafiə etmiş, Cavadxan özü isə igidliklə həlak olmuşdur. Bu hadisədən sonra 1804-cü ildə Rusiya imperatriçası Yelizavetanın şərəfinə Gəncənin adı dəyişdirilərək Yelizavetpol adlandırılmışdır.

1918-ci ildə - Rusiya imperiyası dağılan dövrdə Gəncə bir neçə ay müddətində müstəqil Azərbaycan Respublikasının paytaxtı olmuşdur.

Həmin dövrdə Gəncədə zabitlik məktəbi açılmışdır. 1935-ci ildə Gəncənin adı yenidən dəyişdirilərək Kirovabad adlandırılmışdır. Yalnız 1989-cu ildə - Azərbaycanın yenidən müstəqillik əldə etməsi və SSRİ-nin dağılması ərəfəsində Gəncənin tarixi adı ona qaytarıldı.

Hazırda Gəncənin yaxınlığında HACIKƏND kurort zonası yerləşir. Burada çoxlu turist marşrutları, pansionatlar, turist bazaları və istirahət evləri fəaliyyət göstərir.

"GÖYGÖL" Dövlət qoruğu Azərbaycanda ilk qoruqdur. Kiçik Qafqazın orta dağlıq, meşəlik və qismən subalp qurşaqlarının ekoloji sistemlərinin, eləcə də Göygöl, Maralgöl, Zəligöl və digər dağ göllərinin mühafizə edilməsi və öyrənilməsi məqsədilə 1925-ci ildə yaradılmış bu qoruğun ərazisi meşələrdən və dağ çəmənliklərindən ibarətdir.

Gəncədən bir qədər cənubda Murovdağın şimal ətəklərində, dəniz səviyyəsindən 1566 m yüksəklikdə yerləşən Göygöl haqlı olaraq, Azərbaycan göllərinin incisi hesab edilir. Qafqaz ərazisində ilk qoruq olan bu qoruq iki hissədən ibarətdir - əsas hissə və "ELDAR ŞAMI MEŞƏSİ" adlanan filial. Qoruğun iki hissəsi arasında kı məsafə 80-85 km-dir.

Gəncənin öz tarix-diyarşünaslıq muzeyi vardır. Muzeyin eksponatları arasında tunc dövrünə aid çox maraqlı tapıntılar var. Gəncədə Dram Teatrı və Uşaq Kukla Teatrı fəaliyyət göstərir.
Turistlər və şəhərin qonaqları şəhərin mərkəzində yerləşən "Gəncə" mehmanxanasında qala bilərlər.

XANLAR

Rayonun əhalisinin sayı 54.400 nəfər, rayon mərkəzi - Xanlar şəhəri, onun əhalisinin sayı 17.600 nəfərdir.
XANLAR RAYONU Kiçik Qafqaz dağlarının ətəklərində, Gəncədən bir qədər cənubda yerləşir. Son dərəcədə mənzərəli olması ilə diqqəti cəlb edən bu rayonda kənd təsərrüfatı yaxşı inkişaf etmişdir. İqlimi mülayim istidir. Burada quşların yuva yerləri xüsusilə çoxdur. Gəncəçay və Quşqara çayları ov etmək və balıq tutmaq üçün əla yerlərdir. Rayonun ən uca nöqtəsi dəniz səviyyəsindən 3724 m yüksəklikdə yerləşən Murovdağ silsiləsidir. Bu rayon turistlər və ekoturistlər arasında çox populyardır. Onlar buraya gələndə yerli sakinlərin evlərində və ətraf kəndlərdə qalırlar.

Xanlar rayonunun inzibati mərkəzi Bakıdan 384 km məsafədə yerləşən XANLAR ŞƏHƏRİDİR.
Xanlar şəhəri XIX əsrdə Xanıqlar adlı qədim kəndin yerində köçkün almanlar tərəfindən salınmışdır. Onlar bu şəhəri özlərinə xas olan səliqə ilə planlaşdırmış və 1819-cu ildə onu Yeleniyendorf adlandırmışlar. İndi də bu şəhərin hamar küçələrinə, ağacdan tikilmiş, üzərində oyma işləri görülmüş evlərin fasadlarına, kirxaya (lüteran kilsəsi) baxanda burada vaxtilə almanların yaşaması yada düşür. SSRİ dövründə Stalinin göstərişi ilə buradakı yerli almanlar Orta Asiyaya sürgün edilmişdir.

Xanlarda yerli tarix-diyarşünaslıq muzeyi, musiqi məktəbi, kinoteatr, çoxsaylı kafe və restoranlar vardır. Bu sakit, yaşıl şəhərə gələn turistlər oradan müxtəlif marşrutlarla turist səfərlərinə çıxırlar. Tunc və dəmir dövrünə aid edilən arxeoloji tapıntılar bu şəhərin qədim tarixə malik olmasını təsdiq edir. Xanların özündə LÜTERAN KİLSƏSİ (1854-cü il), Gəncəçay üzərində iki körpü - "İKİGÖZLÜ KÖRPÜ" ( XVI əsr) və "ÜÇGÖZLÜ KÖRPÜ" (1896-cı il) kimi tarixi-memarlıq abidələri salamat qalmışdır. Xanların yaxınlığında salampat qalmış abidələrə misal olaraq ZURNABAD kəndində XII əsrə aid qalanı, SARI QAYA kəndində XVI əsrə aid MƏQBƏRƏNİ, TOPALHƏSƏNLİ kəndində XII əsrə aid "AĞ KÖRPÜNÜ", eləcə də ÇAYKƏND kəndindəki bir sıra tarixi abidələri göstərmək olar.

DAŞKƏSƏN

Rayonun əhalisinin sayı 31.400 nəfər, rayon mərkəzi - Daşkəsən şəhəri, onun əhalisinin sayı 9.400 nəfərdir. DAŞKƏSƏN RAYONU Azərbaycanın filiz hasilatı mərkəzi olub Kiçik Qafqazın şimal-şərq ətəklərində yerləşir. Burada temperatur çox kəskin dəyişə bilər. Belə ki, qışda 20 dərəcəyə qədər şaxta (ümumiyyətlə desək, bu, Azərbaycan üçün heç də səciyyəvi olmayan haldır), yayda isə, yarımsəhra zonasında yerləşən Abşeronda olduğu kimi, 35 dərəcəyə qədər isti müşahidə edilir. Rayonun təmiz havası, alp çəmənlikləri ilə zəngin olan dağ otlaqları və bulaqlar həm turistləri, həm də sadəcə istirahət edənləri buraya cəlb edir.

Arxeoloqlar bu rayonun Xoşbulaq, Zağalı, Gürbulaq, Əmirvar, Bayan, Dardərya kəndlərinin ərazilərində daş dövrünə aid qədim insan məskənlərinin qalıqlarını aşkar etmişlər. QUŞQARA ÇAYININ üzərindən salınmış iki qədim daş körpü və Əhmədli kəndindəki məqbərə bizim zəmanəyə qədər salamat qalmış tarix-memarlıq abidələridir. Quşçu kəndində 487-ci ildə tikilmiş monastır salamat qalmışdır. Bayan kəndində isə XV əsrə aid edilən xristian məbədinin xarabalıqlarını görmək olar.

Rayonun inzibati mərkəzi DAŞKƏSƏN ŞƏHƏRİDİR. Bakıdan 397 km məsafədə yerləşən bu şəhərin adından da göründüyü kimi, bu region ta qədim dövrlərdən başlayaraq daş və ağac üzərində oyma sənətinin biliciləri sayılan daşyonan sənətkarları ilə məşhur olmuşdur. Hazırda burada xalq sənət növlərindən xalçaçılıq və corab toxuma sənətləri yaxşı inkişaf etmişdir.

Buradakı kiçik restoranlarda müştərilərə milli mətbəxin səciyyəvi xörəkləri təklif edilir, kababxanalarda isə həm təzə ətdən hazırlanan ləzzətli milli yeməkləri dadmaq, həm də aşıqların (improvizator xalq müğənnilərinin) ifasında xalq musiqisini dinləmək mümkündür. Daşkəsən balı respublikada balın ən yaxşı növlərindən biri sayılır. Yaxınlıqdakı Gəncə şəhərinin sakinləri istirahət etmək üçün Daşkəsən rayonunun Xoşbulaq kəndinə gəlməyi xoşlayırlar.

ŞƏMKİR

Rayonun əhalisinin sayı 178.400 nəfər, rayon mərkəzi - Şəmkir şəhəri, onun əhalisinin sayı 36.100 nəfərdir.
ŞƏMKİR RAYONUNDA tunc dövrünə və erkən dəmir dövrünə aid çoxlu arxeoloji obyektlər vardır. Onlar əsasən ÇƏNLİBEL, SEYİDLƏR və QARACAƏMİRLİ kəndlərində aşkar edilmişdir. Orta əsrlərə aid bir sıra tarixi-memarlıq abidələri vardır: TATARLI və AŞAĞI SEYFƏLLİ kəndlərindəki qalalar, TƏHNƏLİ kəndində və ZƏYƏM çayının üzərindən salınmış körpülər, YUXARI ÇAYKƏND, GÜNƏŞLİ, DAĞ CƏYİRLİ kəndlərindəki xristian kilsələri buna misal ola bilər.

Burada balıq ovu həvəskarlarının xoşladığı yerlər də var - KÜR çayı üzərindəki YENİKƏND bəndi daha çox məşhurdur.

Rayonun inzibati mərkəzi ŞƏMKİR ŞƏHƏRİNƏ Gəncədən miniklə bir saata getmək olar. Şəmkirin Bakıdan məsafəsi 417 km-dir.

XIX əsrdə burada alman köçkünlərinin Annenfeld adlanan kiçik kolonyiası vardı. Xanlarda olduğu kimi bu koloniyanın sakinləri barədə də xatirə kimi, burada ideal hamar vəziyyətdə olan bir neçə küçə və lüteran kilsəsi qalmışdır.

Yazılı mənbələrə və arxeoloji məlumatlara görə bu şəhər V-VI əsrlərdə indiki MUXTARİYYAT kəndinin yaxınlığında BÖYÜK ŞƏMKİR çayının sahilində, müasir Şəmkirdən 20 km aralıda salınmışdır.

Otra əsrlərdə ŞAMKUR adlanan həmin şəhərdə 8-qülləli feodal qəsri olmuşdur. Şamkurun sərvətləri təkcə tacirləri deyil, işğalçıları da cəlb edirdi. Azərbaycanın qədim şəhərlərinin çoxu kimi, Şamkur da mövcud olduğu dövrdə dəfələrlə dağıdılmış, sonradan bərpa edilmiş və tərəqqi dövrü keçmişdir. Lakin növbəti hücumların birindən sonra şəhərin salamat qalmış əhalisi oradan köçüb getmiş və yeni şəhər salmışdır.

Müasir Şəmkirin ətrafında, XVII əsrə aid edilən iki qədim qala salamt qalmışdır - ŞAMXOR QALASI və KOROĞLU QALASI (bu qalanın adı zalımlara və qəddarlara qarşı qəhrəmanlıqla mübarizə aparmış igid Koroğlunun şərəfinə, milli rəmzimiz kimi seçilmişdir). Alimlərin çoxu bu fikirdədir ki, Koroğlu real tarixi şəxsiyyət olmuşdur. Lakin onun həqiqətən Çənlibel qalasında yaşaması inandırıcı şəkildə müəyyən edilməmişdir.
Şəmkirdə nahar etmək istəsəniz "XAN SARAYI", "MUROVDAĞ", "EFES-1" restoranlarından birinə gedə bilərsiniz. Burada yaşamaq üçün xüsusi ev və ya ayrıca bir otaq kirayə etmək mümkündür.

GƏDƏBƏY

Rayonun əhalisinin sayı 89.300 nəfər, rayon mərkəzi - Gədəbəy şəhəri, onun əhalisinin sayı 8.500 nəfərdir.
GƏDƏBƏY RAYONU Kiçik Qafqaz dağlarında, o cümlədən yüksək dağlıq (Qoşabulaq zirvəsinin hündürlüyü 3549 metr, Qocadağ zirvəsinin hündürlüyü 3317 metrdir) və orta yüksəkliyə malik dağlarda yerləşir. Burada ərazinin dəniz səviyyəsindən yüuksəkliyinin müxtəlif olması iqlim şəraitinin də müxtəlif olmasını şərtləndirir. Dağlıq ərazidəki tundraya xas olan iqlim tədricən qızmar yay fəsli ilə müşahidə olunan quru iqlimə keçir. Rayon mərkəzinin Bakıdan məsəfəsi 462 km-dir.

Gədəbəyə ya Şəmkirdən, ya da Tovuzun Qovlar stansiyasından getmək olar. Tovuz yolu daha mənzərili olsa da, minik maşınlarının bu yolu keçməsi çətindir: burada "basarkeçər" avtombillər lazımdır.

Gədəbəy rayonunun ərazisində Şəmkir çayında balıq tutmaq üçün yaxşı şərait var. QALAKƏND kəndinin yaxınlığında isə məxsusi balıq ovu təsərrüfatı yerləşir. Gədəbəy rayonunun bitki və heyvanat aləmi zəngin və müxtəlifdir. "QIZILAĞAC" qoruğu bu rayonun ərazisində yerləşir. "Azərbaycanın təbiət abidələri" kimi dövlət tərəfindən mühafizə olunan obyektlərin siyahısına daxil edilmiş bir neçə təbii obyekt - ŞAMLIQ, QAMIŞ, GÖDƏKDƏRƏ, QOVDU meşələri də buradadır. KEÇİ-KEÇİ, CÜYÜR, AYI, CƏRGƏ bulaqları, eləcə də NARZAN, QIZILCA, MORMOR, ÇALDAŞ mineral su bulaqları bu qəbildəndir.

Burada Azərbaycan tarixinə XOCALI-GƏDƏBƏY MƏDƏNİYYƏTİ adı ilə daxil olmuş qədim mədəniyyət abidələri tunc dövrünə aid tsiklopik tikililər, eləcə də "GƏDƏBƏY XƏZİNƏLƏRİ" - ev müxəlləfatı və daşqaş saxlamaq üçün nəzərdə tutulan qədim küzələr, XVI əsrə - Şah Təhmasibin hakimiyyətdə olduğu dövrə aid gümüş pul silkələri tapılmışdır. Bu pullar Təbrizdən (indiki İran) başlamış Şirvana və Gəncəyə qədər geniş ərazidə tədavüldə olmuşdur.

Rayon ərzvaisində salamat qalmış tarixi-memarlıq tikililərinə nümunə olaraq TAĞLI KÖRPÜNÜ (XIX əsr), QALA kəndindəki QÜLLƏNİ (XVI əsr), SÖYÜDLÜ kəndindəki QIZ QALASINI (və ya Namərd qala - IX əsr), NOVOSARATOVKA, SÖYÜDLÜ, ÇANAXÇI və KİLƏVİ kəndlərində erkən orta əsrlər dövrünə aid xristian məbədlərini göstərmək olar.

SARATOVKA kəndində rusların "duxobor" deyilən köhnə təriqətçilər tayfasının nümayəndələri yaşayır. Onlar özlərinin maddi və mənəvi mədəniyyətini hələ də qoruyub saxlamışlar.

Bu regionda xalq sənəti növlərindən ağac üzərində oyma, xalçaçılıq, əlvan rəngli qaba yun sapdan corab və əlcək toxumaq, qoyun dərilərinin emal edilməsi kimi sənət növləri yaxşı inkişaf etmişdir.

Azərbaycanın ərazisi qərbdəki bəzi məşhur sahibkarların diqqət mərkəzində olmuşdur. Məsələn, NOBEL QARDAŞLARI Bakı nefti hesabına varlanmışlar. Almaniyanın "SİMENS" firması isə XIX əsrin axırlarında Gədəbəydə iki misəritmə zavodu tikmişdir. Çar Rusiyasında əridilən bütün misin dörddə bir hissəsi bu zavodlarda alınırdı. Simens qardaşları bu qeyri-adi diyarın tarixi ilə ciddi maraqlandılar və bu regionda arxeoloji qazıntılar aparılmasını təşkil etdilər. Həmin tədqiqatların nəticələrinə əsasən "QALAKƏND" adlı elmi əsər yazılmışdır.

Buraya gələnlər şəhərin mərkəzində yerləşən mehmanxanada qala bilərlər.

TOVUZ

Rayonun əhalisinin sayı 147.600 nəfər, rayon mərkəzi - Tovuz şəhəri, onun əhalisinin sayı 12.800 nəfərdir.
Azərbaycanın TOVUZ RAYONU respublikanın qərbində yerləşmişdir, Gürcüstan və Ermənistanla həmsərhəddir. Kür, Axınca, Tovuz, Zəyəm və digər çaylar bu rayonun ərazisindən axır. Dağ yamaclarındda çoxlu meşələr, bulaqlar, zəngin bitki və heyvanat aləmi (canavar, tülkü, dovşan, turac, kəklik) var. İqlimi qurudur, burada əsasən dovşan və su quşları ovlamaq olar.

Tovuz rayonunda qədim abidələr qorunub saxlanılmışdır. Onlardan ən maraqlıları KİRZAN kəndindəki XII əsrə aid məbədin, YANIQLI kəndindəki XVII əsrə aid məsçidin, QAZQULU kəndindəki məqbərələrin, ƏLİBƏYLİ kəndindəki qalanın və başqalarının adlarını çəkmək olar. Burada həmçinin tunc, dəmir və erkən orta əsrlər dövrünə aid çoxsaylı arxeoloji obyektlər vardır.

Rayonun inzibati mərkəzi - TOVUZ ŞƏHƏRİ Bakıdan 457 km məsafədə yerləşir.
Azərbaycanın əksər şəhərləri kimi, Tovuz da daş dövrünə və tunc dövrünə aid qədim insan məskənlərinin yerində salınmışdır. Bu şəhər sanki minilliklər ərzində bir-birini əvəz etmiş əcdadlarımızın yaşadığı yerləri xatırlatmaq üçün xalqın genetik yaddaşında iz qoymuşdur. Qədim türk yazılı mənbələrinə görə bu şəhərin adı iki qohum türk qəbiləsinin - OĞUZLARIN və TOĞUZLARIN adından yaranmışdır. Bu ad məhz burada yarandığı üçün toponim kimi təsbit olunmuşdur.

Müasir yaşayış məntəqəsi kimi Tovuz şəhərinin təməli alman köçkünləri tərəfindən qoyulmuş, onlar bu şəhəri Traubenfeld adlandırmışdırlar.

Tovuzda məhşur aşıq Hüseyn Bozalqanlının (1860-1942) kiçik müzeyi var. Aşıq Hüseyn Bozalqanlı Koroğlu dastanını başdan-ayağa əzbər bilirmiş.

Buraya gələn turistlər, adətən, yerli sakinlərin evlərində qalırlar. Sakinlər ayrı-ayrı otaqları və ya evləri kirayə verirlər. "GÜNAY" motelində də qalmaq olar. Tovuzda restoranlar da var. Onlardan ən iriləri "XXI əsr", "ANAR" və "VLADİVOSTOK" restoranlarıdır.

AĞSTAFA

Rayonun əhalisinin sayı 75.600 nəfər, rayon mərkəzi - Ağstafa şəhəri, onun əhalisinin sayı 12.100 nəfərdir.
AĞSTAFA RAYONU Böyük Qafqaz dağlarının ətəklərində, Azərbaycanın Gürcüstan və Ermənistanla sərhəddində yerləşir. Rayonun iqlimi mülayimdir. Yerli sakinlər əsasən heyvandarlıq və kənd təsərrüfatı ilə məşğul olurlar.

Rayon ərazisindən bir-neçə kiçik çay və Kür çayının qolu olan Ağstafaçay axır. CANDARGÖL gölü də burada yerləşir. Ağstafa şəhərindən 20 km məsafədə yerləşən TATLI kəndində GƏLAÇMA adlı bulaq həm yerli sakinlərin, həm də turistlərin sevimli istirahət yeridir. Burada bişirilən kabab müştərilərin çox xoşuna gəlir.
Kür çayının sahilində 4,9 min hektar sahədə yerləşən QARAYAZI dövlət qoruğu Kürətrafı zonalardakı tuqay meşələrini, Qarayazı ovalığını və Kür çayının orta axarını qorumaq və bərpa etmək üçün 1978-ci ildə yaradılmışdır. Qoruqda mühafizə edilən əsas obyekt - tuqay meşələri massividir.

1923-cü ildə 12,0 min hektar sahədə yaradılmış "QARAYAZI-AĞSTAFA" yasaqlığı da Ağstafa rayonunda yerləşir. Bu yasaqlığın yaradılmasından məqsəd - Qafqaz maralını, qırqovulu, türacı, digər nadir heyvan və quş növlərini qoruyub saxlamaqdan və onların baş sayını artırmaqdan ibarət idi. Yasaqlıq Kür çayının orta axarındakı tuqay meşələri zonasında, Gürcüstanla Azərbaycanın sərhəddində yerləşir. Bu yasaqlığın flora və faunası bilavasitə onunla həmhüdud olan "QARAYAZI" qoruğunun flora və faunasına identikdir.

Rayon ərazisində bir sıra tarixi abidələr aşkar edilmişdir: KÖÇƏSGƏR kəndinin yaxınlığında paleolit dövrünə aid MOLLA NAĞI TƏPƏSİ adlanan qədim insan məskəni; QIRAQ KƏSƏMƏN kəndində 17-ci əsrə aid QÜLLƏ və 19-cu əsrə aid MƏSÇİD; KOLXƏLVƏLİ, QARAHƏSƏNLİ, DAĞKƏSƏMƏN və DÜZ QIŞLAQ kəndlərindəki 19-cu əsrə aid məsçidlər və s. Bu ərazidə daş dövrünə, tunc dövrünə və dəmir dövrünə aid abidələrin sayı-hesabı yoxdur. Bu faktlar onu göstərir ki, qədim dövrlərdə bu regionun məskunlaşma səviyyəsi kifayət qədər yüksək olmuşdur. Bütün bu arxeoloji obyektlərin ətraflı tədqiq edilməsinə və yeni qazıntı işlərinin aparılmasına ehtiyac var.
Ağstafa şəhərinin yuxarısında, Keşikçidağ silsiləsində çoban yataqlarının (yay vaxtı qoyun sürülərinin otarıldığı yerlərin) yaxınlığında erkən xristianlıq dövründə Qafqaz Albaniyasında tikilmiş müdafiə təyinatlı qala və mağara tipli monastırlar vardır. SSRİ dövründə bu zona gediş-gəliş üçün bağlı idi, çünki Zaqafqaziya Hərbi Dairəsinin hərbi hissələri orada yerləşirdi. Bu səbəbdən həmin unikal kompleks lazımınca tədqiq edilməmişdir. Oraya gediş-gəliş yox idi, mağaralardakı qədim rəsmlərin çoxu artilleriya atəşləri ilə pozulmuşdur. Qədim Azərbaycanın dövlət qurumlarından biri olmuş Qafqaz Albaniyasına aid bu kompleks hazırda respublika Milli Elmlər Akademiyasının arxeoloqları tərəfindən öyrənilir.

AĞSTAFA Şəhəri Gürcüstan sərhəddinin yaxınlığında, Bakıdan 479 km məsafədə yerləşmişdir. Bu şəhər 1914-cü ildə dəmir yol qovşağı kimi salınmışdır. O vaxt ərazisi kiçik olan bu şəhər Yelizavetinka adlandırılmışdır.
Buradan qatara minib Gürcüstanın paytaxtı Tibilisiyə getmək olar. Ağstafada rayonun tarix-arxitektura abidələrinin və mədəni irsin - xalçaçılığın və aşıq yaradıcılığının qorunub saxlanılmasına xüsusi qayğı göstərilir. Arxeoloqların aşkar etdikləri tapıntılar - piyalə, vaza, məişət əşyaları və bəzək şeyləri yerli diyarşünaslıq muzeyində saxlanılır.

Kiçik və rahat bir şəhər olan Ağstafa şəhərinin mərkəzində park, kinoteatr, həmçinin "TURİST", "İNCƏGÜL", "TURAL", "SƏRİNLİK", "KARVAN", "POYLU", "DƏLİ KÜR", "TUT BAĞI", "BƏNÖVŞƏ" və başqa restoranlar var. Buraya gələnlər

Turistlər Tovuz-Ağstafa yolunun üstündə yerləşən "HƏSƏNSU" mehmanxanasında qala bilərlər (mehmanxanada restoran da var).

QAZAX

Rayonun əhalisinin sayı 83.000 nəfər, rayon mərkəzi - Qazax şəhəri, onun əhalisinin sayı 19.000 nəfərdir.
QAZAX RAYONU Azərbaycanın qərb sərhədlərinin yaxınlığında yerləşir. Ümumiyyətlə Qazax və Ağstafa rayonları təkcə müasir Azərbaycanın deyil, həmdə qədim Qafqaz Albaniyası dövlətinin qərb sərhəddi sayılır. Bu regionun iki müstəqil inzibati rayona - Qazax və Ağstafa rayonlarına bölünməsi nisbətən yaxın vaxtlarda baş vermişdir.
Burada dövlət tərəfindən qorunan tarixi abidələr (memarlıq və arxeoloqiya abidələri) var: SINIQ KÖRPÜ (12-ci əsr); DAMCILI mağarası; YUXARI ƏSKİPARA kəndində 5-ci əsrə aid Məbəd; 15-ci əsrə aid ŞƏKƏR QALA məbədi; meqalit tipli DİDEVAN istehkamı; DAŞ SALAHLI kəndində Alban dövrünə aid (7-ci əsr) Məbədlər kompleksi; Qala divarları qalıqları ilə diqqəti cəlb edən (son orta əsrlər) GÖYƏZƏN dağı və onun yaxınlığında son vaxtlarda aşkar edilmiş şəhər tipli qədim insan məskənlərinin qalıqları.

Qazax rayonunun ərazisində qədim insanların məskunlaşdığı yerlər çoxdur: AVEY dağında, Daş Salahlı və Kəmərli kəndləri arasında, İncəsu çayının vadisində, Kiçik Qafqazın şimal-şərq yamaclarında neandertallıların (mustye) dövrü məskunlaşdığı mağaralar, Avey dağındakı DAMCILI mağarasının yaxınlığında kromanyon adamlarının məskənləri, çəhrayi-qızılı rəngə çalan qəşəng QIZIL QAYANIN yaxınlığında XAL-XAL şəhər yeri və qala divarlarının qalıqları aşkar edilmişdir. Belə bir ehtimal var ki, bu ərazi Albaniya hökmdarlarının yay iqamətgahlarından biri olmuşdur. Arxeoloqlar burada heç bir qazıntı aparmadan bir-başa yerin səthində tunc dövrünə aid keramik qabların çoxsaylı qalıqlarını aşkar etmişlər. Albanlar vaxtilə romalı Pompeyin qoşunlarını da burada darmadağın etmişdilər. Qədim yazılı mənbələrdə bu barədə deyilir: "Albanların 10 min süvarisi və 60 min piyadası Pompeyin qoşunlarına qarşı vuruşurdu".

QIZIL QAYADAN bir qədər qərb tərəfdə yerləşən BƏRKİN AĞZI dərəsində tunc dövrünə aid kurqan qəbirləri aşkar edilmişdir. Bütün bu tarixi obyektlər (Sınıq körpüdən başqa) Qazax şəhərinin yaxınlığında yerləşir. Bu diyarın təşəbbüskar insanlarının səyi sayəsində çoxlu arxeoloji artefakt toplanmış və yerli Diyarşünaslıq müzeyində sərgiyə qoyulmuşdur. YUXARI SALAHLI kəndinə gələnlər tanınmış Azərbaycan şairi SƏMƏD VURĞUNUN buradakı evinə baş çəkə bilərlər.

Qazax rayonunun relyefi - dağlar, vadilər, çaylar (Kür, Ağstafaçay, Coqaz, Xramçay) mövsümi heyvandarlıq üçün həmişə əlverişli olmuşdur. Yerli çobanlar qoyun sürülərini yaylaqlardan (dağ otlaqlarından) qış mövsümündə buraya gətirib saxlayırlar. Xalq müsiqisinin və milli mətbəxin yerli xüsusiyyətli bu ərazinin təbii şəraitindən irəli gəlir. Burada aşıqlar çox olur, onları müxtəlif ailə şənliklərinə və bayramlara dəvət edirlər.
QAZAX ŞƏHƏRİNİN qədim adının "Kasal" və "Qazaka" olması ehtimal edilir. Bəzi yazılı mənbələrə görə 8-ci əsrdə sərkərdə Mərvan ibn Məhəmməd burada şəhər salmışdır.

Azərbaycanın qərb sərhəddində axırıncı iri şəhər olan Qazax istedadlı şairlərin və yazıçıların vətənidir. Xalq arasında qazaxlıları xüsusi poetik duyğuya malik olan adamlar kimi tanıyırlar. Bir sıra məşhur aşıq, alim və sərkərdə burada doğulmuşdur. Şairlərdən Səməd Vurğun, Molla Pənah Vaqif, yazıçılardan Mehdi Hüseyn, İsmayıl Şıxlı, Prot-Artur qalasının müdafiəsinin iştirakçısı olmuş, "Artileriyanın Allahı" adlandırılan general Əliağa Şixlinski və başqaları əslən qazaxlıdır. 1917-ci ildə Azərbaycanda ilk müəllimlər seminariyası da məhz burada - Qazaxda açılmışdır.

Şəhərdə əslən Qazaxdan olan məşhur şairlər VAQİF və VİDADİNİN həyatını əks etdirən müzeylər, qədim məsçid və digər maraqlı obyektlər var. Qazax ən qədim xalçaçılıq mərkəzlərindən və atçılıq zavodlarından biri kimi də məşhurdur. Burada yetişdirilən DİLİBOZ cinsli yerli atlar xüsusilə məşhurdur. Qazax xalça məktəbinin məhsulları olan "Dağ Kəsəmən", "Qazaxça", "Ağqoyunlu", "Dörd Buynuz", "Damğalı", "Şıxlı", "Çobankərə", "Borçalı", "Faxralı", "Qaymaqlı" xalçalarına dünya bazarında böyük tələbat var. Qazax zonasının mətbəxi əsasən sadə, lakin çox dadlı ət və un xorəklərindən ibarətdir. Buraya gələn turistlərə məsləhət görülür ki, yerli sakinlərin evlərində qalsınlar.


Naxçıvan


NAXÇIVAN MUXTAR RESPUBLİKASI

Azərbaycanın cənub-qərbində Naxçıvan Muxtar Respublikası (NMR) yerləşir. O Azərbaycan Respublikasının əsas ərazisindən başqa bir dövlətin ensiz zolağı ilə ayrı salınıb ki, bu da keçmiş SSRİ rəhbərliyinin Qafqazdakı imperiya maraqlarının nəticəsində 1920-ci illərin əvvəllərində mümkün olmuşdur. NMR Dərələyəz dağlarının güney ətəklərində və Zəngəzur dağlarının günbatar səmtində qərar tutur.

Bura dağlıq məkandır - muxtar respublika ərazisinin 30 faizindən çoxu dəniz səviyyəsindən 600-1000 metr yüksəkdə yerləşir. Bölgənin ən hündür dağları - QAPICIQ (3904 m) və İLANDAĞdır (2385 m).

Muxtar Respublika mərmər, daş duz, əhəng, gips yataqları, SİRAB, BADAMLI, VAYXIR, NƏHƏCİR, QIZILCİR kimi nadir mineral sularla zəngindir. Burada yeraltı sular ümumiyyətlə boldur, ona görə də tarixən bölgədə kəhrizlərin - öz icrasına görə nadir yeraltı su tunellərinin tikintisi yüksək səviyyəyə çatmışdır. Yerin üstündən kəhrizə pillələrlə enirlər, elələri də var ki, onunla suyu sadəcə yerin səthinə çıxarırlar (eynilə müasir su kəmərləri tərzində). Kəhriz ustaları (kankanlar) öz peşə məharətlərini zəmanəmizə qədər qoruyub saxlayıblar.

Muxtar Respublikada iqlim kəskin kontinentaldır, temperatur yayda +43-dən qışda -30 dərəcə arasında tərəddüd edir. Rütubət aşağıdır. Florası - fıstıq, şərq palıdı, qoz, söyüd, ağcaqayın, çoxlu dərman bitkiləri ilə təmsil olunur. Faunası - ayı, qaban, tülkü, dovşan, canavar, daş dələsi, dağ keçisi, Kiçik Asiya muflonları dağ qoyunları; quşlar - Xəzər uları, alp torağayları, dağ qaranquşu, daş kəkliyi.

İRAN və TÜRKİYƏ ilə sərhədi boyunca ARAZ çayı axır, bundan başqa diyarda 40-a yaxın kiçik və orta uzunluqda çay axır (ORDUBADÇAY, ƏLİNCƏÇAY, GİLANÇAY, NAXÇIVANÇAY, ARPAÇAY və b.). Burada "üzən adaları" olan dünya gözəli Batabat gölü ilə yanaşı, Babək və Culfa rayonlarının torpaqlarını suvarmaq üçün süni göllər də var - onlar dəniz səviyyəsindən 1500 metr yüksəklikdə QAZANÇI kəndi yaxınlığında yerləşir.

Bütün bölgədə qədim şəhərlərin çoxlu sayda xarabalıqları, bürclər, qalalar, məqbərələr qalmışdır. Bu diyar öz təbii sərvətləri kimi, strateji əhəmiyyətinə görə də işğalçılar üçün həmişə cəlbedici olmuşdur.
NAXÇIVAN ŞƏHƏRİ - Azərbaycanın Naxçıvan Muxtar Respublikasının inzibati mərkəzidir. NAXÇIVANÇAYın sağ sahilində, dəniz səviyyəsindən 1000 m yüksəklikdə yerləşir. Bakıdan - 560 kilometrlik məsafədədir. Əhalisi 364 min nəfərdir.

Naxçıvan Azərbaycanın və Şərqin ən qədim və iri şəhərlərindən olmuşdur. Şəhərin tarixi minilliklərin dərinlərinə gedib çıxır: arxeoloqlar burada eramızdan öncə II və I minilliklərə aid çoxlu maddi mədəniyyət əşyaları tapmışlar.
Yerli sakinlər Naxçıvanın yerində yaşayış məskəninin yaranmasını Böyük Daşqından sonra xilas olmuş Nuh peyğəmbər haqqında rəvayətlə bağlayırlar. Əfsanəyə görə, Nuhun gəmisi quruya yan almazdan öncə üç dəfə Kiçik Qafqazın dağ zirvələrinə toxunmuş və onlardan biri - Ağrıdağ iki yerə ayrılmışdır - Böyük Ağrıdağ və Kiçik Ağrıdağ.

Gəminin toxunduğu o biri sualtı dağ zirvələri isə Qapıcıq, İlandağ və Alagöz olub. Yerli sakinlər arasında dolaşan bu əfsanəyə görə, Nuh daşqın çəkildikdən sonra burada xeyli yaşamış və bu torpaqda vəfat etmişdir. Lap bu son zamanlaradək yaşayan uzunömürlü ağsaqqallar iddia edirdilər ki, Nuh peyğəmbərin dəfn olunduğu yeri tanıyırlar. Bu əfsanə xalq arasında o qədər geniş yayılmışdır ki, hətta məşhur rəssam Bəhruz Kəngərli "Nuhun qəbri" adlı rəsm əsəri də yaratmışdır.

Naxçıvanın adının çəkildiyi ən erkən yazılı qaynaq - Ptolomeyin (II yüzil) əsərləridir. O, Naxçıvanın adını "Naxsuana" kimi qeyd edir. Orta yüzillərin ərəb qaynaqlarında şəhərin adı "Nəşava" kimi yazılır, amma Məhəmməd Naxçıvani, Həmdullah Qəzvini, Katib Çələbi və Evliya Çələbi və b. kimi məşhur orta əsr müəlliflərinin əsərlərində şəhərin adı böyük hörmətlə "Nəqşi-Cahan" adlandırılır ("Dünyanın Bəzəyi"). Erkən orta yüzillərdə Naxçıvanın Kiçik Asiya, Yaxın Şərq və Güney Qafqaz ölkələri ilə sıx və intensiv əlaqələri olmuşdur.

Şəhərin gözəlliyi və onun geosiyasi mövqeyi həmsərhəd dövlətlərin tez-tez baş verən basqınlarına səbəb olurdu, nəticədə şəhər bir neçə dəfə dağıdılmışdır. Lakin hər dəfə Naxçıvan inadkarcasına yenidən ayağa qalxır, uçurulanları bərpa edir, əvvəlkindən də gözəl şəklə düşürdü. Məsələn, bizim eranın I yüzilinin ortalarında Bizans imperatoru II İrakli şəhəri soyub-talamış və dağıtmışdı, onu dəfələrlə monqol işğalçıları da dağıtmışlar, bu şəhər eləcə də Bizans və Ərəb Xilafəti arasında "nifaq alması"na çevrilmişdi. Lakin bütün zamanlarda Naxçıvan bu bölgədə yaranmış dövlət qurumlarının - Sacilər, Salarilər, eləcə də Eldənizlər sülaləsinin idarə etdiyi Azərbaycan Atabəylər Dövlətinin baş şəhərlərindən biri sayılmışdır.

XII yüzildə Naxçıvanda 200 min əhali yaşayırdı, ticarət inkişaf etmişdi, şəhər öz ustaları və sənətkarları: dulusçuları, zərgərləri, şüşəçiləri ilə şöhrət qazanmışdı. Lakin şəhər öz inşaatçıları ilə daha çox tanınırdı - məşhur NAXÇIVAN MEMARLIQ MƏKTƏBİ burada meydana çıxmışdır, inşaat işləri isə geniş miqyas almışdı. Şəhərin gözəlliyindən vəcdə gəlmiş səyyahların şahidliyinə görə, orta yüzillərdə burada Eldənizlərin məşhur saray kompleksi, cümə məscidi, müsəlman maarifinin mərkəzinə çevrilmiş mədrəsə, dövlət binaları, əsilzadələrin sarayları ucaldılmışdı. Yazılı qaynaqlar o zaman şəhərdə "20 min ev, 70 dini bina, 20 karvansara, 7 hamam, bir neçə bazar" olduğundan xəbər verir.

Fransız səyyahları Pyer Şarden və Dübua de Monper, ingilis səyyahı Porter qeyd edirlər ki, bura qədim memarlıq abidələrinin saxlanmış olduğu gözəl bir şəhərdir. Osmanlı səyyahı Evliya Çələbi hovuzuna hər gün bir səbət qızılgül ləçəyi atılan yerli hamamların ətirli suyundan söz açır.

XV-XVI yüzillərdə Naxçıvan Azərbaycanı idarə edən QARAQOYUNLU, AĞQOYUNLU, ardınca isə SƏFƏVİ şah sülalələrinin tabeliyində idi. XVII yüzildə diyar ÇUXURSƏƏD BƏYLƏRBƏYİLİYİnin tərkibinə daxil edilmişdi və hərbçi GƏNGƏRLİ türk tayfasının başçıları tərəfindən idarə olunurdu. XVIII yüzildə burada NAXÇIVAN XANLIĞI adlanan dövlət qurumu yaradılmışdır. Xanlığın ərazisi 1828-ci il TÜRKMƏNÇAY MÜQAVİLƏSİnə görə, Rusiyaya birləşdirildi, sonralar Rusiyanın eyniadlı qəzasına (uyezd) çevrildi. 1924-cü ildə Naxçıvan şəhəri Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının paytaxtı elan olundu.

Bu qədim şəhərə özünəməxsus mədəniyyət xasdır və onun ayrılmaz hissəsi bütün ölkədə məşhur olan yerli mətbəxdir. Misal üçün, xüsusi şəkildə qurudulan şaftalının içinə üyüdülmüş qoz-fındıq və şəkər tozu doldurmaqla hazırlanan "alana"; qayğanağa bal əlavə etməklə xüsusi "balqayqanaq" yalnız bu yerin mətbəxinə aiddir.
Naxçıvan torpağı - XII yüzilin böyük memarı ƏCƏMİ İBN ƏBUBƏKR NAXÇIVANİnin vətəndir. Onun əsərlərindən YUSİF İBN KUSEYİR (Atababa künbəzi), MÖMİNƏ-XATUN türbəsi, minarəli CÜMƏ MƏSCİDİnin portalı zəmanəmizə qədər salamat qalmışdır. Hesab edilir ki, Möminə-xatun məqbərəsini yaratmaqla Əcəmi dövrün obrazını yaratmışdır. O, əbəs yerə məqbərəyə bu yazılarla naxış vurmamışdı: "Biz gedirik dünya qalır, biz ölürük - xatirəmiz qalır". Məqbərəni bəzəyən həndəsi və epiqrafik naxışlar zərgər dəqiqliyi ilə icra olunmuşdur: o, Şərqin sevimli qiymətli daşı - bərq vuran firuzəyə bənzəyir.

Məşhur alim, dövlət xadimi, yazıçı, filoloq, farsca-türkcə ilk lüğətin müəllifi HİNDUŞAH BİN SƏNCƏR BİN ABDULLA NAXÇIVANİ (XIII-XIV yüzillər) burada doğulmuşdur. Onun oğlu, vergilərin qoyuluşu haqqında kitab yazmış MƏHƏMMƏD NAXÇIVANİ maliyyə sahəsində zəmanəsinin tanınmış dövlət xadimi idi (XIII-XIV yüzillər). Naxçıvan eləcə də KƏLBƏLİ XAN NAXÇIVANSKİ, onun oğlu, general HÜSEYN XAN NAXÇIVANSKİ, hərb xadimi CƏMŞİD NAXÇIVANSKİ, klassik yazıçı CƏLİL MƏMMƏDQULUZADƏ, romantik şair və dramaturq, Stalin repressiyalarının qurbanı olmuş HÜSEYN CAVİD, rəssam BƏHRUZ KƏNGƏRLİ kimi tanınmış simaların da vətənidir. Naxçıvan - Azərbaycanın ümummilli lider Heydər Əliyevin də vətənidir.

Müasir Naxçıvanda elm və maarifə böyük diqqət yetirilir. Burada universitet, Azərbaycan Milli Elmlər Akademiyasının filialı fəaliyyət göstərir, akadem-şəhərcik tikilmişdir. Məktəblərə xüsusi diqqət yetirilir - köhnələri təmir olunur, yeniləri tikilir, məsələn, H.Əliyev adına çox böyük, gözəl təchiz edilmiş məktəb istifadəyə verilmişdir. Burada Mədəniyyət Sarayı, Dram Teatrı, Kukla Teatrı fəaliyyət göstərir. Əla təchiz olunmuş idman Olimpiya kompleksi istifadəyə verilmişdir.

Şəhərdə Xalça Muzeyi, Ədəbiyyat Muzeyi, Tarix Muzeyi var. Burada eləcə də yazıçı-dramaturq Hüseyn Cavidin ev-muzeyi və məqbərəsi yerləşir. Şəhərdə xeyli tarixi abidələr - memarlıq kompleksi İMAMZADƏ, CÜMƏ MƏSCİDİ, ZAVİYƏ MƏSCİDİ, "PİRGƏMİŞ", "XAN EVİ", İSMAYIL XAN hamamı, YUSİF İBN KÜSEYİR məqbərəsi, MÖMİNƏ-XATIN məqbərəsi və s. mühafizə olunur.

ORDUBAD

ORDUBAD RAYONU şimalda və şərqdə Ermənistanla, cənubda - İran İslam Respublikası ilə həmsərhəddir. NMR-in şərq hissəsində yerləşir.

İqlimi təzadlıdır - soyuq qış, qızmar yay. Burada zəngin fauna və flora, heyrətamiz dərəcədə təmiz hava, çoxlu dərman bitkiləri və meyvələr yetişir. Bürünc dövrünün çoxlu tarixi abidələri: daş qoç heykəlləri, SABİR kəndində eramızdan öncə II-I minilliklərin yaşayış məskəninin qalıqları, AZA kəndi yaxınlığında qədim GİLAN şəhərinin xarabalıqları, KİLİT, VELAVER, ƏYLİS, AZA, KOTAM, BİLƏV, VƏNƏND kəndlərində orta əsr tikililəri, qədim ANABAD şəhərinin xarabalıqları, ANDEMİC kəndi yaxınlığında ŞAHTAXTI bürcü, XIX əsr məscidi, DƏR kəndi yaxınlığında XIV yüzil məqbərəsi, AZA kəndi yaxınlığında 1826-cı ildə tikilmiş körpü, DƏR kəndi yaxınlığında XIV yüzil hamamının xarabalıqları və bir çox tarixi abidələr qalır.

Ordubaddan 60 km cənubda GƏMİQAYAda eramızdan öncə III-II minilliklərə aid nadir petroqliflər qorunub-saxlanmışdır. Burada adamları, məişət, ov səhnələrini, real və fantastik heyvanları təsvir edən minlərcə şəkil var.
ORDUBAD ŞƏHƏRİ - Ordubad rayonunun inzibati mərkəzidir. Bu, Naxçıvan Muxtar Respublikasının böyüklüyünə görə ikinci şəhəridir. Şəhər XII yüzildən məlumdur, dəniz səviyyəsindən 850 metr yüksəklikdə yerləşir. Onun qədimliyi, çox sayda tarixi abidələrin mövcudluğu, yeni tikililərin onun xarici simasını demək olar dəyişdirmədiyi, sakinlərin qorunub-saxlanmış həyat tərzi səbəbincə, Ordubad şəhəri dövlət tarix memarlıq qoruğu elan edilmişdir.

Tarixi abidələri: nadir arkalı ön görünüşü olan CÜMƏ MƏSCİDİ, DİLYAR MƏSCİDİ, ƏFQAN BÜRCÜ və XVIII yüzil eyvanı, çoxlu sayda qədim sərçeşmələr, dairəvi qübbəli örtülü QEYSƏRİYYƏ ticarət kompleksi (XIX-XX yüzillər) XVIII yüzil buzxanası və məscidi ikimərtəbəli mədrəsə və bir çox digərləri.
Bu kiçik şəhərin nə kimi gözəlliyə malik olduğunu, qədim çağların təbii ətrini necə qoruyub-saxladığını başa düşməkdən ötrü Ordubadı görmək lazımdır. Ağlasığmaz dərəcədə nəhəng, gövdəsinin dairəsi 8 metr olan qocaman çinarların əmələ gətirdiyi kölgəliklərdə adamlar əyləşib tələsmədən söhbət edirlər, nadir məscidlər, ovdanlar, kəhrizlər - bütün bunların hamısının öz nadir özəllikləri var. Bu, qədim milli həyat tərzinin gözəlliyini qoruyub-saxlayan müasir insanların yaşadığı bir şəhərdir.

Burada zəngin ekspozisiyası olan tarix, diyarşünaslıq muzeyi, teatr, Azərbaycan ədəbiyyatında tarixi-romantik canrın əsasına qoyan yazıçı Məmməd Səid Ordubadinin ev-muzeyi fəaliyyət göstərir. Akademik Yusif Məmmədəliyevin - Azərbaycan Elmlər Akademiyasının ilk prezidentlərindən birinin, Azərbaycan neft-kimyasının banisi, parlaq yaradıcı şəxsiyyətin, elmin təşkilatçısının, fəaliyyəti sayəsində Azərbaycanın İkinci Dünya müharibəsi zamanı Hitler faşizminin darmadağın edilməsinə əvəzsiz töhfə vermiş bir insanın doğulduğu evdə bərpa işləri aparılır.
ORDUBADDA yerli sakinlərin evlərində qalmaq olar.

CULFA

CULFA RAYONU - Naxçıvan şəhərindən şərqdə yerləşir. Yayda burada quru və isti, qışda çox soyuq olur. İldə 220-600 mm-ə yaxın yağıntı düşür. Burada ƏLİNCƏ, QARDƏRYA, eləcə də ARAZ (İranla sərhəd boyunca) çayları axır. Culfa yolu boyunca dağlar olduqca gözəl və özünəməxsusdur - geoloji faktor (süxurların tərkibi, onların yaşı və s.) xarici görünüşə təsirini göstərib - zahirən dağlar nəhəng, qübbəvari, fantastik tikililəri xatırladır.
CULFA dağlarında meşə massivlərinə rast gəlinir, meşələrdə fıstıq, vələs, palıd bitir; faunanı canavarlar, tülkülər və dovşanlar təmsil edirlər.

Araz çayının sahilində qədim tikililərin xarabalıqları qalmışdır. Bunlar - Azərbaycan ərazisində ən qədimi sayılan XIII yüzil karvansarası, Naxçıvan xanı, hakim Ziyaəddinin əmri ilə XIV yüzilin əvvəlində salınmış körpünün qalıqları CUQA kəndi yaxınlığında kiçik GÜLÜSTAN məqbərəsi (XIII yüzil), DƏR kəndi yaxbr /ınlığında daha üç qədim məqbərə - onlardan bürclü məqbərə daha yaxşı vəziyyətdədir (XV yüzil). O cümlədən, ƏLİNCƏ qalası (XII-XIII yüzillər) və bir çox digər abidələr və qədim tikililərin qalıqları göstərilə bilər.
Rayonun ərazisində çoxlu (40-a yaxın) su qaynaqları və bulaqlar mövcuddur. Onlardan biri, DARIDAĞın ətəklərindəki bulaq gündə 500 min litrə yaxın güclü minerallaşdırılmış su verir.

CULFA ŞƏHƏRİ Araz çayının sahilində, İranla sərhəddə yerləşir. Azərbaycan CULFAsına demək olar simmetrik şəkildə Arazın o biri sahilində, eyni ilə CULFA adlanın İran şəhəri yerləşir. Keçmişdə İrandan Şirvana, Gürcüstana, Dağıstana gedən qədim karvan yolu buradan keçirdi. İndi burada sərhəd nəzarət buraxılış məntəqəsi yerləşir. Burada dəmiryol vağzalı yaxınlığındakı "Araz" mehmanxanasında qalmaq olar. Elə orada restoran da var. "Gülüstan" restoranında və "Eldar" kafesində də nahar edə bilərsiniz.

BABƏK

BABƏK RAYONU - Muxtar Respublikanın şimalında Ermənistanla, cənubda İranla həmsərhəddir. Bu ərazinin şimalı və cənub-şərqi dağ relyefinə malikdir, cənub-qərbi isə düzənlikdir. Ən yüksək dağ zirvələri - KEÇƏLTƏPƏ (2740 metr), QARAQUŞ (2617 metr), BUZQOV (2470 metr).

Rayonun ərazisində SİRAB, QAHAB, VAYXIR mineral su qaynaqları, daş duz yataqları mövcuddur. Buradan NAXÇIVANÇAY və onun qolu CƏHRİÇAY axır, ARAZ, NEHRƏM, UZUNOBA, SİRAB su anbarları yerləşir.
Rayon ərazisində meşəyə rast gəlinmir, üzümçülük, taxılçılıq, bostançılıq və heyvandarlıq inkişaf etmişdir.
Rayonun ərazisində məlum arxeoloji abidələr: GÜLTƏPƏ və GÜLTƏPƏ-2, ABBASABAD, VAYXIR, AZNABYURDun qədim xarabalıqları yerləşir.
BABƏK ŞƏHƏRİ rayonun inzibati mərkəzidir. 1978-ci ilə qədər TƏZƏKƏND adlanıb.

ŞAHBUZ

ŞAHBUZ RAYONU - Naxçıvan Muxtar Respublikasının şimalında yerləşir. Bura dağlıq ərazidir. Ən yüksək nöqtəsi SALVARTI (3160 metr), KEÇƏLDAĞdır (3115 metr), BİÇƏNƏK dağ aşırımı da buradan keçir.
Muxtar respublikanın bütün ərazisində olduğu kimi, burada da çoxlu yeraltı sular, o cümlədən BADAMLI, BATABAT, KARVANSARA, BİÇƏNƏK mineral sular axır. Burada kükürd, tikinti materialları, torf yataqları var. NAXÇIVANÇAY və onun qolları: KÜKÜ, ŞAHBUZ, SALVARTI axır. Göllər - QANLIGÖL, BATABAT. Dağlarda meşə massivləri var.

ŞAHBUZ ŞƏHƏRİ - rayonun inzibati mərkəzidir. Şəhərin həndəvərində qədim maraqlı bir abidə aşkar edilib. Xalq arasında bura Nizaminin "Fərhad və Şirin" poemasının qəhrəmanının adı ilə "Fərhadın evi" adlandırılır. Əslində bu qədim insanın yurd yeridir və o qədər də adi görünüşə malik deyil: dağın daş-divarında "verandası" olan 4 otaq yonulmuşdur. Arxeoloqlar tərəfindən qədim hakimin adını daşıyan "Şahpur" qalasının da xarabalıqları tapılmışdır. Hesab edilir ki, bu ad zaman keçdikcə "Şahbuz" şəklini almışdır.

QARABAĞLAR kəndində məşhur QARABAĞLAR məqbərəsi yerləşir. Bağlarla, qədim, lakin bu gün də işləyən kəhrizlərlə əhatəyə alınmış bu kənd ZƏNGƏZUR sıra dağlarının ətəyində yerləşir. Burada bürcləri olan istehkamların və su təchizatı sisteminin olması bu yaşayış məntəqəsinin qədim mənşəyindən xəbər verir. Belə bir ehtimal var ki, XVII yüzil əlyazmasında adı xatırlanan "10 min evi, 70 məscidi, onlardan 40-ı minarəli, QARABAĞLAR ŞƏHƏRİ" haqqında qeyd bu kəndə aiddir.
Burada yerli sakinlərin evində qonaq qalmaq olar. Badamlı mineral suyunun doldurulduğu zavodun yanında "Badamlı" istirahət zonası tikilmişdir (1400 metr yüksəklikdə).

ŞƏRUR

ŞƏRUR RAYONU - Muxtar Respublikanın qərbində yerləşir, cənubda İranla həmsərhəddir. Ərazisinin şimalı və şərqi dağ relyefinə malikdir. DƏRƏLƏYƏZ dağ sistemi buradan keçir. Ən yüksək dağı - QALINQAYAdır (2775 metr). İqlimi yarımsəhra, quraqdır. Lakin kifayət qədər yumşaqdır - qışda temperatur nadir hallarda +3 dərəcədən aşağı düşür, yayda +26 dərəcədən yuxarı qalxmır.

Buradan ARAZ çayının qolu ARPAÇAY və digərləri axır. Arpaçay suyundan suvarmada istifadə edilir. Onun üstündə Arpaçay su anbarı tikilmişdir. Yerli faunası - muflonlar (dağ qoyunu), canavarlar, dağ keçiləri, tülkülər, qabanlar, dovşanlardır.

Burada az olan tarixi abidələr Araz və Arpaçay sahilləri boyunca bürünc dövrünə aid qədim yaşayış məskənləri ilə təmsil olunur. QAZMA mağarasında mustye dövrünə aid daş və obsidian əmək alətləri, ŞAHTAXTI yaşayış məskənində zövqlə işlənmiş bəzəkli saxsı qab nümunələri aşkar edilmişdir. Arbatan, Verməziyar, Qarahəsənli, Babəki, Kosacan kəndləri yaxınlığında aparılmış arxeoloji qazıntılar göstərmişdir ki, burada qədim yaşayış məskənləri yerləşirmiş. Onlar Kölüklər, Köhnə, Arbatan, Köhnəkənd, Kültəpə kimi toponimlərin yaddaşında yaşayır. Burada çoxlu ev əşyaları və bəzəkli saxsı qablar aşkar edilmişdir.

ŞƏRUR ŞƏHƏRİ - Şərur rayonunun inzibati mərkəzidir. Yeni şəhərdir, dəmiryolun çəkilişi zamanı yaranmışdır. Burada iki park, muzey, stadion, məscid, şəhidlərin xatirə abidəsi, kinoteatr var.

Burada dəmir yolunun o biri tərəfində hamamları, bazarı, məscidləri ilə köhnə şəhər də qorunub-saxlanmışdır.
Burada yerli sakinlərin evlərində qonaq qalmaq olar.

KƏNGƏRLİ

KƏNGƏRLİ RAYONU - Babək və Şərur rayonlarının arasında yerləşir. Rayonun cənub hissəsi İranla, şimalı - Ermənistanla həmsərhəddir. Rayon dağlıq relyefə malik olmaqla, DƏRƏLƏYƏZ dağlarında yerləşir.
Muxtar Respublikanın hər yerində olduğu kimi, iqlimi kəskin kontinentaldır - yayda çox isti, qışda soyuq olur. Rayonun ərazisindən, Azərbaycanla İranın dövlət sərhəddi boyunca Araz çayı axır.
Dağlıq relyef, iqlimin xüsusiyyətləri və kiçik çayların olmaması yerli bitki örtüyünü şərtləndirir. Onlar əsasən, yarımsəhra və dağ növləri ilə (kolluqlar, otlar, nadir ağaclar) təmsil olunur.

Bu kənd təsərrüfatı rayonunda tütün, üzüm, dənli bitkilər, tərəvəz və bostan məhsulları yetişdirilir.

Naxçıvan Muxtar Respublikasının hər yerində olduğu kimi burada da böyük sayda qədim abidələr qalır ki, bu da diyarın arxaik zamanlardan əhali ilə məskun olduğundan xəbər verir: ÇALXAN QALA kurqanları, QAZMA mağarası, eləcə də QALACIQ, GOVURQALA, DAMLAMA, QULAMLITƏPƏ, BALATƏPƏ yaşayış məskənləri.
Sonrakı dövrlərin salamat qalmış abidələri: XOK kəndində CAME MƏSCİDİ (XVIII yüzil) və ŞAHTAXTI kəndində hamam (XIX yüzil).

QIVRAQ qəsəbəsi - 2004-cü ildə yaradılmış bu yeni rayonun inzibati mərkəzidir. Qıvraq Naxçıvan-Şərur şossesi üzərində, diyarın paytaxtı Naxçıvan şəhərindən 30 km aralıda yerləşir. Qəsəbədən Araz çayınadək 6 km-dir.
Rayonun inzibati mərkəzi statusunu təzəlikcə alması ilə bağlı olaraq Qıvraq qəsəbəsində hələlik turistlərin qəbulu üçün infrastruktur yoxdur. Lakin, burada yerli sakinlərin evlərində qonaq qalmaq olar.


Qarabağ


QARABAĞ: BƏRDƏ - AĞDAM- ŞUŞA - KƏLBƏCƏR

Azərbaycanın ürəyi sayılan QƏDİM QARABAĞ diyarı bu ölkəyə neçə-neçə istedadlı övladlar bəxş etmişdir. Qarabağ deyəndə təkcə unikal təbiətə malik olan bir bölgə, ölkənin təbii abidələri siyahısına daxil edilmiş landşaftlar deyil, həm də istedadlı şairlər, yazıçılar, musiqiçilər, xanəndələr (milli musiqinin bir istiqaməti olan muğam ifaçıları) nəzərdə tutulur. Qarabağ - Azərbaycan musiqisinin beşiyidir. Bu qədim diyarın təbiəti və təbii ehtiyatları heç kəsi laqeyid qoymur. Bəlkə də ona görədir ki, indi bu gözəl diyar işğal altındadır…

BƏRDƏ

Bərdə rayonu Qarabağ düzənliyinin mərkəzində Kür-Araz ovalığının şimal-şərq hissəsində, Tərtərçayın sahilində yerləşir. Xaçın çayı da bu rayonun ərazisindən keçir. Kür çayı isə rayonun sərhəddi boyunca axır. Yuxarı Qarabağ kanalı burada tikilmişdir. Bərdə - Tərtər yolu boyunca iki gözəl göl, Bərdənin yaxınlığında isə daha bir göl (Ağalı gölü) var.

Rayonun meşələrinin sahəsi 6856 kv. m-dir. Burada çoxlu nadir ağac növləri, həmçinin palıd, vələs, qarağac, qoz və çinar ağacları bitir. Yerli fauna canavar, tulkü, çaqqal, qaban, dovşan, qırqovul, qaz, turac və digər heyvan və quş növləri ilə təmsil olunmuşdur. Burada heyvan və balıq ovu ilə məşğul olmaq mümkündür.

Rayonun təbii şəraiti burada bostan bitkiləri becərməyə, taxılçılıq və pambıqçılıqla məşğul olmağa imkan verir.
Sovet İttifaqı dağılana qədər Bərdə ümumittifaq sağlamlıq ocaqlarından biri idi. Bu diyarda müalicəvi əhəmiyyətli mineral su bulaqları çox olduğuna görə bura çox populyar kurort idi. Mineral bulaqlardan ən məşhuru Bərdə şəhərindən 3 km aralıda yerləşən İstisu və Muğanlı kəndinin yaxınlığındakı bulaqdır.

Rayonun inzibati mərkəzi olan Bərdə şəhəri Bakıdan 314 km məsafədə yerləşir. Azərbaycanın qərbində yerləşən Bərdə ərəb yazılı mənbələrində (İBN HOVQAL) "ARRAN ŞƏHƏRLƏRİNİN ANASI" adlandırılmışdır. Vaxtilə bu şəhər böyük İpək Yolunun üzərində yerləşən əsas məntəqələrdən biri olmuşdur. Ətraf regionlarda yaşayan xalqlar hələ 2000 il bundan əvvəl Bərdə barədə bilirdilər. Hətta belə bir rəvayət vardır ki, Bərdənin təməlini qoyan Makedonyalı İsgəndər olmuşdur. Balazuni və Qəzvini kimi qədim müəlliflər öz əsərlərində bu rəvayətə istinad etmişlər. Eramızın VI əsrindən etibarən Bərdə Qafqaz Albaniyasının paytaxtı olmuşdur.
Arxeoloji ekspedisiyalar zamanı müasir Bərdənin yaxınlığında qədim şəhər xarabalıqları aşkar edilmişdir. Burada şəhər mədəniyyətini, ticarətin və sənətkarlığın yüksək inkişaf etməsini təsdiqləyən çox zəngin material tapılmışdır. Onlar qədim Bərdədə zərgərlik, dəmirçilik, duluzçuluq, ipəkçilik, ağac emalı və xalça toxuma kimi xalq sənətlərinin yüksək səviyyədə olmasını söyləməyə imkan verir.

Bu şəhərin inkişaf etmiş infrostrukturu olmuşdur. Belə ki, arxeloloqlar yeraltı su komunikasiyalırı və kanalizasiya qalıqları aşkar etmilər. Onların tikilməsində keramik borulardan istifadə edilirmiş. İnşaat işlərində qırmızı kərpicdən istifaldə edilirdi. Qədim şəhərin meydanlarına daş döşənlimdir. Buradakı sikkəxanada metal pul zərb edilirdi. Aşkar edilmiş tapıntılar onu göstərir ki, Bərdə şəhəri Azərbaycanın və bütün yaxın şərqin ətraf şəhərləri ilə sıx əlaqə saxlamışdır. Burada bizim eradan əvəl ikinci minillikdən başlamış orta əsrlərin sronuna qədər böyük bir dövrü əhatə edin maddi mədəniyyət əşyalırı tapılmışdır.

Bir sıra memarlıq abidələri zəmanəmizə qədər salamat qalmışdır. Tərtər çayı üzərindən salınmış məşhur körpü (VII-XI əsrlər), "Axsadan baba", "Güloğlular" məqbərələri ("Güloğlular " məqbərəsində məşhur alim Bəhmən Mirzə Qacar dəfn edilmişdir) Əyyub Əl Hafizin oğlu usta Əhməd tərəfindən ucaldılmışdır. "İmamzadə" deyilən məqbərədə isə alimlərin fikrincə Şeyx İbrahim dəfn edilmişdir. Çiy kərpicdən tikilmiş kvadrat formalı qala da salamat qalmışdır.

552-ci ildə Bərdə şəhəri Alban dövlətinin paytaxtı kimi Alban xristian kilsəsinin dini mərkəzinə çevrilmişdir. Xristianlığı Qafqaz Albaniyasına gətirən Suriyalı missionerlər olmuşlar.

Lakin VII əsrin birinci yarısından etibarən Bərdə xəzər tayfaları ilə ərəblər arasında gedən müharibələrin meydanına çevrilir. Xəlifə Müaviyyənin hakimiyyətdə olduğu dövrdə (661-680-ci illər) Bərdə bərpa olunur, şəhərin ətrafında qala divarlar ucaldılır. Ərəblər xəzərlərin hücumlarından müdafiə olunmaq üçün burada öz qarnizonlarını yekrləşdirmişdilər. O dövrdə Bərdə əhalisinin sayı 100 min nəfərə çıtırdı - bu, həmin vaxtlar üçün böyük rəqəmdir. Buna görə də ərəb müəllifi Müqəddəsi Bərdəni "Bu regionun Bağdadı" adlandırmışdır.

Xilafətin süqutundan sonra demək olar ki, X əsrin axırlarına qədər Bərdə Salarilər dövlətinin tərkibinə daxil olmuşdur. Bərdənin tarixində maraqlı bir hadisə qeydə alınmışdır. 944-cü ildə Kiyev knyazlığından bütün şəhərlərə və kəndlərə üz tutub qarşısına çıxan hər şeyi talan edən vikinqlər Kür çayı boyunca gəmilərlə şimala tərəf gəlirdi. Əldə olan qeydlərə inansaq, vikinqlərin dəstəsi 30 mindən 50 minə qədər adamdan ibarət olmuşdur. Onlar bir müddət Bərdəni ələ keçirməyə nail olmuş, lakin bir neçə aydan sonra naməlum xəstəliklər üzündən qırılmağa başlamış və vuruşmadan şəhəri tərk edib getmişdirlər.

Bərdəyə ən çox ziyan vuran monqol basqınları omuşdur. Teymurun (XV əsr) hücumu dövründə Bərdə çox güclü dağıntılara məruz qalmışdır. 1736-cı ildən iran şahı Nadir bu şəhəri viran edindən sonra Bərdə özünə gələ bilmədi. Şəhərdə tənəzzül yarandı və XVIII əsrin axırlarında o, Qarabağ xanlığının tərkibində kiçik bir yaşayış məntəqəsinə çevrildi.

Əvvəllər Bərdə bir-birindən dəqiq ayrılan iki hissədən ibarət idi. Ətrafına qala bivarı çəkilmiş Şəhristan adlanan mərkəzi hissə və sənətkarların, tacirlərin yaşadığı məhəllələrdən ibarət olan Rabat. Buradakı məhəllələrdə dəmirçilər (hazırda həmin ərazidə Qara Dəmirçilər kəndi salınmışdır), toxucular, duluzçular, bənnalar, ağac və daş üzərində oyma işləri görən sənətkarlar, dabbaqlar yaşayırdı. Sənətkarlar gözəl parçalar, silahlar, keramika və şüşədən qablar, adi və qiymətli metallardan bəzək əşyaları hazırlayırdılar. Azərbaycanlı sənətkarların yaratdığı məşhur Qarabağ qrupuna aid xovlu və xovsuz xalçalar əsasən Bərdədə toxunurdu. Bura əsl sənətkarlar şəhəri idi. Böyük Azərbaycan şairi Nizami Gəncəvi özünün "İsgəndərnamə" poemasında Bərdənin gözəlliklərini vəsf etmişdir.

Bərdənin şöhrətini dünyaya yayan adamlar arasında XIV əsrdə yaşamış məşhur siyasi xadim Bərdəli Qazı Məhyəddin, mütərəqqi hüquqşünas və alim Bərdəli Məhəmməd ibn Abdulla Abubəkr (961-ci ildə vəfat etmişdir) xüsusi qeyd edilməlidir. Şərqin adlı sanlı alimlərinin çoxu ilə tanış olan bu şəxs "razı olmayanlara cavab" adlı kitab yazmışdır (müsəlman hüququ əsasında). Bu alimin əsərləri onun demokratik və mütərəqqi təfəkkürə malik bir şəxs olmasını göstərir.

AĞDAM

Ağdam rayonunun ərazisində qədim memarlıq abidələri çoxdur. Şahbulaq kəndindəki karvansara (XVIII əsr), Xanoğlan məqbərəsi (XVII əsr), məscid (XVII əsr), Pənahəli xanın sarayı və məqbərəsi, Xaçıntürbətli kəndindəki "Qutlu Musa oğlu" məqbərəsi (XIV əsr), Papravənd kəndindəki iki məqbərə və bir məscid, Boz dağın şimal ətəklərində Çapılmış mağar məbədi, Qafqaz Almaniyası xristian dövrünə aid məbədlər bu qəbildəndir.
Ağdam rayonunun inzibati mərkəzi olan Ağdam şəhəri Bakıdan 362 km məsafədə yerləşir. Ağdam da Qarabağ düzənliyində yerləşən ən iri şəhərlərdən biri olmuşdur. Türk qəbilələri düşmənlərdən müdafiə olunmaq üçün çox vaxt düzənlik yerlərdə kiçik qalalar tikirdilər. "Ağdam" sözünün qədim türk dilində mənası "kiçik qala" olmuşdur.
Sonradan "Ağdam" sözü müasir dövrdə daşıdığı mənanı kəsb etmiş - "işıqlı, ağ bina". Bu ad onunla bağlıdır ki, XVIII əsrdə Qarabağ xanı Pənahəli özünə ağ daşdan ev tikdirmişdir. Bu ev bir-biri ilə həmahəng olan tikililərdən ibarət bütöv bir kompleks - ağ daşdan tikilmiş imarət idi.
Ağdamda qeyri-adi bir muzey var - Çörək muzeyi. Burada unikal eksponantlar - çörək və taxılçılıqla bağlı arxeoloji tapıntılar toplanmışdır. Eksponantlar arasında daşa dönmüş dənlər, əl dəyirmanları, qab-qacaq, qədim kitablar, əlyazmalar, taxılçılığın, əkinçilik alətlərinin (oraq, xış, taxıl döyən vərdənə və s.) inkişafından bəhs edən müxtəlif materiallar vardır.

ŞUŞA

Bakıdan 373 km məsafədə yerləşən Şuşa şəhərinin bu cür adlanması bu yerlərin təmiz və saf havası ilə bağlıdır. "Şuşa" sözü "şüşə" sözü ilə assosiasiya edilir (adətən azərbaycanlılar təmiz havanı şəffaf şüşə ilə müqayisə edirlər). Ölkəmizin ən gözəl şəhərlərindən biri olan Şuşa İSA BULAĞI, TURŞ SU, SƏKİNƏ BULAĞI, SOYUQ BULAQ, YÜZ BULAQ, QIRX BULAQ, ÇARIQ BULAQ və başqa unikal bulaqları ilə də məşhurdur.

Şuşa şəhərinin yaranması və sonrakı dövrdə tərəqqisi Qarabağ xanlığının gücünün-qüdrətinin artması ilə əlaqədardır. Şuşanı iki tərəfdən əhatə edən, vaxtilə çox əzəmətli olmuş qala divarları hələ də salamat qalmışdır. Bu şəhərin əsasını qoyan isə Qarabağ hökmdarı Pənahəli xan olmuşdur. Pənahəli xan burada qala tikdirmiş və onu Pənahabad adlandırmışdır (1756-1757-ci illər). Sonradan yaxınlıqdakı Şuşa adlı kiçik kəndin adı bu şəhərə verilmişdir. Pənahəli xan bu bölgədə Bayat və Şahbulaq qalalarını da tikdirmiş, Əsgəran qalasını möhkəmlətmişdir.

XVIII əsrdə Şuşa şəhəri Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilmişdir. Onun dövrəsində böyük və güclü sədd çəkilmiş, çoxsaylı sənətkar məhəllələri yaranmışdır. Şuşalı tacirlər İran şəhərləri və Moskva ilə ticarət əlaqələri saxlayır burada Pənahabadi adlanan gümüş sikkə zərb edilirdi.

Uca dağlar qoynunda yerləşən bu gözəl şəhər buraya gələn səyyahları özünə məftun edirdi. Rus rəssamı V.Vereşşagin Şuşa barədə belə yazmışdır: "Onun evləri düzgün formalı qəşəng və hündürdür, çoxsaylı qəşəng pəncərələrdən evlərə işıq düşür. Şəhər qayalar üzərində yerləşir və elə həmin qayalardan çıxarılan daşlardan tikilmişdir. Bütün küçələrə enli plitələr döşənmiş, evlərin damları tirlərdən düzəldilmişdir".

Şuşanın məhəllələrində daş sütunlarla diqqəti cəlb edən üstü örtülü qalereyalar vardır. Bazar meydanları kifayət qədər geniş idi. Şəhərin əsas MEYDANINDA isə sıra ilə tikilmiş ticarət köşkləri, iki mərtəbəli karvansara və qoşa minarəli cümə məscidi vardır.

Şəhərin kənarında dərin Daşaltı dərəsinin yaxınlığında yerləşən Cıdır düzü xüsusilə məşhurdur. Cıdır düzündən bir qədər aşağıda qırx pilləkan deyilən dik pilləli yol Daşaltı çayına aparır. Əsrarəngiz "Xəzinə qala" mağarası da orada yerləşirdi. Şuşaya gələn qonaqların hamısı burada olurdu.

Şuşanı məşhurlaşdıran qədim memarlıq və incəsənət abidələrinin hamısını sadalamaqla qurtarmaz. Burada təkcə rəsmən qeydə alınmış 170 memarlıq abidəsi və 160 incəsənət abidəsi vardır. Şairə Xurşudbanu Natəvanın, artilleriya generalı, Port-Artur qalasının qəhrəmancasına müdafiəsinin iştirakçısı olmış Mehmandarovun, dahi bəstəkar Üzeyir Hacıbəyovun, görkəmli müğənni Bülbülün, şair və rəssam Mir Möhsün Nəvvabın, ev - muzeyləri, İbrahim xanın və onun qızı Qara Böyükxanımın qəsrləri, "Gəncə darvazaları", qala divarı və s.

Şuşanı "Şərqin konservatoriyası adlandırırlar" - bu şəhər Azərbaycanın bir sıra görkəmli müğənnilərinin musiqiçilərinin, böyük bəstəkarların və drijorların vətənidir: CABBAR QARYAĞDI OĞLU, QURBAN PİRİMOV, BÜLBÜL, SEYİD ŞUŞİNSKİ, XAN ŞUŞİNSKİ, RƏŞİD BEHBUDOV, ÜZEYİR HACIBƏYOV, NİYAZİ, FİKRƏT ƏMİROV, SÜLEYMAN ƏLƏSGƏROV əslən şuşalıdır.

Tanınmış yazıçılar SÜLYEMAN SANİ AXUNDOV, ƏBDÜRƏHİMBƏY HAQVERDİYEV, NƏCƏF BƏY VƏZİROV, şairə XURŞUDBANU NATƏVAN, şair QASIM BƏY ZAKİR, rəssam TOĞRUL NƏRİMANBƏYOV, heykəltaraş CƏLAL QARYAĞDI və başqaları bu şəhərdə doğulmuşdur.

Şuşadan bir qədər aralıda yerləşən Xankəndi şəhərinin adına ilk dəfə IX əsrə aid yazılı mənbələrdə rast gəlmək olar. Əsası türk qəbilələri tərəfindən qoyulmuş bu şəhər əvvəlcə Vərəndə adlanırdı. XVIII əsrin axırlarında Pənahəli xanın oğlu Mehdiqulu xan həmin yerdə böyük bir yaşayış məntəqəsi salmış və onu Xankəndi adlandıraraq öz arvadı Pərican bəyimə hədiyyə etmişdir. 1923-cü ildə Xankəndi şəhərinin adı dəyişdirilərək Stepanakert adlandırılmış, SSRİ dağılandan sonra Azərbaycan müstəqillik əldə edəndə şəhərin tarixi adı ona qaytarılmışdır.

KƏLBƏCƏR

Kəlbəcər rayonu Kiçik Qafqaz dağlarının ətəklərində yerəşir. Rayonun inzibati mərkəzi Kəlbəcər şəhərinin adının mənası "h&ustrongpuml;ndür aşırım", "yüksək ərazi" deməkdir. Kəlbəcər şəhərinin Bakıdan məsafəsi 445 km-dır.
Bu diyar özünün mineral, o cümlədən termal suları ilə məşhurdur. Ən məşhur mineral su olan İstisu bulağı ətrafında salınmış kurort da İstisu adlanır. TƏRTƏR çayıtın sahillərində, dəniz səviyyəsindən 2000-2400 m yüksəklikdə yerləşən bulaqlar (burada 31 bulaq var) da öz şəfaverici xassəsi ilə İstisudan o qədər də geri qalmır. Bu mineral suların kimyəvi tərkibi dünya şöhrətli KARLOVI VARI (Çexiya) suyunun tərkibi ilə demək olar ki, eynidir, bəzi göstəricilərə görə hətta ondan da üstündür.




Copyright © POLAR EAST 2012 All Rights Reserved