1 2 3 4 5 6 7 8

Sizə Zəng Edək

E-poçtunuz: Telefon:
Adınız: Soyadınız:

Azərbaycan

Mədəniyyət

Azərbaycan mədəniyyətinin kökləri qədim dövrlərə gedib çıxır. Bunu Qobustan qayalıqları üzərindəki petroqliflər, Naxçıvanda Gəmiqaya, Kəlbəcərdə Dəlidağ, Neolit və Tunc dövrlərinin qədim keramikası, çoxsaylı dəfn yerlərindən və məskənlərindən tapılmış ornamentli tunc əşyalar, qızıl və gümüş tapıntılar sübut edir.
Azərbaycanda qədim inanclar (animizm, əcdadların kultu və s.) e.ə. 1-ci minilliyin ortalarında zərdüştilik dini tərəfindən sıxışdırıldı. Yer üzündə ən qədim dinlərdən biri olan zərdüştlüyün dualist konsepsiyasına görə, dünyanı Xeyir və Şər, Ahuramazda və Əhrimən idarə edir. Zərdüştlüyə sitayiş edənlərin başlıca mənəvi vəzifələrindən biri də seçim konsepsiyasıdır. Əsas bayramlardan biri Xeyirin Şər üzərində qələbə çaldığı Novruz (“Yeni gün”) idi. Əsrlər keçdikcə, Novruz artıq Azərbaycanda bahar bayramı, gecə ilə gündüzün bərabərləşdiyi gün, təbiətin oyanışı kimi qeyd olunur. Martın 21-dən başlayan bu bayram bir neçə həftə davam edir.

Orta əsrlərdə şəhərlər başlıca mədəni, siyasi, inzibati və ticarət mərkəzlər kimi inkişaf edirdi. Şamaxı, Gəncə, Bakı, Bərdə, Şəki, Təbriz, Naxçıvan, Şabran, Ərdəbil, Marağa, Qəbələ, Beyləqan və s xüsusilə seçilirdi. Orta əsr müəllifləri Azərbaycanı “yüz şəhər ölkəsi” adlandırırdılar. 5-ci əsrdə Qafqaz Albaniyasının öz əlifbası var idi. Alban səlnaməçisi Musa Kalantuklu “Albanların tarixi”ni yazmışdır. Bu səlnaməyə alban şairi Davdəkin böyük Cavanşirin ölümünə yazdığı poema da daxildir.
 7-ci əsrin sonu – 8-ci əsrin əvvəllərində artıq şəhər əhalisinin əksəriyyəti İslam dinini qəbul etdikdən sonra  yeni mədəniyyət yarandı və alban yazısını ərəb əlifbası əvəz etdi. Ölkədə çoxlu məktəb və mədrəsələr açıldı. Burada Quranla yanaşı riyaziyyat, tibb, astronomiya, fəlsəfə və digər elmlər tədris edilirdi. Bu dövrdə və daha  sonra ölkədə intensiv tikinti işləri aparılırdı. Azərbaycanın intibah dövrünü əhatə edən 11-12-ci əsrlərdə çoxlu dini tikililər, məscidlər, qəsrlər, qalalar, irriqasiya sistemləri yaradılmışdı.

Bu dövrdə filosof Bəhmənyar, tarixçi Məsud ibn Namdar, memar Əbubəkr Əcəmi, şair Məhsəti Gəncəvi, dahi şair və filosof Nizami Gəncəvi, şair və mütəfəkkir Əfzələddin Xaqani və başqaları yaşayıb – yaratmışlar. Türk – oğuz eposu “Kitabi – Dədə Qorqud” da bu dövrdə tam olaraq formalaşmışdır. Şahmat, nərd, çovqan oyunları geniş yayılmışdı. Demək olar ki, hər şəhərdə zorxanalar var idi. Bakıdakı Qız qalası, Naxçıvandakı türbələr, Pirsaat çayı üzərindəki xanagah da bu dövrün abidələrindəndir.

13-15-ci əsrlərdə müharibə və işğallara baxmayaraq, intensiv mədəni inkişaf davam edirdi. Azərbaycan dilində Həsənoğlunun divanı, şair Əlinin “Qisseyi Yusif” kimi inciləri bu dövrdə yaranmışdı. Dahi Azərbaycan alimi, astronom və filosof Nəsirəddin Tusinin təşəbbüsü ilə Marağada böyük rəsədxana inşa edilmişdi. Müsəlman dünyasının sonraki astronomları Tusini özlərinin müəllimi hesab edirdilər. Rəsədxanada o vaxta qədər elmə məlum olmayan, Tusinin özü tərəfindən quraşdırılmış cihazlar və qurğular yerləşdirilmişdi. Elə bu əsrlərdə məşhur musiqişünaslar Səfiəddin Urməvi və Əbdülqədir Marağayi orijinal və bənzərsiz musiqi not sistemini yaratmışdılar.
 Bu dövrün mədəniyyəti görkəmli şəxsiyyətləri, filosof və şairlərinin çoxluğu ilə seçilir. İmadəddin Nəsimi, Bədr Şirvani, Əbdürrəşid Bakuvi, Seyid Yəhya Bakuvi, məşhur tarixçi Rəşidəddin və s bu dövrdə yaşayıb-yaratmışdılar. Bir çox görkəmli şair, riyaziyyatçı və filosoflar məhəbbət lirikası pərdəsi altında sufi fəlsəfəsinin ali prinsiplərini inkişaf edirdilər. Nəsimi və Bakuvi kimi sufi filosoflar universal dəyərlər mədəniyyətini zənginləşdirmişdilər.
 Səfəvilər dövründə (16-cı əsr) miniatür sənəti və xəttatlıq yeni stimul qazandı. Bu dövrdə bütün Şərqdə məşhur olan Təbriz miniatür məktəbi və onun ən parlaq nümayəndəsi Sultan Məhəmmədin yaradıcılığı çiçəklənmə dövrünü yaşayırdı. Məhəmməd Füzulinin (1494-1556) “Leyli və Məcnun” poeması poetik yaradıcılığın zirvəsi idi. Şifahi xalq yaradıcılığı da inkişaf edirdi. “Koroğlu” eposu geniş yayılmışdı. Bu dastan şifahi ədəbiyyatın ən mükəmməl nümunələrindən biri hesab edilir.
 Orta əsrlərdə Azərbaycanda tətbiqi sənətlər – şüyrələnmiş keramika, metal məmulatlar, rəngli şüşə istehsalı, xalçaçılıq və toxuculuq geniş yayılmışdı. Onların bəzi  nümunələri dünyanın aparıcı muzeylərində – Ermitajda, Luvrda, Topqapıda, Viktoriya və Albert muzeylərində, o cümlədən Metropoliten və s. – də saxlanılır.

Yerli sənətkərların şöhrəti yalnız ölkədaxili ilə məhdudlaşmır , onun hüdudlarından kənara da çıxırdı. Bunun nəticəsidir ki, onlar tez-tez digər ölkələrə dəvət edilir, saraylarda və s fəaliyyət göstərirdilər. Müharibələr vaxtı isə bu sənətkarlar zorla başqa ölkələrə aparılırdılar. Məsələn , Azərbaycan memarları, misgərləri, xəttatları və daş ustaları Səmərqəndin, Şəhrisəbzin, İraqın və Hindistanın bir çox memarlıq incilərinin tikintisində yaxından iştirak ediblər.
 Azərbaycan Rusiya imperiyasının tərkibinə qatıldıqdan sonra müxtəlif elm və mədəniyyət sahələrində Avropanın güclü təsiri hiss edilməyə başladı. Bu, özünü daha çox  memarlıqda, təsviri sənətdə, ədəbiyyatda, təhsildə və s.-də göstərirdi. 19-cu əsrdə Abbasqulu ağa Bakıxanovun Azərbaycan tarixinə aid ilk əsəri olan “Gülüstani-İrəm” yazıldı. Bu dövrdə Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundov (1812-1878) realist nəsr nümunələri yaradırdı. 1875 – cü ildə Azərbaycan dilində ilk qəzet nəşr olundu. “Əkinçi” qəzetinin naşiri məşhur pedaqoq və maarifçi Həsən bəy Zərdabi idi.


 1873 – cü ildə Azərbaycan teatrının əsası qoyuldu, 1866-ci ildə isə ilk sərf – nəhv məktəbi açıldı. 19-20-ci əsrin əvvəllərində Azərbaycan dilində artıq xeyli sayda qəzet və jurnal nəşr olunurdu. Bunlara misal olaraq “Hümmət”, “Təkamül”, həmçinin rus dilində “Bakinski raboçi”, “Kaspi” və s kimi qəzetləri göstərmək olar. Cəlil Məmmədquluzadənin nəşr etdirdiyi “Molla Nəsrəddin” jurnalı geniş yayılmışdı. Təkcə Azərbaycanda deyil, Bütün müsəlman Şərqində məşhur olan bir çox mədəniyyət xadimləri – karikaturaçı rəssam ƏzimƏzimzadə, satirik şair Mirzə Ələkbər Sabir, şair Əliqulu Qəmküsar və başqaları bu jurnalla əməkdaşlıq edirdilər.


 1908-ci il yanvar ayının 12-də ilk milli Azərbaycan operası – Üzeyir Hacibəyovun “Leyli və Məcnun” operasının ilk tamaşası, 1913-cü il oktyabrın 25-də isə ilk milli musiqili komediya “Arşın mal alan” operettasının premyerası oldu. O dövrün milli teatr səhnəsində Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Mirzağa Əliyev , Sidqi Ruhulla və s kimi görkəmli sənətkarlar çıxış edirdilər. Azərbaycanın müasir təsviri sənətinin bünövrəsi də məhz bu dövrdə qoyulmuşdu. Bu Bəhruz Kəngərli və Əzim Əzimzadənin adı ilə bağlı idi. Məşhur memarlar Ploşko, Skibinski, Qoslavski, Əhməd bəy Zivərbəyov və s indiki Kukla teatrının binası, Bakı meriyası, Tarix muzeyi, İncəsənət muzeyi, Elmlər Akademiyasının Rəyasət Heyəti, Opera və Balet teatrı, Şamaxıdakı Cümə məscidi kimi memarlıq inciləri yaratmışdılar.
Azərbaycanda sovet dövründə memarlıqda yeni cərəyan – konstruktivizm formalaşdı: Bakıda indiki Standart bankın binası və s. (Şusev, Vesnin qardaşları və b.). Mikayıl Hüseynov, Sadıq Dadaşov, Ə. Qasımzadə, Ə. İsmayılov, V. Şulgin və s. milli memarlıq məktəbinin ən görkəmli nümayəndələri idilər.


 Dövrün Hüseyn Cavid, Mikayıl Müşviq, Abbas Səhhət, Yusif Vəzir Çəmənzəminli, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı və s.  kimi yazıçı və şairləri Azərvaycan ədəbiyyatını daha da  zənginləşdirirdilər.
 Bəstəkarlar Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Arif Məlikov müasir Azərbaycan musiqi mədəniyyətinin inkişafında müstəsna rol oynamışlar. Vaqif Mustafazadə, Əzizə Mustafazadə, Rafiq Babayev və başqaları caz musiqisində ənənəvi musiqi motivlərindən istifadə etmişlər.
Müasir dövrün ən tanınmış rəssam və heykəltaraşları Mikayıl Abdullayev, Səttar Bəhlulzadə, Tahir Salahov, Toğrul Nərimanbəyov, Ələkbər Rzaquliyev, Fuad Əbdürrəhmanov, Tokay Məmmədov, Ömər Eldarov və b.-dır.
Həsən Seyidbəyli, Rasim Ocaqov, Arif Babayev, Əjdər İbrahimov və digərləri milli kinomuzun inkişafında mühüm rol oynamış kinorejissorlardır. Məşhur yazıçılar sırasında Maqsud və Rüstəm İbrahimbəyovların, Natiq Rəsulzadənin, Elçinin, Çingiz Abdullayevin və digərlərinin adlarını çəkmək olar.

Copyright © POLAR EAST 2012 All Rights Reserved