1 2 3 4 5 6 7 8

Sizə Zəng Edək

E-poçtunuz: Telefon:
Adınız: Soyadınız:

Azərbaycan

Tarix

Əlverişli coğrafi mövqe, zəngin təbii ehtiyatlar və gözəl iqlim Azərbaycan təkcə dinc məqsədli insanları cəlb etmirdi. Ölkəmiz tarix boyu Roma, Parfiya, Ərəb xilafəti kimi imperiyaların, Çingiz xanın, Teymurləngin, Osmanlı türklərinin və Rusiyanın işğallarına məruz qalmışdır.

Azərbaycanın hər bir vilayətində qədim insanların yaşadığını sübut edən çoxsaylı arxeoloji abidələr mövcuddur. Azıx və Tağlar mağaralarından tapılmış arxeoloji materiallar burada yaşamış qədim insanların ixtiyarında gözəl iqlimin, zəngin su ehtiyatlarının olduğunu sübut edir. Qədim insanlar onları gözləyən təhlükələrdən qorunmaq üçün dağlara çəkilir və burada özlərinin ənənəvi həyat tərzinə uyğun olaraq yığcam etnik qruplar şəklində ayrı – ayrı məskənlər salırdılar. Son Neolit dövründə kənd təsərrüfatı və maldarlıq ibtidai inşaat və duluşçuluqla eyni vaxtda inkişaf etməyə başladı.
Daha sonra üzəri naxışlı keramika və bəsit petroqliflər (Qobustan, Gəmiqaya, Şahtaxtı, Şomutəpə, Əliköməktəpə, Kültəpə arxeoloji materiallar) meydana gəldi. Tunc dövründə (e.ə. 3-1-ci minilliklər) metal emalı ilə əlaqədar sənət növləri (silah hazırlanması) yarandı, sümükdən əşyalar, toxuma məmulatlar, naxışlı keramika istehsalı inkişaf etməyə başladı. Kiçik Asiya və Yaxın Şərq ölkələri ilə əlaqələr intensiv xarakter almışdı (Azərbaycanın bir çox bölgələrindən əldə edilmiş Kür-Araz mədəniyyətinə aid arxeoloji materiallar).

Bir çox qədim yazılı mənbələrdə, o cümlədən şumer-akkad mənbələrində adı çəkilən iri tayfa birlikləri yaranmağa başladı. Azərbaycan tarix boyu tərkibində olduğu müxtəlif imperiyaların mühüm siyasi mərkəzi olmuşdur (Azərbaycan atabəyləri Eldənizlər 12-13-cü əsrlər; Qaraqoyunlu və Ağqoyunlu dövlətləri, 15-ci əsr; Səfəvilər imperiyası, 16-17-ci əsrlər). Paytaxtı İzirtu olan ilk böyük dövlət Manna e.ə 9-ci əsrdə yaranmışdır. 3 min il tarixi olan yerli dövlətçilik ənənələri məhz Manna ilə başlayır.

Paytaxtı Aqbatana olan Midiya imperiyası e.ə. 7-ci əsrdə Mannanı əvəz etdi. Aşşura, Urartuya qalib gəlməklə mühüm hərbi və siyasi uğur qazanan Midiya bütün Cənubi Qafqazda və indiki İranın böyük hissəsində güclü təsir qüvvəsinə malik idi. E.ə. 6-cı əsrdə Midiya Əhəmənilər imperiyasının tərkibinə qatıldı və onun əsas əyalətlərindən birinə çevrildi. Əhəmənilər fəal işğalçı siyasət aparmaqla yanaşı, qonşu ölkələrə güclü mədəni təsir də göstərirdilər. Geniş və zəngin ərazilər işğal etməsinə baxmayaraq, tez-tez apardığı müharibələr və baş verən üsyanlar nəticəsində imperiya xeyli zəiflədi. Makedoniyalı İsgəndər e.ə. 4-cü əsrin ortalarında əhəməniləri məğlub etdi. Zəbt olunmuş ərazilər qədim yunan antik mədəniyyətinin təsiri altına düşdü. Bu amil Mərkəzi Asiyadan tutmuş Avropayadək , Misirdən tutmuş Hindistanadək böyük ərazilərin tarixi və mədəni mənzərəsini dəyişdi.

Azərbaycanın tarixi ərazisində bu dövrdə iki dövlət – Qafqaz Albaniyası və Atropatena meydana gəldi. Burada kənd təsərrüfatının (şərabçılıq, bağçılıq, kətan və pambıq istehsalı, maldarlıq) inkişafı tezliklə yüksək səviyyəyə çatdı. Qafqaz Albaniyası və Atropatenanın şəhərlərində sənətkarlıq yüksək inkişaf səviyyəsinə çatdı (xalçaçılıq və toxuculuq, şüşə istehsalı, metal məmulatların hazırlanması). Şimali Qafqaz, Mərkəzi Asiya və Misirlə ticarət əlaqələri genişlənirdi.
E.ə. 1-ci əsrin sonundan eramızın 7-ci əsrinədək Azərbaycan əvvəlcə Parfiya və Roma, daha sonra Bizans və Sasani imperiyaları arasında ərazi iddiaları səbəbindən müharibə meydanına çevrilmişdi. 3-cü əsrdə Atropatena tamamilə Sasani imperiyasının tərkibinə qatıldı, Qafqaz Albaniyası isə nisbi müstəqilliyini saxlaya bildi. Bu dövlətin ilk paytaxtı Qəbələ, sonra isə Bərdə oldu. Eramızın 4-cü əsrində xristianlıq Qafqaz Albaniyasının rəsmi dövlət dininə çevrildi. Atropatenada isə zərdüştlük hakim mövqeyini saxlamaqda idi.
7-ci əsrdə Sasani imperiyası və qonşu ərazilər Ərəb xilafəti tərəfindən tutuldu. Ərəblər özləri ilə birlikdə buraya yeni İslam dinini gətirdilər.

Xilafət Pireneydən tutmuş Çinədək , Qafqazdan tutmuş Şimali Afrikayadək geniş əraziləri, həmçinin bu yerlərin xalqlarının mədəniyyətlərini birləşdirdi. Yunan mədəniyyəti kimi, müsəlman mədəniyyəti də dünya tarixinin gedişinə, elmin, təbabətin və fəlsəfənin inkişafına güclü təsir göstərdi.

Onun tərkib hissələrindən biri də alimləri, şairləri və mütəfəkkirləri ilə müsəlman mədəniyyətinə böyük töhfələr vermiş Azərbaycan mədəniyyəti idi. Erkən orta əsrlərdən Azərbaycan ərazisi tez-tez işğalçı hücumlara məruz qalırdı. Hunlar, savirlər, xəzərlər, bulqarlar – onoqurlar və b. şimaldan Dərbənd keçidi vasitəsilə Azərbaycana soxulurdular. Onlardan bəziləri ölkədə məskunlaşıb yerli əhali ilə qaynayıb – qarışırdılar, digərləri isə sonradan qayıtmaq niyyətilə taladıqlarını yığıb ölkəni tərk edirdilər və ya silahlı müqavimət nəticəsində məhv olurdular.
Ölkə ərazisini  şimaldan gözlənilən daimi təhlükələrdən qorumaq üçün müdafiə istehkamlarının tikintisinə böyük əhəmiyyət verilirdi: Dərbənd qalasının möhkəm divarları, Gilgilçay istehkamı və Çıraqqala, erkən orta əsrlərdə Sasanilərin inşa etdiyi Beşbarmaq fortifikasiya sistemi. Onu da qeyd etmək lazımdır ki, Abşeronun orta əsr qəsrləri və keşikçi qüllələri vahid müdafiə qurğuları kompleksinə daxil idi. Şimal-şərqi Azərbaycanın və Abşeronun fortifikasiya kompleksi YUNESKO- nun dünya irsi siyahısına salınmaq üçün təqdim olunmuşdur.
Yerli əhali ərəb işğallarına qarşı tez-tez çıxışlar edirdi. Bunlardan biri olan Babək üsyanı Azərbaycanın qəhrəmanlıq tarixinin şanlı səhifələrindən biri idi. Xürrəmi üsyançılar və onların rəhbəri Babək azadlıq uğrunda 20 il döyüşdülər. Bu illər ərzində üsyançılar onlara qarşı göndərilmiş 7 orduya qalib gəlmişdilər.
Babəkin məğlubiyyətindən sonra Xilafət parçalandı və nəticədə Şirvanşahlar, Sacilər, Salarilər, Şəddadilər və Rəvvadilər  kimi yeni dövlətlər yaranmağa başladı. Bu dövlətlərdən hər birinin öz pulu, ordusu var idi və  müstəqil siyasət yürüdürdü. 11-ci əsrdə Azərbaycan ərazisi Səlcuqilər imperiyasının hücumuna məruz qaldı. Səlcuqilər imperiyasının hakimiyyətinə həmçinin İraqın bir hissəsi, Şimali Qafqaz, Kiçik və Mərkəzi Asiyanın bir sıra əraziləri daxil idi.

Səlcuqilər imperiyasının ömrü uzun olmadı. 12-ci əsrin əvvələrində parçalanan imperiyanın yerində müstəqil hakimiyyətlər yarandı. Azərbaycan ərazisində yalnız Şirvanşahlar Səlcuqilərdən asılı deyildi. Elə həmin dövrdə Azərbaycanda daha bir dövlət – Atabəy Şəmsəddin Eldənizin (1136-1175) yaratdığı Atabəylər dövləti meydana gəldi. Şirvanşahlar dövləti istisna olmaqla, demək olar ki, bütün Azərbaycan Eldənizlərin hakimiyyəti altında idi. Bir çox qonşu dövlətlər  kimi Şirvanşahlar da Eldənizlərin vassalı olmuşdu. Müxtəlif vaxtlarda bu dövlətin paytaxtı Naxçıvan, Təbriz, Həmədan və Marağa şəhərləri idi. Eldənizlər güclü ordu saxlayır, öz pulunu buraxır, müstəqil xarici və daxili siyasət yeridirdi.
13-cü əsrin əvvəllərində Azərbaycanı monqol ordusu işğal etdi və 1239-cu ildə ölkə Monqol imperiyasının tərkibinə qatıldı. 1256-ci ildə Çingiz xanın nəvəsi Hülaku öz dövlətini yaratdı. Hülaku xan İlxani titulu ilə taxta əyləşdi. Şimalda Dərbənddən cənubda İran körfəzinədək, şərqdə Amudəryadan qərbdə Misirədək olan geniş ərazi İlxanilərin hakimiyyəti altında idi. Azərbaycan Hülakülər dövlətinin əsas əyalətlərindən biri idi, paytaxtı isə Marağa və Təbriz şəhərləri idi. İlxanilərin hakimiyyəti dövründə iqtisadiyyat inkişaf edir, şəhərlər genişlənir və möhkəmlənir, müxtəlif sənət növləri, elm, ticarət əlaqələri artırdı. Yeni körpülər salınır, karvansaralar, məscidlər, mədrəsələr, xanagahlar və qalalar inşa edilirdi.
100 il davam edən Hülakülər hakimiyyəti zəiflədi. 14-cü əsrin ortalarında Hülakülər dövlətinin ərazisi Qızıl Orda xanları və Mərkəzi Asiyada yeni imperiyanın banisi Əmir Teymur arasında mübarizə meydanına çevrildi. Hülakülərin varisi olan Cəlairilər dövləti Əmir Teymurun hakimiyyəti altına keçdi. Şirvanşah İbrahim Dərbəndinin (1382-1479) müdrik diplomatik səyləri nəticəsində Şirvanşahlar dövləti müstəqilliyini qoruya bildi və Avropanın bir çox ölkəsi – Venesiya, Macarıstan, Avstriya, Polşa, Fransa, İngiltərə, Portuqaliya, İspaniya və s. ilə diplomatik əlaqələr yaratdı. Həmin dövrdə, xüsusilə Şirvanşah I Xəlilullah (1417-1465) və onun oğlu Fərrux Yəsarın (1465-1500) dövründə Şirvanşahlar dövləti yüksəliş illərini yaşayırdı.


15-16-cı əsrlərdə Şeyx Səfinin nəslindən olan Ərdəbil hakimlərinin qüdrəti və əhəmiyyəti artmağa başladı. Şiəliyin ardıcılları olan Şeyx Səfinin davamçılarının yaratdığı dövlət Səfəvilər dövləti adlandırıldı. Dövlətin banisi Şah İsmayıl Səfəvi Şirvanşah Fərrux Yasara və Ağqoyunlu ordusuna qalib gəldi. 1501-ci ildə o, özünü Cənubi Qafqazı, İranı, İraqı və Xorasanı əhatə edən imperiyanın şahı elan etdi. Təbriz dövlətin  paytaxtı, Azərbaycan dili isə rəsmi dövlət dili oldu. Səfəvilər dövlətinin möhkəmlənməsi və fəal işğalçılıq siyasəti aparması Osmanlı imperiyası ilə qarşıdurmaya səbəb oldu. Əsrlərlə davam edən Səfəvi – Osmanlı müharibələri Azərbaycana öz mənfi təsirini göstərdi. 18-ci əsrdə süqut edən  Səfəvilər imperiyası ayrı-ayrı hakimliklərə parçalandı. Bunlardan ən böyükləri Azərbaycan ərazisində Quba, Qarabağ, Şəki, Maku və digər xanlıqlar idi. Onlar bir-birləri ilə aramsız müharibələr aparır, eyni zamanda türk və İran ordularının hücumlarına məruz qalırdılar.
Rusiya imperiyası 18-ci əsrin ortalarında Qafqazda özünün geosiyası maraqlarını genişləndirməyə başladı. Rusiya İran və Osmanlı dövlətləri ilə müharibələr apararaq Cənubi Qafqazı nəzarəti altına almışdı. Nəticədə, 1828-ci ildə İranla Rusiya arasında Türkmənçay müqaviləsi imzalandı və İran Cənubi Qafqaza olan iddialarından əl çəkdi. Beləliklə, Azərbaycan İran və Rusiya arasında iki hissəyə bölündü. Şimali Azərbaycan Rusiya imperiyasına qatıldı.
1917-ci il Fevral inqilabı nəticəsində çar hökuməti devrildikdən sonra Azərbaycan müsəlman Şərqində ilk demokratik respublika elan etməklə, öz müstəqilliyini bərpa etdi , lakin onun ömrü cəmi 23 ay oldu. Rusiya belə unikal və zəngin bölgəni əldən vermək istəmirdi. Nəticədə 1920-ci il aprelin 28-də 11-ci Qırmızı Ordu gənc respublikanın suverenliyini pozaraq Azərbaycanı işğal etdi.

1991-ci ildə SSRİ dağıldıqdan və Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra, ölkənin tarixində yeni mərhələ başladı. 1991-ci il oktyabrın 18-də “Azərbaycanın dövlət müstəqilliyi haqqında” akt qəbul olundu. Azərbaycan Respublikası ümumi səsvermə əsasında xalqın seçdiyi prezident tərəfindən idarə olunur, müstəqil inkişaf kursu yeridir. Azərbaycan tarixində ilk dəfə 1991-ci ilin dekabrında keçirilmiş referendum milliyyətindən asılı olmayaraq bütün ölkə vətəndaşlarının birliyini bir daha təsdiq etdi. 1995-ci ildə qəbul edilmiş Konstitusiyaya görə, Azərbaycan hüquqi, suveren, unitar dövlətdir, BMT-nin insan haqları üzrə deklarasiyasına, 1975-ci il Helsinki aktına və ATƏT prinsiplərinə uyğun olaraq inkişaf edir. Keçid iqtisadiyyatlı ölkə kimi, Azərbaycan intensiv inkişaf mərhələsindədir, biznesin inkişafı üçün əlverişli şəraitin yaranmasına, ölkəyə investisiya cəlb edilməsinə, yeni yüksək texnologiyaların tətbiqinə, maliyyə və bank resurslarının konsolidasiyasına yönəldilən tədbirlər proqramını həyata keçirir.
Xarici siyasət sahəsində Azərbaycan müstəqil və sülhsevər siyasət aparır. BMT, Avropa Şurası, MDB, İslam Konfransı Təşkilatı və bir çox digər təşkilatların üzvüdür.

Copyright © POLAR EAST 2012 All Rights Reserved