1 2 3 4 5 6 7 8

Сall To You

E-mail: Telephone:
First Name: Last Name:

NEWS

Bakıda “AİTF-2013” Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi keçiriləcəkdir
2013.02.28

 

Bakı, 24 fevral (AzərTAc). Aprelin 4-dən 6-dək Bakı Ekspo Mərkəzində “AİTF-2013” Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi keçiriləcəkdir.


Sərginin layihə rəhbəri Xəyalə Əliyeva AzərTAc-a bildirmişdir ki, artıq 12-ci dəfə keçiriləcək “AİTF-2013”ün iştirakçılarının coğrafiyası dünyanın 35 ölkəsini əhatə edəcəkdir.
İştirakçı ölkələr sərgidə turizm sənayesinin müxtəlif istiqamətlərini təqdim edəcəklər. Buraya hava yolları və avia-agentliklər, turoperatorlar və turizm agentlikləri, mehmanxanalar, mehmanxana şəbəkələri, sanatoriyalar, pansionatlar, macəra istirahəti üzrə ixtisaslaşan şirkətlər, habelə işgüzar səfərlərin, idman, ekoloji və maarifləndirici turizmin, eləcə də elit istirahətin təşkili ilə məşğul olan şirkətlər daxildirlər.
Sərgidə tibbi turizm də geniş şəkildə təqdim ediləcəkdir. Bu il ilk dəfə olaraq sərginin ekspozisiyasında sürətlə populyarlıq qazanan “Xaricdə əmlak” adlı bölmə də təmsil olunacaqdır.

X.Əliyeva bildirmişdir ki, bu il Azərbaycanın turizm potensialını nümayiş etdirən geniş regional ekspozisiyanın təşkil edilməsi planlaşdırılır. Burada Xaçmaz, Qusar, Quba, Qəbələ, Şəki, İsmayıllı, Lənkəran, Oğuz, Naftalan və ölkənin başqa regionlarının turizm imkanları təqdim olunacaqdır.

 

Azertac

Azərbaycan Los-Anceles turizm sərgisində təmsil olunmuşdur
2013.02.28

Hər il 20 mindən çox ziyarətçinin qatıldığı bu sərgi ABŞ-ın ən böyük turizm sərgilərindəndir. Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu tərəfindən quraşdırılmış Azərbaycan stendində ölkəmizin turizm imkanları barədə müxtəlif bannerlər və nəşrlər vasitəsilə geniş məlumat verilmişdir. Həmçinin stenddə quraşdırılmış monitorda Azərbaycanın müxtəlif gözəl guşələrini, əsrarəngiz təbiətini, nadir tarixi və memarlıq abidələrini əks etdirən videoçarxlar nümayiş etdirilmişdir. İştirakçılara Los-Ancelesdə fəaliyyət göstərən “Wonders of Azerbaijan” turizm şirkəti “İpək Yolu üzərində Azərbaycan”, “Aleksandr Dümanın izi ilə qida və şərab turu”, “Mədəni müxtəliflik turu” və “Eko-tur” kimi turizm paketleri təqdim etmişdir.


Stenddə qoyulmuş, Qarabağın əzəli Azərbaycan torpağı olduğunu göstərən “Qarabağ – Azərbaycanın zinət tacı” (Karabakh – Crown Jewel of Azerbaijan) başlıqlı banner ziyarətçilərin xüsusilə diqqətini cəlb etmişdir. Bannerdə Qarabağın füsunkar təbiət rəsmləri ilə yanaşı, Qarabağ atı, xalçası, Şuşa Qalası, Gövhərağa Məscidi, Gəncəsər Alban Monastrı kimi qədim memarlıq abidələrini, eləcə də Qarabağ muğam məktəbini göstərən rəsmlər əks olunmuşdur. Həmçinin baş konsulluq tərəfindən, yuxarıda sadalananlar da daxil olmaqla, Qarabağa dair müvafiq kitabça hazırlanmış və sərgi iştirakçılarına paylanmışdır. Kitabçada Qarabağ barədə məlumat verilməklə yanaşı, eyni zamanda, Azərbaycanın bu ərazisinin Ermənistan tərəfindən işğal edildiyi qeyd olunur və işğal olunmuş ərazilərə səfərlərin qanunsuz xarakter daşıdığı vurğulanır. Azərbaycan stendi sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.

Azertac

 

Şahdağ Qış-Yay Turizm Kompleksindəki şərait və qiymətlər turistləri tamamilə razı salır
2013.01.30

Şahdağ Qış-Yay Turizm Kompleksi qapılarını qonaqların üzünə açdığı elə ilk günlərdən turistlərin böyük marağına səbəb olmuşdur.
AzərTAc xəbər verir ki, adi günlərdə də xeyli qonaq qəbul edən kompleksə istirahət və bayram günlərində mindən artıq yerli və əcnəbi turist gəlmişdir.
Turizm kompleksi yeni istifadəyə verildiyindən buraya gələnlərin əksəriyyətinin məlumatlandırılmasına ehtiyac yaranır. Bu problemi həll etmək üçün girişdə informasiya məntəqəsi yaradılmışdır. Məntəqədə turistlərə hava şəraiti ilə əlaqədar hansı liftlərin açıq, hansılarının bağlı olması, xizək yollarında qarın vəziyyəti barədə və digər informasiyalar verilir.

Turist 33 manat ödəməklə xizək dəstini (xizək, dəyənəklər, ayaqqabı, geyim, dəbilqə) 1 günlük kirayələyə bilər. Lakin turistin özünün uyğun geyimi varsa xizək, dəyənəklər, ayaqqabı və dəbilqənin bir günlük kirayəsi üçün 14 manat ödəməlidir. Unutmaq olmaz ki, avadanlığı kirayələmək üçün şəxsiyyəti təsdiq edən hər hansı bir sənəd təqdim edilməlidir.

Qiymətlər istirahətin növündən və müddətindən asılı olaraq dəyişir. Cəmi iyirmi manat ödəmiş turist bir gün ərzində kompleksin xizək enişlərindən və kanatlardan istifadə etmək imkanı qazanır. Təcrübəsizlər üçün isə bu qiymət 10 manat nəzərdə tutulmuşdur. Turistlərin istirahət edəcəkləri günlərin sayı artdıqca xidmət daha ucuz başa gəlir. Məsələn, bir günlük istirahət 20 manat olduğu halda, bir həftə istirahət üçün cəmi 84 manat ödəmək lazımdır. Belə olan halda gündəlik xərc 12 manat təşkil edir.

© AzərTAc

Ötən il “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyindəki muzeyə gələn ziyarətçilərin sayı 187 mindən çox olmuşdur
2013.01.30

Turistlərin İçərişəhərə cəlb olunması və onlara beynəlxalq standartlara cavab verən xidmətlərin göstərilməsi məsələləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin diqqət mərkəzindədir.
İdarədən  bildirmişlər ki, görülmüş işlər nəticəsində ötən il İçərişəhərdə yerləşən muzeylərə gələn ziyarətçilərin sayı 187 min 229 nəfərə çatmışdır.
Bundan əlavə, ümumi sayı 2861 nəfərə çatan 232 xarici rəsmi nümayəndə heyəti qəbul edilərək onların ərazidəki tarixi-memarlıq abidələri və digər maddi irsimizin nümunələri ilə tanışlığı təmin olunmuşdur.

©  AzərTAc
Lahıc məktəbindəki muzey zənginliyi ilə turistlərin diqqətini cəlb edir
2013.01.30

İsmayıllı, 26 yanvar (AzərTAc). İsmayıllı rayonunun Lahıc qəsəbə tam orta məktəbində 1966-cı ildə yaradılmış tarix-diyarşünaslıq muzeyi öz zənginliyi ilə bu gün nəinki yerli, hətta xarici turistləri belə özünə cəlb edir.
Son üç ildə muzeyə gələnlərin sayı 10 min nəfərdən çox olmuşdur. Onların da demək olar ki, yarısı xarici turistlərdir. 
Hazırda burada 2500-dən çox eksponat vardır. Muzeydə Lahıcda mövcud olmuş və bu gün də hazırlanan 100-dən çox sənət növünə aid nümunələr, qazıntılar zamanı sakinlərin tapdıqları qədim və orta əsrlərə aid maddi-mədəniyyət nümunələri, sənədlər və s. toplanmışdır.
Muzeydə Heydər Əliyev guşəsi də diqqəti cəlb edir. Guşədə ümummilli liderimizin fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən tablolar, ulu öndərin kitabları, İsmayıllıya səfəri zamanı çəkilmiş fotoşəkillər nümayiş etdirilir.
Burada Lahıc məktəbinin fəaliyyətə başlamasının 1959-cu ildə respublika səviyyəsində keçirilmiş 70 və 1998-ci ildə baş tutmuş 110 illik yubileylərini əks etdirən guşələr də böyük maraq doğurur.
Muzeydə, həmçinin şagirdlərin əl işlərindən ibarət guşə də təşkil olunmuşdur.

©  AzərTAc
«Şahdağ» Qış-Yay Turizm Kompleksi turistlərin istifadəsinə verilib
2013.01.22
Azərbaycanın Qusar rayonunda yerləşən «Şahdağ» Qış-Yay Turizm Kompleksi turistlərin istifadəsinə verilib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, kompleksdə ticarət mərkəzləri, restoran, kafe, oyun zalı, atçılıq, xizəksürmə, kanat yolu və digər xidmətlər turistlərin ixtiyarına verilib. İlkin mərhələdə kompleksdə 80 turistin gecələməsi üçün şərait yaradılıb. Xizək zolaqlarından istifadə böyüklər üçün 1 günlük 20 manat, yarım günlük 10 manat, uşaqlar üçün 1 günlük 15 manat, yarım günlük 8 manatdır. Oteldə gecələmək isə 70-100 manat arasında dəyişir.

Qeyd edək ki, «Şahdağ» Qış-Yay Turizm Kompleksinin inşasına 2006-cı ildə başlanılıb. Kompleksin tikintisinə nəzarəti həyata keçirmək üçün Mədəniyyət və Turizm Nazirliyinin tərkibində müvafiq müdiriyyət yaradılıb. İnşaat işlərində dünyanın aparıcı şirkətləri iştirak edib. Kompleksin tikintisinə 2009-cu ilin sentyabrında başlanılıb. Kompleks rayon mərkəzindən 32 km məsafədə yerləşir, ümumi ərazisi 2 058 hektardır və ekoloji sistemi, təmiz flora və faunası ilə məşhur olan Şahdağ Milli Parkının ərazisində yerləşir. Kompleks dəniz səviyyəsindən 1 300-2 351 metr hündürlükdədir. Turizm kompleksinin əsas hissəsi isə dəniz səviyyəsindən 1 640 metr hündürlükdəki təbii yaylaqda yerləşir.

Turizm kompleksini xarici kommunikasiya ilə təmin etmək üçün bir sıra obyektlərin inşası nəzərdə tutulub. Bura 35 km-lik kanalizasiya sistemi, təmizləyici qurğusu olan içməli su kəməri, 29 km-lik fiber-lifli rabitə xətti, 31 km uzunluğunda 110 kV-luq elektrik xətti, 35,7 km-lik orta təzyiqli qaz kəməri daxildir. İkinci mərhələdə isə 10-14 nömrəli kanat yolları, qolf meydançası və restoranı olan klubun, 4-ulduzlu mehmanxana, heyət üçün bina, xırda mehmanxanalar, pansionat və idman qurğularının daxil olduğu «Şahdağ» Gənclər Mərkəzi, 900 nömrəlik relaks mehmanxana şəbəkəsi, at ferması, 200 nəfərlik diskoteka binasının tikintisi nəzərdə tutulub. Üçüncü və dördüncü mərhələdə yol, istirahət və əyləncə yerləri şəbəkələrinin genişləndirməsi planlaşdırılır.

Məlumat Apa.az veb saytından götürülmüşdür.

Copyright © POLAR EAST 2012 All Rights Reserved